“Qara Qarayevin hər bir əsərinin premyerası sənət bayramı idi...”
Qara Qarayevin anadan olmasının 105-ci ildönümü münasibətilə fevralın 5-də böyük bəstəkarın I Fəxri xiyabandakı məzarı ziyarət olundu, üzərinə tər çiçəklər düzüldü.
Mərasimdə mədəniyyət və incəsənət xadimləri, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivi və digər qonaqlar iştirak edirdilər.
Bəstəkarlar İttifaqının katibi Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova qeyd etdi ki, Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Qara Qarayev milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar kimi tanınıb. O, həmçinin böyük bir bəstəkarlıq məktəbi yaradıb. Həmin məktəbin yetirmələri bu gün Azərbaycan musiqisinin dünyaya tanıdılmasına öz töhfələrini verirlər.
Azərbaycan Milli Konservatoriyasının rektoru Xalq artisti, professor Siyavuş Kərimi görkəmli bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı müstəsna rolundan söz açdı. Bildirdi ki, Qara Qarayevin hər bir əsərinin premyerası Azərbaycan musiqi tarixində xüsusi hadisəyə, sənət bayramına çevrilirdi. Onun əsərləri keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib.
Bəstəkar, Əməkdar incəsənət xadimi, professor Elnarə Dadaşova böyük musiqiçi ilə bağlı xatirələrini bölüşdü. Söylədi ki, Qara Qarayev ömrünün sonunadək doğma Bakını ülvi bir məhəbbətlə sevib.
Xatırladaq ki, Qara Qarayevin Nizami Gəncəvinin eyniadlı poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında bəstələdiyi “İldırımlı yollarla” baletləri müəllifinə dünya şöhrəti qazandırıb. Bəstəkarın “Birinci simfoniya”sı Azərbaycanın ilk simfoniyaları arasında mühüm yer tutur. “Don Kixot” simfonik qravürləri, “Vyetnam süitası” əsərləri Qara Qarayev yaradıcılığının dəyərli səhifələridir. O, həmçinin Cövdət Hacıyevlə birlikdə “Vətən” operasının müəllifidir. 24 prelüd silsiləsi, skripka və fortepiano üçün sonata, romans və kantatalar yazan Qara Qarayev “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “Bir məhəllədən iki nəfər”, “İnsan məskən salır”, “Nizami” və s. filmlərə, teatr tamaşalarına ölməz musiqilər bəstələyib.
N.Məmmədli