2023-cü ildə Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyidir. Yubiley ilinin teatrlarımız üçün necə keçəcəyi maraqlıdır. İstər səhnədə olanlar, istərsə də onlara baxmağa gələnlər üçün ən böyük hədiyyə, sözsüz ki, yeni, baxımlı, peşəkar səviyyəli tamaşalardır. Bir də müasir tamaşaçını teatra bağlayacaq mövzu rəngarəngliyi və sənət cəsarəti. Cəsarəti elə-belə qeyd etmədim. Çünki tamaşaçının canlı sənət olan teatrdan tək istəyi özünüifadə azadlığında bayağılıqdan qaçmaqla teatr sənətinin əsl məramına xidmətdir. Bu mənada teatrların qarşısındakı ən vacib suallardan biri repertuarı necə formalaşdırmaqdır.
Bu mənada paytaxtdan kənardakı teatrlar daha şanslıdır. Çünki onlar yerlərdə əhalinin əsas mədəni istirahət məkanı olduqlarından istənilən zövq və nəsil tamaşaçıya xitab edə bilərlər. Təbii ki, yaxşı sənət məhsulu ortaya qoya bilsələr. Dolayısı ilə öz tamaşaçılarını tanısalar...
Bu açıq sual-mülahizələri bir yana qoyub yerlərdəki teatrların 2023-cü il üçün repertuar plan-proqramlarına nəzər salaq. Düşünürəm ki, onların tamaşa və müəllif sıralamalarından özünüz üçün da aydın mətləb hasil edəcəksiniz.
***
Başlayaq uzun illərdən sonra media olaraq əməkdaşlığımızı bərpa etdiyimiz Naxçıvan Dövlət Dram Teatrından. Bu il özünün 140 yaşını qeyd edən qocaman sənət ocağında A.Babayevin “Xilaskar” (quruluşçu rejissor Xalq artisti Kamran Quliyev), M.F.Axundzadənin “Lənkəran xanının vəzirinin sərgüzəşti” (quruluşçu rejissor Həcərxanım Məmmədova) tamaşalarının stolarxası məşqləri gedir. Tamaşalar may ayında oynanılacaq. Həmçinin türkiyəli dramaturq Ü.Görgülünün “Cibimizdəki dəlilik” (quruluşçu rejissor Səməd Canbaxşiyev) tamaşasının da məşqləri gedir və nümunənin mart ayında təhvil verilməsi planlaşdırılır.
İl ərzində sənət ocağında Elçinin “Şekspir”, J.B.Molyerin “Skapenin kələkləri” tamaşalarının da hazırlanması nəzərdə tutulub.
Naxçıvan Dövlət Kukla Teatrında isə B.İsgəndərlinin “Yalanlara inanmayaq”, V.Haqverdiyevin “Qarınqulu ayı balası”, “Sehrli planşet”, C.Məmmədquluzadənin “Çay dəsgahı” əsərləri əsasında tamaşalar hazırlanacaq.
***
Bu il Lənkəran Dövlət Dram Teatrında da repertuar planına uyğun olaraq dörd yeni tamaşa hazırlanacaq. Onlardan birinin məşq prosesi gedir. Teatrın baş rejissoru Anar Babalı yazıçı K.Məmmədovanın narkomaniyanın fəsadlarından bəhs edən “Yaşayan ölü” pyesinin məşqlərinə başlayıb. Yeni səhnə əsərini mart ayında tamaşaçıların mühakiməsinə vermək nəzərdə tutulub. Cari ildə teatrın səhnəsində həmçinin İ.İmanın “Big in Japan”, V.Şekspirin “Kral Lir”, J.P.Sartrın “Bağlı qapı arxasında” pyesləri, həmçinin plandankənar bir neçə uşaq əsəri tamaşaya qoyulacaq.
***
Ağdam Dövlət Dram Teatrı da hər yaşdan olan tamaşaçılarını nəzərə almaqla plan tərtib edib. Azərbaycan xalq nağılı əsasında uşaqlar üçün hazırlanacaq “Göyçək Fatma” (rejissor E.Hümbətov) bu qəbildəndir. Türkiyəli dramaturq T.Cücenoğlunun “Matruşka” (rejissor K.Həsənov), Ə.Əmirlinin “Hasarın o üzü” (rejissor S.Əhmədov) və T.Məmmədin “Tor” (rejissor K.Həsənov) əsərləri də teatrın səhnəsinə “çıxacaq”. Hazırda teatrda plandankənar olaraq iki tamaşanın – K.Yusifoğlunun “Ölüm qatarı” və H.Cavidin “İblisin intiqamı”nın məşqləri gedir və nümunələr may ayınadək izləyicisi ilə görüşəcək.
***
Qazax Dövlət Dram Teatrı da bu ili tamaşaçıları üçün fərqli repertuar seçməyə çalışıb. Daha çox vətənpərvərlik mövzulu nümunələrə üstünlük verən sənət ocağında S.Mrojekin “Mühacirlər”, A.Murovdağlının “Türkün alın yazısı” (Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunur), A.İdrisoğlunun “İnan mənə” və İ.Fəhminin “Son reportaj” kimi bədii nümunələri özlərinin yeni səhnə yozumlarını tapacaq.
***
Gəncə Dövlət Dram Teatrında illik repertuar planı təsdiqlənmə mərhələsindədir.
Gəncə Dövlət Kukla Teatrı da bölgədəki azyaşlılar üçün maraqlı repertuar tərtib etməyə çalışıb. İl ərzində K.Çukovskinin “Milçək vizilçək”, A.Əlizadənin “Bostanda əhvalat”, Ş.Perronun “Qırmızıpapaq” tamaşaları hazırlanacaq. “Bostanda əhvalat” tamaşasının məşqlərinə artıq başlanılıb. Tamaşaya teatrın baş rejissoru Şamil Məmmədli quruluş verir.
***
Mingəçevir Dövlət Dram Teatrının 2023-cü il repertuar planı da dolğundur. “Göyçək Fatma” nağılı bu teatrda da səhnəyə qoyulur. Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə A.Soltanın “Ata” əsərinə quruluş veriləcək. A.Həsənoğlunun “Ceyhunun zaman maşını” və M.F.Axundzadənin “Hacı Qara” əsərləri əsasında eyniadlı tamaşalar da builki plana daxildir.
Plandankənar tamaşalar olaraq Ə.Əmirlinin “Varlı qadın”, İ.Soltanın “Keçəlin kələyi”, türk xalq nağılı əsasında “Üç ayı balası”, Azərbaycan xalq nağılı əsasında “Cırtdan” kukla tamaşası və E.Məhərrəmlinin “Yaddaş, təqvim və kukla” kimi səhnə nümunələri üzərində də ilkin məşqlər gedir. Aktyorların fərdi yaradıcılıq potensialını üzə çıxarmaq məqsədilə teatrdaxili monotamaşa (fərdi performans) festivalı da təşkil ediləcək.
***
Salyan Dövlət Kukla Teatrında isə A.Babayevin “Kəloğlanın sərgüzəştləri”, İ.Coşqunun “Tülkü həccə gedir”, L.Ustinovun “Xilaskar qurbağa” və Ə.Hüseynovun “Xoşbəxtlik quşu” əsərlərinə quruluş veriləcək. Mövzu rəngarəngliyinə çalışan salyanlı kuklaçılar tamaşaçıların say və yaş fərqini daha da artırmaq üçün tədbir-tamaşa təşəbbüslərini də irəli sürür.
***
Qax Dövlət Kukla Teatrında da paralel məşqlər davam edir. Hazırda O.Abdullayevin “Sehrli torba” (rejissor Rahib Məmmədov) və “Tülkü və quyruq” (rejissor Yusif Abdurahmanov) pyesləri üzərində məşqlər gedir. İl ərzində bu səhnədə artıq dünya klassikasına çevrilmiş A.Lindqrenin “Uzuncorab Pippi” (rejissor Rahib Məmmədov) və yerli müəllif Ə.Əhmədovanın “Necə boz ayı, aldı ev payı” (rejissor Yusif Abdurahmanov) əsərləri də səhnələşdiriləcək.
***
Şəki Dövlət Dram Teatrında il ərzində səhnə həlli veriləcək tamaşaların bir neçəsinin məşqinə başlanılıb. Türkiyəli yazar T.Orbayın (tərcümə Dilsuz Mustafayev) “21:15 qatarı” pyesi əsasında eyniadlı tamaşaya rejissor Elvin Nuri quruluş verir. Nümunə Azərbaycan Teatr Xadimləri İttifaqının 3-5 mart tarixlərində keçirəcəyi “Türk tamaşaları festivalı”nda nümayiş olunacaq. Həmçinin braziliyalı müəllif G.Fiqeyredonun “Ezop” pyesinin məşqlərinə (rejissor Mirbala Səlimli) başlanılıb.
M.F.Axundzadənin “Hekayəti-xırs-quldurbasan” əsərinin yeni quruluşda (rejissor Orxan Həmidli) tamaşası isə Azərbaycan peşəkar teatrın yaranmasının 150 illik yubileyinə həsr olunacaq. Həmçinin B.Brextin “Kuraj ana və uşaqları” pyesi də teatrda yeni səhnə həyatını (rejissor Mirbala Səlimli) yaşayacaq.
***
Qusar Dövlət Ləzgi Dram Teatrının da 2023-cü il üçün fəaliyyət planı çoxşaxəlidir. Rayondaxili sosial-mədəni aksiyalar, bayram günlərində ümumrayon şənlikləri ilə yanaşı repertuar üzrə də fərqli plan tərtibinə çalışılıb. M.F.Axundzadənin “Hekayəti-Molla İbrahimxəlil kimyagər” (rejissor Əliyar Əliyev) və yerli müəllif İ.Şamxalovun “Pərixanım” adlı məişət mövzulu əsəri (rejissor Bağır Əhmədov) səhnəyə qoyulacaq. İ.Əfəndiyevin “Qarabağnamə”si (rejissor Əliyar Əliyev) də mövsümün sonunadək təqdim olunacaq. Qusarlı teatr təmsilçiləri son zamanlar əsərləri bir neçə bölgə teatrında qoyulan X.Əliyevin yaradıcılığına da müraciət edərək onun “Qonşular” (rejissor Bağır Əhmədov) pyesini hazırlayacaq.
***
Təxmini plan təqdimatlarından da gördüyünüz kimi, teatrların xüsusən konkret mövzular ilə bağlı müəllif və əsər eyniyyəti, belə demək mümkünsə, ədəbi material korluğu diqqəti cəlb edir. Lakin əldə olan əsərlərdən də baxımlı tamaşalar hazırlamaq mümkündür. Buna nə dərəcədə nail olacaqlar, yaşayıb görərik...
Həmidə Nizamiqızı