17 bənd üzrə tədbirlər mart ayından dekabr ayınadək davam edəcək

 

Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması ilə bağlı Tədbirlər Planı təsdiq edilib.

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı fevralın 7-də Baş nazir Əli Əsədov tərəfindən imzalanıb.

Sərəncamla planda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi müəyyən edilib. Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilib.

Xatırladaq ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.

Prezident İlham Əliyev 2022-ci il dekabrın 6-da “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncamda vurğulanır ki, memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün Türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcək.

Sərəncamda Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirmək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.

Qeyd edək ki, 2022-ci ilin 9 dekabrında Bursa şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi bağlanış mərasimi keçirilib. Mərasimdə “mədəniyyət paytaxtı”nın simvolu Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaş tərəfindən Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova təqdim edilib.

Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı 17 bənddən ibarətdir. Tədbirlərin 2023-cü ilin mart ayından dekabr ayınadək davam etməsi nəzərdə tutulur.

Mədəniyyət Nazirliyi, həmçinin digər aidiyyəti qurumlar tərəfindən icra olunacaq tədbirlərlə yanaşı, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası ilə birgə layihələr də həyata keçiriləcək. Həmçinin il ərzində Şuşada TÜRKSOY-un bir sıra ənənəvi tədbirlərinin də keçirilməsi nəzərdə tutulub.

 

***

 

1. “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin rəsmi açılışı – 2023-cü il mart (icraçı orqanlar: Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda Xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi).

 

2. “Xarıbülbül” VI Beynəlxalq Folklor Festivalının keçirilməsi – 2023-cü il may (Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Prezidentin Şuşa rayonunda Xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi).

 

3. “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili ilə bağlı internet resurslarının və xatirə materiallarının hazırlanması: “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı 2023” ili ilə əlaqədar poçt markaları və xatirə nişanı; Şuşa şəhərinin elektron xəritəsi və mobil tətbiqi; “Türk dünyasının mədəniyyət paytaxtı – Şuşa” portalı – 2023-cü il ərzində (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi).

 

4. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun təşkili və bu çərçivədə: Beynəlxalq Türk Akademiyası ilə birgə Türk dünyasında ortaq mədəni irsin, tarix-memarlıq abidələrinin qorunması, bərpası və tanıdılmasına həsr olunmuş tədbir; TÜRKSOY-a üzv ölkələrin UNESCO Milli Komissiyalarının 9-cu Toplantısı; Türk dünyasının mədəni marşrutu layihəsinin təqdimatı; Türk dünyası mədəniyyət paytaxtlarının Şuşa şəbəkəsinin yaradılması və ilk görüşü; TÜRKSOY Muzeylər Birliyinin toplantısı – 2023-cü il may-iyun (Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Elm və Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Əqli Mülkiyyət Agentliyi, Prezidentin Şuşa rayonunda Xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi).

 

5. Türk dünyasının tanınmış şair və yazıçılarının iştirakı ilə ədəbi-bədii tədbirlər: Vaqif poeziya günləri çərçivəsində TÜRKSOY-a üzv ölkələrin şairlərinin görüşü; Mir Möhsün Nəvvab Qarabağinin 190 illiyinə həsr olunmuş sərgi və “Mir Möhsün Nəvvab Qarabağinin silah kolleksiyası” adlı kitab-kataloqun təqdimatı; “Məclisi-üns” ədəbi məclisinin təşkili – 2023-cü il iyul-sentyabr (Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Prezidentin Şuşa rayonunda Xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi).

 

6. TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası ilə birgə layihələrin keçirilməsi – 2023-cü il ərzində (Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Prezidentin Şuşa rayonunda Xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi).

 

7. Şuşada TÜRKSOY fotoqraflar və rəssamlar düşərgəsi – 2023-cü il ərzində (Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Prezidentin Şuşa rayonunda Xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi).

 

8. Şuşa şəhərində beynəlxalq uşaq yaradıcılıq festivalının keçirilməsi – 2023-cü il iyun (Elm və Təhsil Nazirliyi, Prezidentin Şuşa rayonunda Xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi).

 

9. “Wonderland Şuşa 2023” beynəlxalq skaut düşərgəsi – 2023-cü il ərzində (Gənclər və İdman Nazirliyi, Prezidentin Şuşa rayonunda Xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi).

 

10. “Şuşa yaradıcılıq emalatxanası” beynəlxalq gənclər düşərgəsi – 2023-cü il ərzində (Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Prezidentin Şuşa rayonunda Xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi).

 

11. Türk dünyası diaspor gənclərinin görüşünün təşkili – 2023-cü il sentyabr (Diasporla İş üzrə Dövlət Komitəsi, Prezidentin Şuşa rayonunda Xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi).

 

12. TÜRKSOY Media Mükafatının (2022-ci ilin yekunlarına dair) təqdimatı – 2023-cü il ərzində (Medianın İnkişafı Agentliyi, Mədəniyyət Nazirliyi, Prezidentin Şuşa rayonunda Xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi).

 

13. TÜRKSOY Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbəti iclasının keçirilməsi və mədəni tədbirlərin təşkili: “Four seasons of Shusha” layihəsi çərçivəsində ilin dörd fəslində xarici fotoqraflar tərəfindən Şuşada lentə alınmış fotolardan ibarət sərgi; Türk dünyası musiqiçilərindən ibarət yığma orkestrin konserti – 2023-cü il oktyabr (Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Prezidentin Şuşa rayonunda Xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi).

 

14. Türk dünyası xalqlarının adət və ənənələrini özündə əks etdirən tədbirlər: Türk dünyası xalqlarına məxsus qədim idman növlərinin nümayiş etdirilməsi; Türk dünyası xalqlarının kulinariya günlərinin keçirilməsi; Türk dünyası dövlətlərinin aktiv və mədəni turizm sahəsində səyahətçi, bloger və digər şəxslərin Şuşaya səfərlərinin təşkili – 2023-cü il ərzində (Gənclər və İdman Nazirliyi, Dövlət Turizm Agentliyi, Prezidentin Şuşa rayonunda Xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi).

 

15. “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində beynəlxalq konfrans, elmi seminar və digər tədbirlərin keçirilməsi: “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans; “Əhməd bəy Ağaoğlu və Türk dünyası” mövzusunda beynəlxalq konfrans; “Şuşa Türk dünyası tarixində” mövzusunda beynəlxalq konfrans; “Orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında Qarabağ və Şuşa” mövzusunda elmi seminar; “Xarıbülbül əfsanəsi” sənədli filminin təqdimatı – 2023-cü il ərzində (Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Prezidentin Şuşa rayonunda Xüsusi nümayəndəliyi).

 

16. “Qorqud Ata Türk Dünyası” Film Festivalının keçirilməsi – 2023-cü il oktyabr (Mədəniyyət Nazirliyi, Prezidentin Şuşa rayonunda Xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi).

 

17. “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin rəsmi bağlanışı – 2023-cü il noyabr-dekabr (Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Prezidentin Şuşa rayonunda Xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi).