Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

160 il əvvəl...

 

17 fevral 1863-cü ildə Cenevrədə Beynəlxalq Qırmızı Xaç Komitəsi təsis edilib. Hazırda dünyanın bütün “qaynar” nöqtələrində humanitar fəaliyyət göstərən təşkilatın təşəbbüskarı və ilk rəhbəri isveçrəli iş adamı, ictimai xadim Anri Dünan (Jean Henri Dunant) olub.

 

107 il əvvəl...

 

16 fevral 1916-cı ildə I Dünya müharibəsi gedişində Qafqaz cəbhəsində hücumu davam etdirən Rusiya qoşunları Türkiyənin Ərzurum bölgəsini işğal ediblər. Rusiya bunadək Türkiyənin 1877-1878-ci illər müharibəsində itirdiyi Qars və Ərdəhan bölgələrinə də nəzarət edirdi. Ərzurumun işğalı ilə bölgədəki erməni qüvvələrinin türk əhalisinə qarşı hücumları da genişlənib. Türkiyə 1918-ci ildə hər üç bölgəni Rusiyadan geri ala bildi.

 

90 il əvvəl...

 

16 fevral 1933-cü ildə Almaniyanın gələcək təcavüzü qarşısında bir araya gələn Çexoslovakiya, Rumıniya və Yuqoslaviya “Kiçik Antanta” adlı ittifaq yaradıblar. Lakin bu ittifaq onları 1939-cu ildə faşist Almaniyasının işğalından xilas edə bilmədi.

 

44 il əvvəl...

 

17 fevral 1979-cu ildə Çin qoşunları Vyetnam ərazisinə daxil olaraq ölkənin bir hissəsini işğal edib. Beynəlxalq ictimaiyyətin kəskin etirazını doğuran işğal martın 5-dək davam etdi.

 

34 il əvvəl...

 

15 fevral 1989-cu ildə Əfqanıstandakı 50 min nəfərlik SSRİ hərbi kontingentinin çıxarılması başa çatıb. Sovet qoşunları Əfqanıstana bu ölkənin kommunist təmayüllü rəhbərliyinin “müraciət”i ilə 1979-cu ildə yeridilmişdi. Bu müddətdə “beynəlmiləl borcunu yerinə yetirən” 15 mindən çox hərbi qulluqçu həlak olmuş, 53 min nəfər yaralanmışdı. 1988-ci ilin 14 aprelində imzalanan “Əfqanıstan Demokratik Respublikasında vəziyyətin siyasi nizamlanmasına dair” Cenevrə razılaşmalarına uyğun olaraq, həmin ilin 15 mayında sovet qoşunlarının ölkədən çıxarılması başlanmışdı.

 

31 il əvvəl...

 

16 fevral 1992-ci ildə Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO – Economic Cooperation Organization) üzv olub. Təşkilatın Tehranda keçirilən toplantısında keçmiş SSRİ-nin daha beş müsəlman respublikası – Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Tacikistan da üzvlüyə qəbul edilib. ECO 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən təsis edilib. Hazırda Əfqanıstan da daxil olmaqla 10 ölkəni birləşdirir.

 

17 fevral 1992-ci ildə erməni silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocavənd (Martuni) rayonunda azərbaycanlıların yaşadığı Qaradağlı kəndini işğal ediblər. Bunadək kənd dəfələrlə ermənilərin hücumlarına məruz qalmışdı. İşğal zamanı kənddə olan 118 nəfər əsir götürülmüş, onların 68 nəfəri daha sonra öldürülmüşdü.

 

Hazırladı: V.Orxan