Çağımızın texnoloji yenilikləri, ələlxüsus da insanlığı əsirinə çevirən sosial şəbəkələr könüllü manqurtlar yaratmaqdadır. Daha nə dəvə dərisinə, nə başın qırxılmasına, nə də gün altında dözülməz ağrılara tərk edilməyimizə ehtiyac yoxdur...
Ötən həftə Dövlət Pantomima Teatrının 14 nəfər aktyoru səhnədə 50 dəqiqə ərzində kəlmə kəsmədən dönə-dönə “Manqurtsan, hamınız manqurtsuz, indi də bir-birinizə təkrar edin: manqurtlar!” – dedi və gülə-oynaya çıxıb getdilər...
Teatrın ələnib yenidən özünə qayıdan oyunçularını yenə öz ətrafına yığan Xalq artisti Bəxtiyar Xanızadənin yetirmələri illər əvvəl ayrı bir rənglə o zamanın mübhəm görünən mətləblərini bu günün apaydın aynasında bizə yenidən göstərdilər.
Qırğız yazıçısı Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanının motivlərinə bir daha müraciət edən köhnə-yeni mimçilər “Manqurt”a daha parlaq həyat verdilər. Psixo-plastik düşüncəsini bizimlə bölüşənlər Ceyhun Dadaşov (rejissor həm də juanjuanların ümumiləşmiş obrazında çıxış edirdi), Əməkdar artistlər Nargilə Qəribova, Səbinə Hacıyeva, mimçilər Əli Əlizadə, Elnur İsmayılov, Elnur Rzayev, Nurlan Rüstəmov, Elxan Şahalıyev, Cavad Nuriyev, Nuridə Musabəyli, Səbirə Həsənova, Solmaz Bədəlova, Zəhra Hüseynova və Oqtay Kazımov idilər.
Səhnə işinin ideya müəllifi Xalq artisti Bəxtiyar Xanızadə, rejissoru və musiqi tərtibatçısı Ceyhun Dadaşov, rəssamı Nargilə Qəribovadır.
Adi hisslərin, qohumluq əlaqələrindən çox insani münasibətlərin bəşər övladını birləşdirən əsas dəyər olduğuna diqqəti yönəldən əsər, sözsüz ki, məhz manqurtlarla bağlı əhvalatından dolayı bundan əvvəlki və yəqin həm də sonrakı rejissorların diqqətini çəkib və çəkəcək. Amansız mətləbi “Manqurt” adı ilə mimlərin dilində izaha çalışan tamaşa izləyicisini psixoloji gərginlikdə saxladı desəm, yanlış olmaz.
İlk olaraq yaranış, parçalanma, kölə təfəkkürü, asan idarəetmə və ölümü könül xoşluğu ilə qəbul kimi ağır mətləblər sadalandı. Sonra üstünə bir fincan qəhvə içilib havadan, sudan danışıldıqdan sonra mimçilər həyat və onun ətrafındakı mənasız prinsiplər, çox sonralar sabun köpüyü kimi görünəcək dəyərlər üzərində oyun “çıxardılar”.
Əsas qayə də bir idi: insandan asan idarə olunan canlı yoxdur və ən sadiq kölə məhz canlıların ən şüurlusu olan insandır.
Bundan dəhşətli həqarət ola bilərmi? Var. Özünü inkar etmək və bu sapmada yalançı bəxtiyarlıq da məhz insan oğlunun hələ manqurtlaşmadan öncəki təyinidir. Dözüb həzm edə biləcəksənsə, bir də manqurtlaşmış halına bax.
– Doğrudan a, yaxşı yadıma düşdü, səni kim manqurtlaşdırdı?
– Əlbəttə ki, sən.
– Yaxşı, bəs məni?
– Ha-ha, yəqin ki, bunu da mən elədim.
– Nə yaxşı, onda gəl oynayaq.
Çərpələngini üfürə-üfürə bir-birinin arxasınca qaçan, qaranlıqlarda kor at kimi çapan, qarabatdaq kimi palçığa batan, özündən sapıb gah göyün yeddinci qatından, gah da torpağın ən dərin təkindən özünə çırpılan, üz-gözünə qətrə-qətrə səpələnən də yenə o (oxu insan) özüdür.
Atymatovun məşhur romanındakı manqurtla bağlı hissəsindəki məhz bu fəryadı – “Torpağı almaq olar, mal-dövləti almaq olar, lap adamın həyatını da almaq olar, ancaq adamın hafizəsinə kim qəsd edə bilər, bunu kim fikirləşib tapıb” kimi dözülməz sualı səssiz-səmirsiz (keçidlərdəki kollektiv şəkildə, ya da tək-tək deyilən nidaları, qısa replikaları çıxmaq şərtilə) dönə-dönə, tam fərqli tematik hərəkət-planlarda təqdim edənlər tamaşaçıya əsərin ideyasını qəbul etdirə bildilər.
İlk aktlardan nəzərə çarpan əsas cəhət mütəşəkkil və baxımlı kollektiv iş idi. Əsərin də ideyası bunu şərtləndirdiyindən bütün tarazlığa hesablanmış gedişlərin başlıca mahiyyəti bu idi.
Tamaşada ən təsirli səhnə isə, sözsüz ki, kütləvi rəqsdən sonra zorakı dağınıqlıq və əsirlərin bir-birinin başlarına zif (başı sıxmaq üçün dərindən hazırlanmış işgəncə aləti) keçirmələri idi. Məhz bu zaman işgəncənin ağırlığı və onun aktyorlarda ifadəsi üçün unikal formanın tapıntısı özünün simmetrik keçidini yaşadı. Ən maraqlısı isə səhnədə aktyor (ifaçı) ilə tamaşaçı arasında heç bir maneə, imtina səddi qalmamışdı. Hamı asanlıqla nəyə çevrildiyini qəbul etmişdi...
Həmidə Nizamiqızı