Azərbaycan peşəkar milli teatrının təşəkkül tapmasının 150 illiyini istər paytaxtdakı, istərsə də paytaxtdan kənardakı teatrlar yaddaqalan etməyə çalışırlar. Gəncə Dövlət Dram Teatrı da yubiley ilini maraqlı repertuarla keçirmək niyyətindədir.
Ötən il daha çox eksperiment tamaşalara üstünlük verən sənət ocağında bu il üçün nəzərdə tutulmuş repertuar planına əsasən, şair, yazıçı-dramaturq Hidayətin “Burdan min atlı keçdi” (rejissor Əməkdar incəsənət xadimi Əskər Əskərov) əsəri dövlət sifarişi yolu ilə hazırlanacaq.
Sabit Rəhmanın “Yalan”ı (rejissor Əməkdar incəsənət xadimi Bəhram Osmanov), Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu”su (rejissor Elşad Əhmədov) bu il teatrda səhnə həyatı görəcək. Türk yazıçısı Əziz Nesinin “Toros canavarı”nın da səhnəyə qoyulması planlaşdırılır.
Hazırda teatrda paralel olaraq iki yeni səhnə işinin – Avksenti Saqarelinin “Xanuma” (quruluşçu rejissor Mikayıl Mikayılov) və yerli müəllif Aydın Murovdağlının “Əbədiyyət marşalı” (Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə hazırlanan tamaşanın quruluşçu rejissoru Yusif Cəfərovdur) əsərlərinin məşqləri gedir.