Türkiyədə böyük dağıntılara və tələfata səbəb olan 6 fevral zəlzələlərindən sonra ümumilikdə 100-ə yaxın ölkə yardım təklifi edib. Bu sırada Azərbaycan öndə olmaqla qardaş türk dövlətləri də xüsusi fəallıq göstərir. Türk dövlətləri humanitar yardım göndərməklə yanaşı, həm də axtarış-xilasetmə qruplarını da qardaş ölkəyə səfərbər etdilər.
Azərbaycan qardaş ölkəyə ən çox axtarış-xilasetmə heyəti göndərən ölkədir. Hazırda zəlzələ bölgəsində 899 nəfərlik heyət çalışır.
Fəlakətdən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən humanitar yardımın göndərilməsi davam edir. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyi” adlı platforma yaradıb. Yardım kampaniyasına bir çox bölgələrimiz də qoşulub.
Müxtəlif könüllü təşkilatlarının üzvlərindən ibarət 100 gənc də artıq qardaş ölkədədir. Onlar zəlzələdən zərər çəkmiş vətəndaşlara yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində iştirak edirlər.
Özbəkistan 100 nəfərdən ibarət axtarış-xilasetmə qrupu, xüsusi maşın və avadanlıqlar, həmçinin humanitar yardım materialları daşıyan 2 təyyarə ilə zəlzələ bölgəsindəki fəsadların aradan qaldırılması işinə dəstəyini verib. Axtarış-xilasetmə heyəti bu günə qədər 16 nəfəri dağıntılar altından xilas edib.
Zəlzələnin ilk günlərindən Qazaxıstan da Türkiyəyə dəstəyini nümayiş etdirib. Prezident Kasım-Jomart Tokayev Türkiyədə zəlzələdən sonra dəyən ziyanın aradan qaldırılması üçün 1 milyon dollar dəyərində təcili yardımın ayrılması barədə göstəriş verib. Qazaxıstan zəlzələ bölgəsinə 41 və 56 nəfərdən ibarət iki axtarış-xilasetmə qrupu göndərib.
Qırğızıstan hökuməti də Türkiyədə baş verən zəlzələlərə görə ilk gündən yardım kampaniyasına başlayıb. Hökumətin göstərişi ilə axtarış-xilasetmə işçiləri, səhiyyə işçiləri və psixoloqlardan ibarət 63 nəfərlik qrup Türkiyəyə yollanıb. Həmçinin ölkə üzrə zəlzələdən zərər çəkənlərə yardım kampaniyası da başlayıb.
Kahramanmaraş şəhərində zəlzələdən zərərçəkənlərin müvəqqəti yerləşdirilməsi üçün Qırğızıstandan gətirilən alaçıqlar qurulub. Çadırların qurulmasında diaspor təmsilçiləri, Qırğızıstandan olan tələbələr, eləcə də Türkiyənin Van əyalətində yaşayan etnik qırğızlar iştirak ediblər. İssık-Kul vilayətinin sakinləri də türk xalqına yardım aksiyasına qoşulublar. Vilayətin bələdiyyə və dövlət müəssisələrinin əməkdaşları birgünlük əməkhaqlarını ianə ediblər.
Türkmənistan 10 nəfərlik həkim və tibbi ləvazimatlardan ibarət axtarış-xilasetmə qrupu və zəlzələlərdən zərər çəkmiş bölgələrə humanitar yardım aparan təyyarəni Türkiyəyə göndərib.
Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü olan Macarıstan hökuməti və xalqı da zəlzələdən dərhal sonra axtarış-xilasetmə qrupları və humanitar yardımla Türkiyəyə dəstəyini nümayiş etdirib. Bu günə qədər ümumilikdə 156 macar mütəxəssis və 28 axtarış iti zəlzələ bölgəsində axtarış-xilasetmə işlərində iştirak edib.
Şimali Kipr Türk Respublikası zəlzələnin ilk günündən 30 nəfərlik axtarış-xilasetmə qrupunu Türkiyəyə göndərib. Hazırda bölgədə 100 nəfərlik heyət fəaliyyətdədir.