Azərbaycan

 

18 fevral 1201 – Böyük riyaziyyatçı, astronom və filosof Nəsirəddin Məhəmməd ibn Həsən Tusi (1201 – 23.6.1274) Həmədan şəhərində anadan olub. Tusinin yaratdığı Marağa rəsədxanası uzun illər Şərqin mötəbər elm mərkəzlərindən olub. “Əxlaqi-nasir” etik traktatı, fəlsəfəyə dair əsərlərin müəllifidir. 

18 fevral 1924 – Əməkdar artist Osman İsmayıl oğlu Hacıbəyov (1924-1979) Şuşa şəhərində doğulub. Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olub. Üzeyir Hacıbəylinin əmisi nəvəsidir.

18 fevral 1925 – Publisist, tərcüməçi Hacı Əliheydər oğlu Hacıyev (1925-2008) anadan olub. Uzun illər Azərbaycan Jurnalistlər Birliyinə rəhbərlik edib.

18 fevral 1934 – Yazıçı-dramaturq, publisist Şamil Xurşud (Şamil Xurşud oğlu Fərzəliyеv; 1934-1986) Ucar rayonunda (əslən Ermənistanın Sisyan rayonunun Ağudi kəndindəndir) anadan olub. “Azərbaycan gəncləri” qəzetinin redaktoru, “Kirpi” jurnalının baş redaktoru işləyib. Əsərləri: “Ağaclar kəsilmədi”, “Naxırçı çörəyi”, “Yolayrıcında” və s.

18 fevral 1947 – Əməkdar rəssam Ənvər Vahid oğlu Qarayev (1947 – 29.1.2011) Şəkidə anadan olub. Dekorativ-tətbiqi sənət, xalça, batika, parça üzərində tikmə texnikasının mahir ustası idi.

18 fevral 2009 – Bakıda “İslam mədəniyyətinin paytaxtı – 2009” ilinin açılış mərasimi keçirilib. Bakı şəhəri İslam ölkələri elm, təhsil və mədəniyyət təşkilatı – İCESCO-nun 2007-ci ildə qəbul etdiyi qərara əsasən “İslam mədəniyyətinin paytaxtı” elan olunmuşdu.

18 fevral 2016 – Prezident İlham Əliyev Bakı şəhərində Birinci Türkoloji Qurultayın (1926) keçirilməsinin 90 illik yubileyi haqqında sərəncam imzalayıb.

18 fevral 2021 – Prezident İlham Əliyev Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

 

19 fevral 1897 – Xalq artisti Antonina Mixaylovna Filippova (1897-1976) anadan olub. Dövlət Rus Dram Teatrında (1935-1950) aktrisa kimi fəaliyyət göstərib.

19 fevral 1921 – Əməkdar artist, tarzən Məmmədağa Məmmədhəsən oğlu Muradov (1921–1969) Bakıda anadan olub. Azərbaycan Dövlət Filarmoniyası Xalq çalğı alətləri orkestrinin solisti, konsertmeysteri olub, musiqi məktəblərində dərs deyib.

19 fevral 1948 – Əməkdar rəssam, pedaqoq Fikrət Məmməd oğlu Həşimov (1948 – 8.2.2022) Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda doğulub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin direktoru olub.

19 fevral 1949 – Respublika hökuməti Üzeyir Hacıbəylinin Bakıda ev-muzeyinin yaradılması barədə qərar qəbul edib. Qərar Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə, 1975-ci ildə həyata keçdi.

19 fevral 1949 – Ədəbiyyatşünas, filologiya elmləri doktoru, mədəniyyət xadimi Adilxan Hüseynəli oğlu Bayramov (1949 – 14.4.2021) Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində doğulub. S.Vurğunun yaradıcılığı, Tiflis Azərbaycan teatrının və Azərbaycanda muzey işinin tarixi ilə bağlı tədqiqatların müəllifidir.

 

20 fevral 1900 – Xalq artisti, aktyor, rejissor Səməd Məmməd oğlu Mövləvi (1900 – 3.2.1962) anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.

20 fevral 1915 – Əməkdar artist Rüxsarə Əli qızı Ağayeva (1915 – 26.11.1994) Bakıda anadan olub. Naxçıvan, Qazax teatrlarında, Gənc Tamaşaçılar Teatrında çalışıb, filmlərdə çəkilib.

20 fevral 1925 – Əməkdar artist, vokalçı Kamal Həmid oğlu Kərimov (1925 – 13.1.1992) Bakıda doğulub. Musiqili Komediya, Opera və Balet teatrlarında çalışıb.

20 fevral 1928 – Tanınmış şair, dramaturq Əliağa Kürçaylı (Əliağa Həsənağa oğlu Vəliyev; 1928 – 11.2.1980) Salyan rayonunun Kürqaraqaşlı kəndində doğulub. Kitabları: “Yollarda axtar məni”, “Həyatın dolayları”, “Dünya ovcumdadır” və s. Rus poeziyasından tərcümələr edib.

20 fevral 1935 – Şərqşünas, professor Şulan İsmayıl oğlu Şirəliyev (1935-2013) anadan olub.

20 fevral 1938 – Dilçi alim, türkoloq Cəfər İsmayıl oğlu Cəfərov (1938-1996) anadan olub.

20 fevral 1957 – Ustad tarzən, Əməkdar artist Məmmədxan Məmmədrza oğlu Bakıxanov (1890-1957) vəfat edib. Uzun müddət Cabbar Qaryağdıoğlu və Seyid Şuşinski kimi məşhur xanəndələri müşayiət edib.

20 fevral 1960 – Əməkdar artist Adil Ağakərim oğlu Zeynalov (1960 – 12.3.2020) anadan olub. Lənkəran Dövlət Dram Teatrında aktyor və rejissor işləyib.

20 fevral 1980 – Bakıda Azərbaycanın böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin abidəsinin (heykəltəraşlar – Tokay Məmmədov və İbrahim Zeynalov) açılışı keçirilib. Mərasimdə respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev iştirak edib.

20 fevral 1984 – Böyük bəstəkar, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Məşədi Cəmil oğlu Əmirov (22.11.1922 – 1984) vəfat edib. Simfonik muğamlar, “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu”, “Sevil” operası və s. əsərlərin müəllifidir. Bəstəkarın “Min bir gecə” baleti dünya musiqi xəzinəsinə daxildir .

20 fevral 2014 – Xalq artisti, tanınmış teatr və kino aktrisası Firəngiz Abbas Mirzə qızı Şərifova (6.2.1924 – 2014) vəfat edib. Uzun illər Gənc Tamaşaçılar Teatrında çalışıb. “Qərib cinlər diyarında”, “Ən vacib müsahibə”, “Bayquş gələndə”, “Qətl günü” və s. filmlərdə çəkilib.

20 fevral 2015 – Prezident İlham Əliyev “Kitabi-Dədə Qorqud”un alman şərqşünas alimi Fridrix fon Dits tərəfindən alman dilinə tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılmasının 200 illiyi haqqında sərəncam imzalayıb.

20 fevral 2021 – Əməkdar rəssam Qüdrət Hacıbəy oğlu Məmmədov (12.12.1936 – 2021) vəfat edib. Şəki Dövlət Dram Teatrının baş rəssamı işləyib.

 

Dünya

 

18 fevral 1838 – Avstriya filosofu, pozitivizmin tanınmış nümayəndəsi Ernst Max (Ernst Mach; 1838-1916) anadan olub.

18 fevral 1932 – Çex əsilli Amerika kinorejissoru Miloş Forman (Milosh Forman – Jan Tomash Forman; 1932 – 13.4.2018) anadan olub. “Qu quşunun yuvası üzərində uçuş” filmi (1975) 5 nominasiyada, “Amadey” filmi (1984) 8 nominasiyada “Oskar” mükafatına layiq görülüb.

18 fevral 1934 – Rusiyanın Xalq artisti, sirk ustası Muxtarbek Kantemirov (1934-2017) anadan olub. “Azərbaycanfilm”də “Qorxma, mən səninləyəm!” filmində çəkilib.

 

19 fevral 1473 – Polyak astronomu, riyaziyyatçı, mütəfəkkir Nikolay Kopernik (1473 – 24.5.1543) anadan olub. Dünyanın heliosentrik sistemi (planetlərin Günəş ətrafında fırlanması) nəzəriyyəsinin banisi sayılır.

19 fevral 1743 – İtalyan bəstəkarı Luici Bokkerini (Luigi Boccherini; 1743-1805) anadan olub.

19 fevral 1821 – Alman dilçi alimi, linqvistikanın tanınmış simalarından biri Avqust Şleyxer (August Schleicher; 1821-1868) anadan olub.

 

20 fevral 1925 – Amerika rejissoru, ssenarist Robert Altman (1925-2006) anadan olub. Avropanın üç əsas festivalının (Kann, Venesiya, Berlin) qalibi olan yeganə amerikalı rejissordur.

20 fevral 1967 – Amerika rok-musiqisi, “Nirvana” qrupunun rəhbəri Kurt Kobeyn (Kurt Donald Cobain; 1967-1994) anadan olub.

Hazırladı: V.Orxan