Ölkəmizin qərb bölgəsində yerləşən Tovuz rayonunun əlverişli iqlim şəraiti, əsrarəngiz təbiət mənzərələri, bulaqları bu bölgədə turizmin inkişafı üçün geniş imkanlar açır. Bu səbəbdən də son vaxtlar rayona xarici ölkələrdən turistləri cəlb etmək üçün məqsədyönlü tədbirlər həyata keçirilir.
   
   Kür çayı vadisini əhatə edən ərazilərdə quru-subtropik iqlimin, düzənlik hissədə və yüksəkliyi 1000-dən 2000 metrə qədər olan ərazilərdə mülayim-soyuq meşə iqliminin mövcudluğu rayonun flora və faunasının zənginliyindən xəbər verir. Rayonun dağlıq ərazilərində zəngin meşələrin, təbii bulaqların, əsrarəngiz gözəlliyi olan təbiət mənzərələrinin, tarixi abidələrin mövcudluğu turistlərin qəbulu üçün əlverişli şərait yaradır. Rayon mərkəzindən 12 km məsafədə, Kür çayının sağ sahilində yerləşən «Torpaqqala» qədim yaşayış məntəqəsi də turizm üçün maraqlı məkandır.
   
   «Göytəpə» yaşayış məskəni ölkəmizin qədim tarixindən xəbər verir
   
   Rayonun Qovlar qəsəbəsi və İbrahimhacılı kəndində xarici turistlər üçün maraq kəsb edəcək şərab dequstasiyası zalları və konyak klubu var. Zəyəm dağ çayında turistlərin balıq tutması, su idmanı və üzgüçülüklə məşğul olmaları, qəlyanaltı və nahar üçün müasir standartlara uyğun obyektlərin yaradılmasına başlanılıb.
   Aşağı Quşçu kəndi ərazisində Bakı-Qazax magistral yolunun bir kilometrliyində eramızdan əvvəl VI minilliyə aid edilən «Göytəpə» yaşayış məskəni turistlərdə ölkəmizin tarixi barədə təsəvvür yaradan ən dəyərli məkanlardan hesab olunur.
   Vahidli kəndində Axıncı çayı üzərində XIX əsr memarlıq abidəsinə aid edilən «Sultan körpüsü», həmin kənddə xüsusi coğrafi quruluşa malik «Qala düzü» adlanan ərazi, tikilməkdə olan su anbarı da maraqlı turizm obyektidir. Bundan əlavə, Tovuz şəhərində 1923-cü ildə alman icması tərəfindən tikilib istifadəyə verilmiş şərab zavodu artıq «Şərab yolu marşrutu» turizm layihəsinə daxil edilib. Tovuz şəhərinin ərazisində yeni inşa olunmuş karvansaray tipli «Qala», «Üç qala» kompleksi, «Olimpiya zirvəsi» İpək Yolu boyunca turizm marşrutu kimi dəyərləndirilir. Ümumiyyətlə isə rayonda 61 daşınmaz tarixi və mədəniyyət abidəsi qeydiyyatdadır.
   
   Dörd istiqamətdə turizm marşrutu
   
   Tovuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aydın Qasımovun sözlərinə görə, hazırda bölgədə 4 istiqamətdə turizm marşrutu müəyyənləşdirilib: «Rayonda 50-yə yaxın turizm obyekti fəaliyyət göstərir. Şəhərin girəcəyində - Tovuz çayının sol sahilində ümumilikdə 5 hektar sahəsi olan Tovuz Olimpiya İdman Kompleksi müasir tələblərə cavab verən idman və istirahət mərkəzidir. Komplekslə üzbəüz 10,2 ha sahədə Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı yaradılıb. Onu da qeyd edim ki, bu park öz ərazisinə görə respublikanın ən iri parklarından biridir. Tovuz Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Mərkəzi, Aşıq Sənəti Dövlət Muzeyi, Rəsm Qalereyası turistlərə yerli mədəni irsimizin elementlərini göstərmək məqsədilə eksponatlarla zəngindir».
   Şöbə müdiri bildirdi ki, ötən il rayona 40 min nəfərə yaxın turist gəlib ki, bunun da bir hissəsini əcnəbi qonaqlar təşkil edib: «Xarici turistləri istirahətdən daha çox rayon ərazisindəki qədim tarixi abidələr və yaşayış məskənləri maraqlandırır. Biz də onların bu abidələrə baş çəkməsini və tarixi faktlarla yaxından tanış olmalarını, məlumat almalarını təmin edirik».
   Qeyd edək ki, Azərbaycanın qərb bölgəsində turizmin inkişafı Mədəniyyət və Turizm Nazirliyinin prioritet istiqamətlərindən biridir. Son illər bölgədə bu məqsədlə bir sıra layihələr həyata keçirilib. 
   
   Fəxriyyə Abdullayeva