Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

145 il əvvəl...

19 fevral 1878-ci ildə Rusiya ilə Türkiyə (Osmanlı) arasında növbəti müharibə başa çatıb və tərəflər arasında ilkin sülh sənədi – San-Stefano müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Osmanlı dövləti Balkanlar üzərində faktiki nəzarəti itirib.

 

75 il əvvəl...

20 fevral 1948-ci ildə II Dünya müharibəsindən sonra Stalin tərəfindən sosialist düşərgəsinə daxil edilmiş Çexoslovakiyada ilk antikommunist çıxışları başlayıb. Hərəkatın qarşısı Moskvanın yerli kommunistlərə hərbi dəstəyi ilə alındı. 20 il sonra (1968) Çexoslovakiyada SSRİ-nin boyunduruğundan çıxmaq uğrunda yeni çıxışlar oldu və yenə sovet tankları Praqaya girdi.

 

71 il əvvəl...

18 fevral 1952-ci ildə Türkiyə ilə Yunanıstan NATO üzvlüyünə qəbul olunub. Kipr və Egey dənizi məsələlərində aralarında mübahisə olan iki dövlətin eyni vaxtda alyansa qəbulu NATO-nun prinsipial mövqeyi idi.

 

69 il əvvəl...

19 fevral 1954-cü ildə SSRİ rəhbəri Nikita Xruşşovun təşəbbüsü ilə Krım vilayəti Rusiyanın tərkibindən çıxarılaraq Ukrayna SSR-ə verilib. 27 min kvadrat kilometr ərazisi olan Krım vilayəti 1945-ci ildə təşkil olunmuşdu. Xruşşov Ukraynanın Rusiyaya birləşdirilməsinin (1654) 300 illiyi münasibətilə bu jesti etmişdi.

 

58 il əvvəl...

18 fevral 1965-ci ildə Böyük Britaniyanın Afrikadakı müstəmləkəsi olan Qambiya dövlət müstəqilliyini elan edib.

 

35 il əvvəl...

20 fevral 1988-ci ildə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin erməni deputatları qeyri-legitim (XDS-nin səlahiyyət mandatı 1988-ci ilin yanvarında bitmişdi) sessiya çağıraraq “Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi haqqında” qərar qəbul ediblər. Bu hadisə ilə Qarabağ münaqişəsi başlanmış oldu.

 

31 il əvvəl...

20 fevral 1992-ci ildə Azərbaycanla Almaniya arasında diplomatik münasibətlər qurulub. Almaniya ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 12-də tanıyıb.

 

14 il əvvəl...

18 fevral 2009-cu ildə Bakıda “İslam mədəniyyətinin paytaxtı – 2009” ilinin açılış mərasimi keçirilib. Bakı şəhəri İslam ölkələri elm, təhsil və mədəniyyət təşkilatı – İCESCO-nun 2007-ci ildə qəbul etdiyi qərarla “İslam mədəniyyətinin paytaxtı” elan olunmuşdu.

Hazırladı: V.Orxan