Minsk teatrı Paulo Koelyonun əsəri ilə Bakı səhnəsinə çıxacaq
Fevralın 19-da Heydər Əliyev Sarayında Belarus sənətçilərinin təqdimatında məşhur braziliyalı yazıçı Paulo Koelyonun eyniadlı bestselleri əsasında hazırlanmış “Veronika ölməyə qərar verir” tamaşası nümayiş olunacaq.
Tamaşanı Minsk şəhərində fəaliyyət göstərən “Nataliya Başevanın teatr emalatxanası” – Kamera Dram Teatrı təqdim edəcək.
“Veronika ölməyə qərar verir” tamaşası hər günü bir möcüzə kimi görməyə çağıran, ölüm qarşısında yaşamaq ehtirasından bəhs edən real bir hekayədir. İnsanlar nə qədər xoşbəxt ola bilirlərsə, bir o qədər də bədbəxt olurlar. Tamaşa nədən bəhs edir? Həyat, ölüm və sevgidən...
Qeyd edək ki, səhnə əsərinin bədii rəhbəri Nataliya Başeva, musiqi müəllifi Boris Qrebenşikovdur.
Nataliya Başeva 1996-cı ildə Belarus İncəsənət Akademiyasını bitirib. 2003-2010-cu illərdə Belarus Gənc Tamaşaçılar Teatrının baş rejissoru olub. Daha sonra özünün teatr emalatxanasının əsasında Kamera Dram Teatrını yaradıb.