Davud Nəsibin xatirəsi yad olundu

 

Tanınmış şair, yazıçı, publisist, tərcüməçi Davud Nəsibin (Davud Məcid oğlu Nəsibov; 1942-2003) 80 illik yubileyi münasibətilə fevralın 16-da Beynəlxalq Muğam Mərkəzində xatirə gecəsi keçirildi.

Azərbaycan Yazıçılar Birliyi, “Qazax” Xeyriyyə İctimai Birliyi və şairin ailəsinin birgə təşkilatçılığı ilə hazırlanan tədbirdə millət vəkilləri, ədəbiyyat, mədəniyyət, elm xadimləri və digər qonaqlar iştirak edirdilər.

Əvvəlcə qardaş Türkiyədə baş verən zəlzələdə həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra AYB Ağsaqqallar Şurasının sədri, Xalq şairi Nəriman Həsənzadə çıxış edərək Davud Nəsiblə 14 il bir yerdə çalışdığını diqqətə çatdırdı, xatirələrini bölüşdü. Dedi ki, Davud Nəsibin yaradıcılığını oxuduqca onun həm də sözün, ruhun, torpağın keşikçisi olduğunu görürük. 

Xatirə gecəsində aktyorların ifasında Davud Nəsibin “Cavanşir” tarixi romanı əsasında səhnəcik nümayiş olundu. Müğənni Arif Mehmandost və aşıq Şahin Süleymanov şairin şeirlərini ifa etdilər.

Şairin ailəsi adından çıxış edən oğlu Xəyyam Nəsibov tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirdi. Qonaqlara D.Nəsibin “Cavanşir” romanı və ikicildlik “Ata laylası” kitabı hədiyyə edildi.

Davud Nəsib 1942-ci il avqustun 25-də Qazax rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kitabxanaçılıq fakültəsində təhsil alıb. Həmçinin Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdində ikiillik ali ədəbiyyat kursunu bitirib.

Ədəbi fəaliyyətə 1956-cı ildə “Qalibiyyət bayrağı” (Qazax rayonu) qəzetində dərc edilən “Mənim doğma çayım – mənim Kür çayım” adlı şeiri ilə başlayıb. Sonra müxtəlif mətbuat orqanlarında əsərləri dərc olunub. O, SSRİ xalqlarının bir sıra şairlərinin, habelə macar şairi Mikloş Radnotinin şeirlərini Azərbaycan dilinə tərcümə edib. Onun Moskvada “Sovet yazıçıları” nəşriyyatı tərəfindən “Anama məktublar” (1974), “Ocaq daşları” (1981) şeirlər kitabları çap olunub.

1966-1969-cu illərdə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin İncəsənət redaksiyasında redaktor işləyib. “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında müxtəlif vəzifələrdə çalışıb. 2003-cü il martın 26-da vəfat edib.

Lalə Azəri