Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

410 il əvvəl...

21 fevral 1613-cü ildə rus boyarları çox götür-qoy etdikdən sonra Mixail Romanovu çar elan ediblər. Rüriklər sülaləsinin süqutundan (1605) sonra Rusiya çarlığında başlanan hərc-mərclik və dağılma prosesinin qarşısı alınıb. Romanovların hakimiyyəti üç əsr – 1917-ci ilədək davam etdi.

 

105 il əvvəl...

23 fevral 1918-ci ildə Tiflisdə Zaqafqaziya Seyminin ilk iclası keçirilib. Seymdəki üç əsas partiya – gürcü sosial-demokratlar (menşeviklər) 32, Azərbaycandan “Müsavat” partiyası 30, ermənilərin “Daşnaksütyun” partiyası 27 deputatla təmsil olunmuşdu. Seymdə gürcü və ermənilərin bir neçə kiçik partiyası, həmçinin azərbaycanlı (müsəlman) deputatların “İttihad”, “Hümmət”, müsəlman sosialistlər qrupları (cəmi 14 nəfər) yer almışdı. Azərbaycanlı deputat fraksiyasına (44 nəfər) Məhəmməd Əmin Rəsulzadə başçılıq edirdi.

 

79 il əvvəl...

23 fevral 1944-cü ildə Stalinin əmri ilə çeçen və inquşların Orta Asiyaya deportasiyası başlanıb. Rusiya Federasiyası tərkibində Çeçen-İnquş Muxtar Respublikası ləğv edilib. Sovet rəhbərliyi deportasiyanı çeçen və inquşların guya faşist Almaniyasına rəğbəti ilə əsaslandırmışdı. Ümumilikdə 500 minə yaxın insan köçürülmüşdü. 1956-cı ildə çeçen və inquşlara reabilitasiya verildi, bir il sonra RF tərkibində Çeçen-İnquş Muxtar Respublikası bərpa edildi. 1992-ci ildə iki ayrı muxtariyyətə bölündü.

 

35 il əvvəl...

22 fevral 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları zəminində başlanan Dağlıq Qarabağ münaqişəsində ilk toqquşma baş verib. Erməni millətçiləri Əsgəran qəsəbəsi yaxınlığında Ağdam rayonundan olan iki azərbaycanlı gənci qətlə yetiriblər. Həmin gün Bakıda ermənilərin Qarabağa iddialarına etiraz olaraq mitinq keçirilib.

 

31 il əvvəl...

21 fevral 1992-ci ildə Azərbaycan Fransa və Polşa ilə diplomatik əlaqələr qurub. Polşa Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 27-də, Fransa 1992-ci il yanvarın 3-də tanımışdı. Fransa Türkiyədən sonra Bakıda səfirlik açan ikinci ölkə oldu.

Hazırladı: V.Orxan