Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ümumtürk mədəniyyətinin dünyada təbliği istiqamətində daha bir nəşr layihəsini həyata keçirib. Fond tərəfindən manasşünas alim, tanınmış şair Adil Cəmilin “Manas eposu və türk dastançılıq ənənəsi” kitabı Azərbaycan və qırğız dillərində çap etdirilib.
Üç fəsildən ibarət kitabda ümumtürk ədəbi-tarixi varisliyi kontekstində manasçılar və manasşünaslar, eyni zamanda türk dastançılığı ilə “Manas”ın ortaq motivləri kimi aktual ədəbi məsələlər tədqiqata cəlb olunub. “Parlaq imzalar” nəşriyyatında işıq üzü görən kitab Azərbaycanda “Manas” eposunun tədqiqinə həsr edilmiş ilk monoqrafiyadır.
Layihənin ideya və ön söz müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadır. Ön sözdə ikidilli nəşrin ümumtürk mədəni dəyərlərinin yaşadılması, mənəvi sərvətlərin qorunması baxımından əhəmiyyəti vurğulanıb: “Türk xalqlarının dil və ədəbiyyatının özülü olan qədim dastanların müasir dövrdə elmi tədqiqi türklərin özünüdərk prosesinə təkan verir. Bu baxımdan, əminəm ki, günümüzün tələblərinə uyğun olan bu kitab oxucuların qədim milli dəyərlərimizi daha da yaxından kəşf etməsinə öz təsirini göstərəcəkdir”.
Qeyd edək ki, tədqiqat əsərinin Azərbaycan dilində elmi redaktoru professor Elməddin Əlibəyzadə, məsləhətçisi akademik Nizami Cəfərovdur. Qırğız dilindəki mətnin tərcüməçisi Mukan Asanaliev, elmi redaktor Abdıldacan Axmataliyevdir. Nəşrdə həmçinin Teodor Gertsenin müəllifi olduğu “Manas” dastanına həsr edilmiş illüstrasiyalar yer alıb.
Qeyd edək ki, Adil Cəmilin “Manas” eposu haqqında monoqrafiyası 2002-ci ildə Azərbaycan, 2012-ci ildə qırğız dilində ayrılıqda çap olunub.