Dağlıq ərazidə yerləşən Qəbələnin sıx meşələri, füsunkar təbiəti, sərin bulaqları, qədim tarixi abidələri, müasir turizm obyektləri turistlərin böyük marağına səbəb olur.
Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən xəbərə görə, son 8 il ərzində bölgədə müasir turizm obyektlərinin sayı 18-ə çatıb. Gün ərzində bu obyektlərdə ümumilikdə 2500-ə yaxın qonağa xidmət göstərilir. Turistlərə meşə gəzintisi, atla gəzinti, balıq ovu, göldə qayıqla gəzinti, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahət və s. xidmətlər təklif edilir.
Əvvəllər rayonda üçotaqlı kottecin birgünlük kirayə haqqı 120 manat idisə, bu il 80 manat təşkil edir. Builki restoran xidmətlərində də 15-20 faiz endirim var. Qiymətlərin aşağı düşməsinə səbəb isə rayonda turizm obyektlərinin çoxluğu və onların arasındakı rəqabətlə əlaqədardır. Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri tərəfindən ötən həftə rayonun hotel və istirahət mərkəzlərində monitorinq keçirilib.
Şöbədən verilən xəbərdə bildirilir ki, ötən il Qəbələyə 35 min 850 turist gəlib, bu ilin altı ayı ərzində rayona gələn qonaqların sayı 16 min 352 nəfər olub. Onlardan 1552 nəfəri xarici, 14 min 800-ü yerli turistlərdir. Son dörd ildə rayona gələn turistlərin sayı 2,5 dəfə artıb. Belə ki, 2008-ci ildə Qəbələyə 14 min 630, 2009-cu ildə 29 min 480, 2010-cu ildə 30 min 150, 2011-ci ildə 35 min 850 turist gəlib.
Fəxriyyə Abdullayeva