Cənnət Səlimova: “Səhnəni, kulisin qoxusunu, teatrın hər hücrəsini sevirəm...”
Azərbaycan peşəkar milli teatrının 150 illiyi münasibətilə bu rubrikada ömrünü səhnəyə həsr etmiş qocaman sənət xadimlərimizlə söhbət edəcəyik...
O, Azərbaycan teatrının yaşayan əfsanəsi, mənə elə gəlir ki, müasir teatrımızın ən böyük qadın rejissorudur. Səhnəyə gətirdiyi yeniliklər, quruluş verdiyi tamaşalar və sözsüz ki, mədəniyyətimizə bəxş etdiyi unikallıqlara görə və ümumiyyətlə, şəxsiyyət olaraq, bəlkə də elə bu dünyada cənnətini qazanıb...
Həmsöhbətim Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli rejissor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Cənnət Səlimovadır.
– Cənnət xanım, necəsiz?
– Babat demək olar. 83 yaş sizə asan gəlməsin.
– Bu yaşda həyat necə görünür?
– Mən yaşamaq istəyirəm, həyatdan doymuram. Çünki teatrdan başqa həyatımda heç nə yoxdur. Odur ki, işləyə bilirəmsə, tamaşa qurub, aktyorlarım, tələblərimlə çalışıramsa, deməli, yaşayıram. Amma teatrsız həyat mənə heç nə ifadə etmir.
– Belə başa düşürəm ki, sizin teatrdan kənardakı həyatınız da elə teatrladır. Bu yaşam maraqlıdır, yoxsa artıq monoton proses?
– Bu mənim sevimli işimdir. Belə bir fikir var: əgər zövq almaq və dinc yaşamaq istəyirsənsə, sevdiyin işi seç. Mən bütün həyatımı, onun hər gününü sevdiyim işə həsr etmişəm. Mənimçün bu, səadətdir. Səhnəni, kulisin qoxusunu, teatrın hər hücrəsini sevirəm. Aktyorları, ən əsası da, teatr vasitəsilə unikal insanlarla ünsiyyəti. Və bu məndə yalnız teatrla olanda alınır. Deyirsiniz monoton, amma mən hər an Şekspirlə, Çexovla, Cavidlə, Axundzadə ilə… ünsiyyətdəyəm. Onlar ilə həyat çox maraqlıdır.
– Səhnədən, ədəbiyyatdan öyrəndikləriniz həyatda işinizə yaradımı və maraqlıdır, cavanlıq doğruları yaşlandıqdan sonra üz döndərmir ki?
– Hələ də dahilərdən öyrənməyə, onların dünyasına daxil olmağa çalışıram. Məsələn, Hüseyn Caviddən dünyaya, insanlığa böyük sevgini öyrəndim. Bu qədər əsər oxumuşam, amma heç birində onun qədər bəşəri sevginin gücünə inanana rast gəlməmişəm. Onun sayəsində həm də bütün dünyanı, insanları, insanlığı, hətta ən pis hesab olunanları da sevdim. Axı, onun məhəbbəti bütün dünya boydadır. Məncə, Cavid daim müasirdir. Çünki o, dünya insanı idi.
– Söhbət bu məcraya köklənmişkən, gəlin, 80 il öncəyə qayıdaq. Əgər kövrəlmədən qayıda bilsəniz...
– Söz verə bilmərəm, amma gedək (gülür).
– O illərə qayıtsaq, ilk olaraq yadınıza kim və nələr gələr?
– Uşaqlığım mənim həyatımın ən gözəl çağıdır. Hərçənd indi başa düşürəm ki, uşaqlığım ağır müharibə dövrünə düşüb. Bakının o dövrünü – həyəcan siqnallarını, səsgücləndiricilərdən deyilən “işıqları söndürün” çağırışlarını xatırlayıram. Aclıq, səfalət, kədər dolu illər idi. Yadımdadır, bizə bir qoca qarı gəlirdi. Tam yad biri idi. Anam onu yedirər, çimizdirib, pal-paltarın dəyişərdi. Sonra o tənha qadını görmədim. Anamdan soruşanda da sakitcə “Yəqin ki, ölüb”, – dedi. Mən uşaq ağlımla ona “Niyə ölüb” sualını verdim. O isə məni nəinki onda, bütün həyatım boyu sarsıdacaq və ağrıdacaq cavabı verdi: acından ölüb. Dəhşətli dövr idi. Amma 4-5 yaşlı uşaq kimi mən xoşbəxt idim və hesab edirdim ki, həyat elə belə olmalıdır. Yaşayırdım, əylənirdim, valideynlərimi, dünyanı sevirdim. Evimizə bağlı uşaq idim və öz hücrəmdə xoşbəxt böyüyürdüm. Sonra birdən hər şey dəyişdi. Evimizə kədər köçdü və mən ondan qaçmaq, tənhalığımdan imtina üçün teatrı seçdim. 5 yaşım vardı və qəfildən 15 yaşlı qardaşımı itirdik. Anam gəzən ölüyə çevrildi. Düzdü, heç də hər şeyi anlamırdım. Amma bilirdim ki, anam üçün həyat bitdi. Atam yenə kişi idi, özünü ələ alıb, həyatdan tutmağa çalışırdı. Axı, həm də mən vardım. Amma anamda təəssüf ki, bu alınmırdı. Hərçənd mənə çox yaxşı baxırdı. Amma... qardaşımdan sonra anamın nə saçını boyadığını, nə üz-gözünü bəzədiyini, nə də yeni paltarlar alıb, toya-bayrama getdiyini gördüm. Onun həyat sevinci bitmişdi. Mənə acıdığını da hiss edirdim. Onu da bilirdim ki, qardaşımın kölgəsi daim mənim təsvirimin önündədir. Axı, mən uşaq idim və heç bir günahım yoxuydu. Sadəcə, oynamaq, əylənmək, sevgi ilə böyümək istəyirdim. Ona görə də atam məni tez-tez teatra, kinoya aparırdı. O, anlayırdı ki, mən kədərlə böyüyə bilmərəm. Hər bazar indiki Fəvvarələr bağının yanındakı evimizdən Yasamal qəbiristanlığına piyada gedirdik. O, qardaşımın məzarı önündə saatlarla oturur və susur, mən isə susqun atamla gizlənqaç oynayırdım. Atam məni gec tapsın deyə hər dəfə də ən uzaq məzarları seçirdim. Bir dəfə atam bunun günah olduğunu dedi və bu oyunumu da əlimdən “aldı”. İndi anlayıram ki, məni orada itirməkdən qorxduğundan belə deyib.
Cənnət xanımı uşaqlıq dövrünün kədərli xatirələrindən çıxarmaq çətin oldu. Aramsız göz yaşlarından, illər əvvəlin nisgilinə qayıdıb qapanmasından qorxdum və cəld söhbəti sevdiyi teatra gətirdim.
– Qəribə səslənəcək, amma o kədər olmasaydı, bəlkə siz teatra gəlməyəcək və biz də sizin kimi unikal rejissoru tanımayacaqdıq...
– Başqalarını deyə bilmərəm, amma mənim o kədərdən və ümumən dünyanın yükündən qurtulmaq yerim teatr oldu. Reallıqdan qaçmaq üçün teatra sığındım və o, həyatımı tamamilə dəyişdi. Mən nə etdim? Klassikləri götürüb bizim zamana, reallığa, cari problemlərə inteqrasiya etdirdim. Beləcə, reallıqdan da qopmaqdım. Sözsüz ki, bu işdə Mirzə Fətəlinin rolu böyükdür. Onun vətəninin sabahı üçün ürəyi nə qədər ağrıyıb ki, o, belə əsərlər yazıb və çılpaqlığı ilə bizi bizə göstərib. Məncə, Axundzadə Molyerdən daha böyük, daha əzəmətlidir.
– Özünüzü xoşbəxt hiss etmək üçün gəldiyiniz teatr sizi xoşbəxt etdi?
– Xoşbəxtlik anlayışını teatrda xüsusilə qəbul etmirəm. Buradakı xoşbəxtlik qum üzərində yazı kimidir. Gözəl bir rəsm çəkirsiz, dalğa gəlir, təsvirinizi yuyub aparır və geridə yenə qum qalır. Bu mənada sadəcə, xoşbəxtlik dəqiqələri olur. Mənim üçün bu, tamaşaçının tamaşadan məmnunluğunda bitir. Əgər o, mənim hazırladığım nümunədən nə isə hiss edib, öz qəlbinə, həyatına köçürürsə, deməli, məni xoşbəxt edir. Amma daimi xoşbəxtlik yoxdur və bu primitiv xülyadır.
– Həmişə həyata belə real baxmısız, yoxsa teatrda, onun kulisində, qaynar intriqaların içində belə möhkəmlənmisiz?
– Deməli, o intriqalar sizin də qulaqlarınıza qədər gəlib çıxır? Elədirsə, çox pis. Amma həm də maraqlı (gülür). Sualınıza gəlincə, bu hal məndə ildən-ilə dəyişdi. Gəncliyimdə daha səbirsiz və qəti idim. Daim əmin, dönülməz yollara gedir və asan nəticəyə gəlirdim. Özü də fikrimdən demək olar ki, dönmürdüm. Amma zaman ötdükcə insanları anlamağa başladım. Sözsüz ki, çox şeydə onlara bəraət verməyi, haqq qazandırmağı da bacardım. Çünki bəzi məqamlarda bu, sadəcə, yaşaya bilmək imkanıdır. İndi daha yaxşı anlayıram və mühakiməni birmənalı rədd edirəm. Bunu da teatrdan öyrəndim.
– Sənətdə yaşamaq və qalmaq üçün gedən mübarizələr bəzən həyatdakından daha ağır olur...
– Düzdü. Amma bu nəticəyə gəlmək üçün teatra olan sevgin qəlbinə sığışmamalıdır. Çünki ən əsası xidmət və sevgidir. Gəlin, 84-ün kandarında sizə bir etiraf da edim, başqaları rahatlaşsın. Yaşından və statusundan asılı olmayaraq, bütün aktyorlar mənim üçün uşaqdır. Çünki körpə necə anasından asılıdırsa, aktyor da rejissorundan asılıdır. Mən ona rol verirəm, xoşbəxt olur, məni sevir. Bir mövsüm səhnəmdə görmürəm, rol vernirəm, nifrəti minə qatlanır və o, sözsüz ki, haqlıdır. Axı, rol onun qidasıdır. Əgər mən bir ana, himayəçi olaraq ona qida vermirəmsə, günahı məndədir. Ona görə də zamanla aktyorları həm daha çox sevməyi, həm də bağışlamağı öyrəndim.
“Teatr istənilən insanı xoşbəxt edə bilirsə, bunun üçün əzaba dəyər”
– Fərqli teatrlarda çoxlu aktyorlarla işləmisiz. Sizin üçün aktyorun məmnunluğu vacibdir, yoxsa tamaşaçının?
– Əlbəttə, tamaşaçının. Ümumən mən hesab edirəm ki, tamaşaçını sevməsən işləmək olmaz. Xeyli əvvəl idi. Rus Dram Teatrında çalışırdım. Bir komik tamaşa hazırladım və onunla az qala bütün ölkəni gəzdik. Əsasən də ucqar rayonlara, kəndlərə gedirdik. Yadımda deyil hansı kənd idi, amma ucqar idi. Səhərdən yola çıxıb axşam 5-də çatdıq. Səhnəni, daha doğrusu, 2-3 stul və onun yan-yörəsini apardığımız rekvizitlərlə bəzəyib gözləyirik. Amma bir nəfər də tamaşaçı yoxdur. Çox məyus olduq. Bunu hiss edən inzibatçımız bizə ürək-dirək verməyə başladı: narahat olmayın, gələcəklər. Sadəcə, gözləyin, qoy naxır gəlsin, sonra başlayarıq. Üzərindən yarım saat keçmişdi, inəklərin səsi ətrafa yayıldı. Bu səs bizi necə sevindirdi. Bir-birimizə baxıb start işarəsini verdik. Kolxozun sədri cəld ortaya atılıb “Nəyə sevinirsiz, hələ inəklərin sağılmağı var. Sağıcılar sağıb, işlərin qurtarsınlar, gələcəklər”, – dedi. Baho, işə düşmədik?!. Biz bir saat da sağımı gözlədik. Sağım da bitdi və tamaşaçılarımız gəldi. Düzdü, onlar rus dilində oynanılan tamaşanın sözlərini o qədər də yaxşı anlamırdılar. Amma necə heyranlıq və sevinclə bizə baxırdılar. Lap qabaqda, özü də yerdə balaca uşaqlar oturmuşdu. Arxada da qadınlar. 5-6 nəfər kişi vardı, qalanı hamısı ağ yaylıqlı qadınlar idi. Dəhşətlidir, (Cənnət xanım məni qəhqəhəyə boğan inək əhvalatından sonra yenə göz yaşlarına boğuldu – H. N) o qadınlar, onların qabarlı və böyük əlləri, əzablı, yorğun üzlərinə hopan ani sevinc məni məhv etdi. Hisslərimi ifadə etməkdə indi də çətinlik çəkirəm. Amma məhz o zaman anladım ki, teatr istənilən düşüncədə və zövqdə insanı xoşbəxt edə bilirsə, bunun üçün əzaba da dəyər və məhz o sağıcı xanımlar sayəsində mən özümü xoşbəxt hiss etdim. Bu mənada rejissorun əsas məqsədi, amalı tamaşaçıya sevgidir. Odur ki, zala baxıb qiymət verən, təyinlər edən rejissora da, aktyora da nifrət edirəm. Çünki tamaşaçı daim haqlıdır, ən yüksək pillədədir və biz ona borcluyuq. Bu mənada mən ən çox tamaşaçını sevirəm. Xüsusən bizim tamaşaçını. Axı, onlar sonsuz müharibələrdən, keçid dövründən, itkilərdən, maddi və mənəvi böhranlardan əzab çəkiblər və bu, davam edir.
– Deməli, onları teatrla ovundurmaq lazımdır. Amma, məncə, baxır hansı tamaşaçını...
– Mənim üçün tamaşaçının heç bir fərqi yoxdur. Birmənalı olaraq cəmiyyət necədirsə, onun teatrı da elədir. Amma tamaşaçı ilə ümumi dil taparaq, onu tərbiyələndirmək də teatrın missiyasıdır. Amma bunu “mən səni öyrədirəm” ilə eləmək olmaz. Mənə görə tamaşaçı da daim yaxşı, sağlam qidalanmalı olan uşaqdır. Hansı zaman olsa da mən onunla ümumi dili tapmalıyam və ona mərhələli olaraq ədəbiyyatı, həyatı, sənəti göstərməliyəm.
– Cənnət xanım, dediniz tamaşaçılarım da mənim uşaqlarımdır. Ümumiyyətlə, teatr tərbiyə yeridir?
– İnanmıram. Teatr sadəcə, göstərir. Hadisələrə real baxan adam kimi deyim ki, teatr nələrisə dəyişə bilməz, amma göstərmək, tamaşaçıya izah etmək imkanı var. Məsələn, aktyor səhnədə Hamleti oynayır, tamaşaçı da heyranlıqla baxır. Xarakterindən, münasibətindən, yaşından asılı olmayaraq, hamı özünü Hamlet kimi hiss edir və heç kim özünü əclaf Klavdinin yerinə qoymur. Beləcə, teatr tamaşaçının yaddaşında hansısa yaxşı cəhətə işarə ilə mütləq qalır.
– Yaradıcılığınızın 60 ilini arxada qoymusuz. Yəqin mövsümi və daimi tamaşaları yaxşı seçə bilirsiz. Uğuruna necə, əvvəldən inanırsız, yoxsa?
– Bu illər ərzində bir dəfə də olsun cari hadisə, ötəri fakt ilə bağlı tamaşa hazırlamamışam. Yəni tarix üçün tamaşa qoymamışam və bu mənə maraqlı deyil. Bizim işimizdə hər şeyi tamaşaçı təyin edir. Amansızdırmı, bəli. Çünki kino, musiqi əsəri öz real dəyərini illər sonra da ala bilir. Amma tamaşa bu gün, bu auditoriya üçün ya var, ya da yoxdur. Odur ki, teatrı və onun taleyini tamaşaçı təyin edir.
“Tamaşaçını güldürmək daha çətindir, ağlatmaq su içmək kimidir”
– Teatrın sütunu həmişə klassik dramaturgiyadır?
– Fərqi yoxdur, müasir əsərlər var ki, klassika hesab etmək olar. Elə klassik nümunələr də var ki, heç cür tamaşaçı ilə ünsiyyət forması yoxdur və rejissora bu xüsusda “material” vermir.
– Janrı rejissor müəyyən edirsə, bu, asan başa gəlir? Əslində, bu da sizdə pis alınmır deyə sualı işin sirrini soruşmaq kimi də başa düşə bilərsiz.
– Lap xoşuma gəldi bu məsələ (gülür). Dramaturji material yön verir, amma bütün hallarda janrı özüm müəyyən edirəm. Adətən mənim seçdiklərim ilə müəlliflərin janr təyinləri üst-üstə düşür. Amma yaxşı materialdan istənilən işıqlı nəticə çıxarmaq olar. Onu da deyim ki, bütün zamanlarda tamaşaçını güldürmək daha çətindir və bunu hər rejissor bacarmır. Söhbət həqiqi komediyadan, gülüşdən gedir. Amma tamaşaçını ağlatmaq su içmək kimidir və bu zəif nöqtədən bəzi pis rejissorlar asanlıqla istifadə edirlər.
– Rejissorlar arasındakı rəqabətdə niyə daim aktyorlar qurban verilir?
– Teatrdır da, ola bilir bəzən. Amma, məncə, biz bunu çox şişirdirik. Məsələn, bir həkimim vardı, müalicə kursu xoşuma gəlmədi və onu başqası ilə dəyişdim. Bilirsiz, mənə nə xəbərdarlıq etdilər? “Nəbadə, o həkimin yanında bundan danışasan. Onlar düşməndilər və hətta iş yerlərini də buna görə dəyişiblər”, - dedilər. Amma bizdə elə deyil. Sevmədən də, qəbul etmədən də birlikdə işləyə və hətta bir-birini alqışlaya bilirsən. Teatrda bütün nifrətlər bir mövsümlükdü, inanın. Məsələn, mən bu mövsüm “Otello”nu qoyuram və baş rola Səmədi seçirəm, budur, Əhməd mənə nifrət edir. Ona elə gəlir ki, Otello yalnız odur və rejissor yanılır. Haqlıdırmı, bəli. Çünki elə hesab edir. Sözsüz ki, rejissor daha haqlıdır. Çünki o, tamaşasının uğurlu olması üçün ən yaxşısını, ən uyğun variantı seçməlidir. Zaman ötür, yeni mövsümdə yeni tamaşanın rol bölgüsü gəlir və bu dəfə baş rola Əhmədi seçirəm və o mənə heyran olur, bağlanır.
– Deməli, aktyorun sevgisi caridir?
– Bəli, təəssüf və elə həm də nə yaxşı ki, bu, belədir. Özü də mən bunu artıq uzun illərdir ki, rahatlıqla qəbul edirəm.
– Yəqin buna görə yalnız bir neçə aktyoru özünüzün məşhur “mənim uşaqlarım” bölgüsünə daxil etmisiz?
– Əlbəttə. Çünki onların məhəbbətinə inanıram.
– Uşağım dediklərinizin yaşı artıq 50-ni ötüb. Onlardan sonra sənət övladlarınız doğulmadı? Axı, siz fasiləsiz olaraq həm də pedaqoji iş ilə məşğulsunuz.
– Yox, niyə ki? Sadəcə, onlar burada, mənimlədirlər. Amma bütün tələblərimə diqqət göstərib, fəaliyyətlərini izləyirəm, onlar üçün əlimdən gələni etməyə çalışıram. İnanın, mən onların hamısına qəlbimdə yer vermişəm və əgər öz teatrım olsaydı, mütləq hamısını yenə bir yerə toplardım.
– Çox vaxt yeni nəsil tənqid olunur və onların az bir qisminin sonradan sənətdə qaldığı deyilir. Razısız?
– Bəli. Dərs deyirəm və bunu aydın görürəm. Mədəniyyət və İncəsənət Universitetinin keçid qəbul balı aşağıdır deyə buradan təsadüfi yüzlərlə tələbə gəlib keçir və ən azı 4 il özlərinə də, bizə də əziyyət verirlər. Bu çoxluqda məcbur həvəsi olan 3-4 nəfər seçilir və biz də bununla barışırıq. Sözsüz ki, çox çətindir.
– Elələri də məzun olub teatrlara gəlirlər və burada da sənət mübarizəsi başlayır...
– Çoxu dözmür, gedir. Bu mənada o “davakar”ları da qiymətləndirmək lazımdır. Çünki onlar çətinliklərlə döyüşə-döyüşə qalırlar. Baxın, bir gün rejissor aktyoruna “Bu rüb “Dovşanın ad günü” tamaşasını qoyuram və sən orada 5-ci dovşansan”, - deyir və bu aktyor minimum 2 ay o beşinci dovşanı oynamaq üçün şəhərin o başından durub bu başına gəlir. Aldığı cüzi məvacibi, zamanını, enerjisini səhnədə bəlkə də cəmi bir dəqiqə səhnəyə çıxmaq üçün verir. Bu baxımdan düşünmədən hər rola “hə” deyən aktyor teatra daha çox lazımdır. Kimlərsə səhnədə olmaqdan xoşbəxtdir və onun üçün rol fərqi yoxdur. Bəziləri isə teatra maddi təminat yeri kimi baxır, sonra da əli ətəyindən uzun çıxıb gedirlər.
– Teatr daim maddi baxımdan kasıb olub?
– Bəli, bütün zamanlarda. Sadəcə, bilet satışı ilə teatr saxlamaq mümkün deyil. Baxın, indi durum deyim ki, ay filan iş adamı, mənə bir tamaşa üçün 200 manat pul lazımdır. Deyəcək, yoxumdur. Amma hansısa nə oxuduğu bilinməyən mikrofon tutanlara (mən onlara elə deyirəm) pullar xərcləyirlər...
– Baxıram zəngin kitabxananız var. Amma əksər kitablarınız köhnə, müəlliflər isə klassiklərdir. Müasir dramaturqlardan kimlərlə işləyirsiz?
– Maraqla Əli Əmirli ilə işləmişəm. Elçini çox sevirəm. Son illər İlqar Fəhmini kəşf etmişəm. Ola bilər ki, dramaturgiyası hələ mükəmməl deyil, amma möhtəşəm şairdir. Onun qəzəlləri, şeirləri orijinaldır. Məncə, o, ədəbiyyatda öz yerini tapacaq. Təəssüf ki, aktiv dramaturqlarımızın sayı azdır. Ola bilsin ki, biz onları cəlb edə bilmirik və bu da bizim – teatrın, rejissorların günahıdır. Çünki hər teatr, rejissor öz dramaturqunu seçib, onunla işləməlidir. Bizdə isə bu qarşılıqlı proses nizama salınmayıb.
– Dramaturqlar da deyir ki, rejissorlar ölü müəlliflərlə daha rahat işləyirlər. Çünki onların əsərləri üzərində azad şəkildə əməliyyatlar apara bilirlər.
– Razı deyiləm. İstər klassik, istər müasir əsər olsun, teatr tamam başqa şeydir. Hansısa əsər əsasında tamaşa qururamsa, mütləq tamaşaçıya o dramaturji faktdan çıxış edərək nə isə başqa bir formada təsvir, ideya, məna verməliyəm. İstəməyən gedib kitabxanadan əsəri onsuz da alıb oxuyur. Axı, tamaşa bir əsərin hərəkət həlli deyil.
“Sənətə 3-4 tənqidçinin zövqünü oxşamaq üçün gəlməmişəm”
– Rejissorlar həmişə teatrın repertuar siyasətindən asılı qalır?
– Əlbəttə. Çünki teatrda bir neçə rejissor çalışır və hər mövsüm üçün təyin olunan repertuar planındakı rəngarənglik üçün mütləq düzgün bölgü olmalıdır. Yəni sən faciə qoymaq istəyərsən, amma komediya tapşırığı alarsan və icra etməlisən. Bu, normaldır. Di gəl mən festival və repertuar tamaşaları bölgüsünə nifrət edirəm. Bu, əvvəldən o tamaşaların taleyini həll edir. Sən böyük heyətinlə aylarla bir tamaşa üzərində işləyib ya minlərlə tamaşaçını sevindirə bilərsən, ya da eyni enerji itkisi ilə 2-3 nəfər teatr mütəxəssisini – tənqidçini, teatrşünası. Mənə sözsüz ki, kütləvi tamaşaçı lazımdır və rejissor kimi vəzifəm 1-2 dəfə yox, 10-20 il oynana biləcək tamaşalar qurmaqdır.
– Bəzən baxımlı tamaşalar da repertuardan çıxarılır.
– Bəli, reallıqla da barışmışam, çünki çox görmüşəm. Tamaşa da övlad kimidir və diqqət, sahiblənmək istəyir. Mən bütün tamaşalarıma gəlirəm, baxıram, izləyirəm və “dağılmağa” qoymuram. Tamaşanı ilk dağıdan da elə aktyorlar olur. Başlı-başına qalanda yersiz improvizələr edirlər, səhlənkar yanaşırlar və tamaşaçını nəzərə almadan asan yola qaçırlar.
– Belə çıxır ki, improvizəni qəbul etmirsiz?
– Edirəm, niyə ki? Hətta, məncə, improvizə bacarmayan aktyoru teatra işə götürmək olmaz. Amma söhbət istedad və bacarıqla, düşünülmüş improvizədən gedir, daha tamaşanı xaosa sürükləyən lağlağıdan yox.
– İndi nə üzərində çalışırsız?
– Hazırda pandemiyaya görə oynanılmayan tamaşalarımın bərpası ilə məşğulam. “Dəli yığıncağı” və “Romeo və Cülyetta”nı bərpa etdim. “III Riçard” üzərində iş gedir.
– “Romeo və Cülyetta” dediniz, yadıma bu tamaşanızla bağlı yazılar düşdü. Tənqidə dözümlü adamdan çox onları vecinə almayan rejissor təsiri bağışlayırsınız. Yanılıram?
– Yox (gülür). Bu məsələdə daim mafiyanın qanunları gəlir ağlıma. Onlar deyir ki, dostlarını yaxında saxla, düşmənlərini isə lap gözünün önündə.
– Mən teatrşünaslardan danışıram, siz isə mafiyadan. Təzadlı müqayisədir.
– Mən böyük məmnuniyyətlə tənqidçiləri eşidirəm və düşünürəm ki, haradasa haqlıdırlar. Daim aktyorlara da deyirəm ki, siz daha çox sizi tənqid edənləri dinləyin, nəinki tərifləyənləri. Amma söhbət sağlam tənqiddən gedirsə. Özüm də bu prinsipə əməl edirəm. Amma həm də bilirəm ki, mən sənətə 3-4 nəfər tənqidçinin zövqünü oxşamaq üçün gəlməmişəm. Çünki bəzi tənqidçilər tamaşaya sadəcə öz zövq və düşüncələrinin diktəsi ilə baxırlar. Mənim isə əsas obyektim tamaşaçıdır və onun münasibəti mənə daha maraqlıdır. Mafiya məsələsinə gəlincə, əksər rejissorların öz dost tənqidçi çevrəsi var və mən buna heç vaxt maraq göstərməmişəm.
Söhbətləşdi: Həmidə Nizamiqızı