Ölkəmizdə indiyədək miqyası görünməmiş incəsənət festivalı keçiriləcək

21 nominasiya üzrə yarışma minlərlə uşağı əhatə edəcək

 

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən I Uşaq İncəsənət Festivalı keçiriləcək.

Festivalın keçirilməsində əsas məqsəd Ulu öndər Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq mədəniyyət sahəsində inkişafın təmin edilməsi, uşaqların vətənpərvərlik ruhunda, mədəniyyətə, incəsənətə, adət-ənənələrimizə bağlı tərbiyə olunmasıdır.

Üç mərhələdən ibarət festivalda 6-17 yaş arası şəxslər peşəkar və həvəskar olmaqla iki kateqoriya üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) iştirak edə bilərlər.

Qeyd olunan yaşlar üzrə incəsənətin və yaradıcılığın müxtəlif növləri və janrları üzrə fəaliyyət göstərən uşaq kollektivləri, dərnəklər, solo ifaçılar, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər, rəssamlar, dekorativ-tətbiqi sənətlə məşğul olan istedadlı uşaqlar da festivala qatıla bilərlər. İştirakçıların qeydiyyatı fevralın 20-dən martın 30-dək www.uif.az internet saytı vasitəsilə aparılacaq.

Ümummilli liderin 100 illiyinə həsr olunan təqdimatlar, rəqəmsal incəsənət nümunələri də daxil olmaqla festival ümumilikdə 21 nominasiya üzrə keçiriləcək.

Festivalın ilk rayon (şəhər) mərhələsi aprel-iyun aylarında keçiriləcək, final mərhələsi sentyabrda Bakıda təşkil olunacaq.