Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) ənənəvi “Beynəlxalq Multikulturalizm Qış Məktəbi” layihəsi bu il “Mədəni müxtəliflikdə birlik: Azərbaycan nümunəsində” mövzusu da keçirilir.
Xaçmazda işini davam etdirən qış məktəbinin iştirakçıları fevralın 23-də “Azərbaycanda dil siyasəti və çoxdillilik” mövzusunda mühazirə dinləyiblər.
Mühazirəni Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Jalə Qəribova təqdim edib. Bildirilib ki, Azərbaycanda milli və dini azlıqlarla bağlı aparılan dövlət siyasəti hər zaman beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib. Azərbaycanda etnik azlıqların dillərinə daim xüsusi qayğı ilə yanaşılıb. Azlıqların hüquqlarının qorunması, konkret olaraq onların dillərinə qayğı baxımından Azərbaycan örnək ölkələr sırasındadır. Ruslar, yəhudilər, talışlar, ləzgilər, tatlar, gürcülər və digər milli azlıqlar Azərbaycanda mehriban ailə kimi yaşayır, onların məktəbləri, nəşrləri, mətbuat orqanları var.
Qış məktəbinin iştirakçıları Xaçmaz şəhərində Tarix-Diyarşünaslıq Muzeyi, açıq səma altında Şəxsiyyətlər Muzeyi və başqa görməli yerlərlə tanış olublar. Günün sonunda “Öz xalqını təqdim et” musiqili axşam təşkil edilib.
“Heydər Əliyev İli”nə həsr olunan XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi fevralın 26-dək davam edəcək.