Kann və Venesiya film festivallarından sonra dünyanın ən nüfuzlu kino müsabiqələrindən olan Berlinnale bu il 73-cü dəfə keçirilir.

Fevralın 16-da başlayan Berlin Beynəlxalq Film Festivalı ayın 26-da başa çatacaq. Festivalda 19 film “Qızıl ayı”nı qazanmaq üçün yarışır.

73-cü Berlinale bizim üçün də qismən əlamətdardır. Festivalda Almaniyanın “Zeitgeist Filmproduktion” şirkətinin Türkiyədə çəkdiyi “Mərmərə” adlı film nümayiş olunur. Filmdə azərbaycanlı aktyorlar Əməkdar artist Rasim Cəfər və  Roza İbadova da rol alıb. Hazırda Türkiyədə yaşayan Roza İbadova vaxtilə Gənc Tamaşaçılar Teatrında çalışıb. Filmin rejissoru türk əsilli Engin Kondaqdır.

Film bir ailənin taleyindən bəhs edir. Almaniyada yaşayan türk əsilli gənc Zeynəb ərini aldatmaqda günahlandırılır. Buna görə də o, müvəqqəti olaraq Berlindən ata-anasının yanına köçmək məcburiyyətində qalır. Lakin Zeynəb burada patriarxal bir həyatla qarşılaşır və valideynlərinin evliliyini də alt-üst edir. Filmdə ata obrazını (Həsən) Rasim Cəfər oynayır.

Festivalı münsiflər heyətinə amerikalı aktyor Kristen Stevart rəhbərlik edir. Bir çox kino ulduzları, o cümlədən aktrisa Enni Hathaway, aktyor Peter Dinklage də builki münsiflər heyətində yer alıblar.

Lalə