“Ədalət olmadan etimad, etimad olmadan barışıq mümkün deyil”...

 

Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində “Xocalı: Barışıq üçün etiraf et” beynəlxalq koalisiyasının (Khojaly: Reconcile to Recognize Coalition) nümayəndələri erməni silahlı dəstələri tərəfindən yüzlərlə dinc sakinin qətl edildiyi Xocalı ilə Ağdam arasındakı yolda – “ölüm dəhlizi”də olublar.

Bu barədə sözügedən əraziyə ilk dəfə ayaq basan xarici hüquq müdafiəçilərinin bəyanatında bildirilir.

Bəyanatda diqqətə çatdırılır ki, 1992-ci il 26 fevral tarixində erməni quldur dəstələri Xocalını işğal edilərkən onlar guya bu yolun “humanitar dəhliz” kimi təmin edilməsini bildirib, lakin elə həmin yerdə yüzlərlə dinc insanı qətlə yetiriblər.

“Human Rayts Votç (HRW) və “Memorial” kimi beynəlxalq qurumlar tərəfindən də burada beynəlxalq humanitar hüququn açıq pozulması – mülki şəxslərin canlarını qurtarmaq istərkən güllələnərək öldürüldüyü – faktlarla təsdiq edilib və sənədləşdirilib”, – deyə koalisiyanın açıqlamasında qeyd olunur.

Koalisiya üzvü olan xarici hüquq müdafiəçiləri Xocalı faciəsinin şahidləri ilə də görüşüblər.

“Srebrenitsa Anaları” Assosiasiyasının sədri, özü 1995-ci ildə Bosniyada, Srebrenitsa şəhərində serb silahlı dəstələrinin müsəlman əhaliyə qarşı törətdiyi qətliamın zərərçəkənlərindən olan Munira Subaşiçin Xocalıda əsir götürülmüş, qanlı hadisə zamanı üçgünlük qızını itirmiş Mehriban Vəkilova ilə təsirli söhbəti o gecə bütün insani dəyərlərin erməni vandalizmi tərəfindən tapdaq altına atıldığının daha bir sübutu olub.

Koalisiya üzvləri “humanitar dəhliz”in “ölüm dəhlizi”nə çevrildiyi, Xocalının cəmi 9 kilometrliyində yerləşən məkanda günahsız qurbanların xatirəsinə ehtiram olaraq zeytun ağacı əkiblər. Sülhə çağırışı simvolizə edən zeytun ağacının yanında koalisiyanın şüarı – “Ədalət olmadan etimad, etimad olmadan barışıq mümkün deyil” (“Without justice there's no trust, without trust there's no reconciliation”) yazılmış poster yerləşdirilib.

Beynəlxalq koalisiyanın İtaliya İnsan Haqları Federasiyasının sədri Antonio Stanqonun tərəfindən oxunan bəyanatında vurğulanır ki, sülhə gedən yol ədalətdən keçir və qalıcı sülhə yalnız keçmişdə baş vermiş hərbi cinayətlərin nəticələrinin aradan qalxması ilə nail olmaq olar.

“Bu gün biz Xocalının 9 km-liyindəyik, “ölüm dəhlizi”nə çevrilmiş dırnaqarası humanitar dəhlizdəyik”. Səfərimiz bu torpaqlar azad edildiyi üçün mümkün olub. Biz yaxında belə anım mərasimlərini Xocalıda keçirəcəyimizə də əminik. Münaqişənin bitdiyi, Azərbaycan və Ermənistan liderlərinin regionda sülh erasının başladığını elan etdiyi bir şəraitdə beynəlxalq vətəndaş cəmiyyəti üçün də hərəkətə keçmək zamanıdır. Bu cəhdlər cəzasızlıq və susqunluğa son verilməsi, Xocalı barədə ədalətə nail olması və yalnız belə bir sağlam əsasda sülhün əldə olunmasını hədəfləməlidir”, – deyə bəyanatda qeyd olunur.

Natiq bəyan edilən hədəflər istiqamətində koalisiyanın “Etiraf və barışıq” adlı praktik proqramının 26 fevralda Bakıda keçid ədaləti mövzusunda konfransında təqdim ediləcəyini bildirib.

Xocalı qətliam dəhlizinə səfəri çərçivəsində xarici qonaqlar Ağdam Cümə məscidini və Ağdam Şəhidlər xiyabanı ziyarət ediblər, burada dəfn edilmiş faciə qurbanlarının ruhlarına dualar oxuyublar. Qonaqlara Qarabağda dini və mədəni abidələrin bərpası ilə bağlı aparılan işlər barədə də məlumat verilib.