AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Heydər Əliyev və Azərbaycan ədəbi-ictimai fikri” adlı elmi sessiya keçirilib.
Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın prezidenti İsa Həbibbəyli akademiyada “Heydər Əliyev İli” çərçivəsində geniş tədbirlər planının hazırlandığını diqqətə çatdırıb.
Akademik bildirib ki, Azərbaycanın təxminən yarıməsrlik dövrdə inkişafının əsası Heydər Əliyevin adı ilə bağlıdır. Bu baxımdan alimlərimiz də Ümummilli liderin həyatı və fəaliyyətinin dərindən öyrənilməsini, dahi şəxsiyyətin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərinin elmi tədqiqatlarda ictimaiyyətə çatdırılmasına öz töhfələrini verməlidirlər.
Akademiyanın bu xüsusda tədbirlər planından danışan İsa Həbibbəyli, həmçinin AMEA-nın “Heydər Əliyev İli”nə töhfəsi olaraq 2023-2024-cü illərdə nəşri nəzərdə tutulan “Heydər Əliyev Ensiklopediyası” sözlüyünün layihəsinin hazırlandığı barədə də məlumat verib.
Sessiyada Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin “Azərbaycan reallığında Heydər Əliyev epoxası”, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun “Müstəqillik dövrü nəsrində Heydər Əliyev”, filologiya elmləri doktoru Elnarə Akimovanın “Ədəbiyyatda azadlıq ideallarının intişarında Heydər Əliyevin rolu”, filologiya elmləri doktoru Əlizadə Əsgərlinin “Heydər Əliyev: dünya sivilizasiyasında elit şəxsiyyət” və filologiya elmləri doktoru, professor Vüqar Əhmədin “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda məruzələri dinlənilib.