Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

145 il əvvəl...

3 mart 1878-ci ildə Rusiya ilə Osmanlı arasında iki il sürən müharibənin yekunlarına dair San-Stefano (İstanbulun indiki Yeşilköy rayonu) sülh müqaviləsi imzalanıb. Osmanlı imperiyasının tərkibində olan Bolqarıstan muxtar knyazlıq statusu alıb və Rusiyanın nəzarətinə verilib.

 

106 il əvvəl...

1 mart 1917-ci ildə ABŞ I Dünya müharibəsinə qoşulub. Müharibədə bütün tərəflərin əldən düşdüyü vaxtda (o cümlədən Rusiyada monarxiyanın süqutu) bu addımı atan ABŞ bir il sonra başa çatan müharibədən mühüm geosiyasi dividentlər əldə etdi.

 

105 il əvvəl...

3 mart 1918-ci ildə I Dünya müharibəsinin ilkin yekunlarına dair sovet Rusiyası ilə Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan və Türkiyə arasında Brest sülhü imzalanıb. Müqaviləyə görə, Rusiya Ukrayna, Polşa, Baltikyanı ölkələr və indiki  Belarusun bir hissəsi, həmçinin Cənubi Qafqazı itirirdi. Lakin müqavilə, Leninin sözləri ilə desək, bolşeviklərə “nəfəs dərmək” üçün vacib idi. 1919-cu ildə “Brest müqaviləsi”ndən çıxan bolşevik Rusiyası, Polşa və Baltikyanı ölkələr (1940-cı ildə SSRİ-yə birləşdirildi) istisna olmaqla, itirdiyi əraziləri sovetləşmə adı ilə nəzarət altına aldı.

 

69 il əvvəl...

1 mart 1954-cü ildə ABŞ Marşall adalarında (Sakit okeanda ABŞ-nin nəzarətindəki adalar; 1986-cı ildə müstəqillik əldə edib) hidrogen bombasını ilk dəfə sınaqdan çıxarıb. Nüvə silahı sahəsində yarış yeni mərhələyə qədəm qoyub.

 

67 il əvvəl...

2 mart 1956-cı ildə Fransanın Şimali Afrikadakı müstəmləkəsi Mərakeş müstəqilliyini elan edib. Onun müstəqilliyini ilk tanıyanlardan biri Fransanın özü oldu.

 

54 il əvvəl...

2 mart 1969-cu ildə Ussuri çayı üzərində SSRİ ilə Çin qoşunları arasında sərhəd toqquşması olub. Ərazisi cəmi 0,74 kvadrat kilometr olan Damansk (Çin dilində Çjenbao) adasına nəzarət üstündə daha bir toqquşma 15 martda baş verdi. Tərəflərin 100-300 nəfər itkiləri oldu. Ada neytral ərazi kimi qaldı. 2004-cü ildə Rusiya ilə razılaşma əsasında ada Çinin yurisdiksiyasına keçdi.

 

32 il əvvəl...

3 mart 1991-ci ildə Latviya və Estoniyada SSRİ-nin tərkibindən çıxmaq barədə referendum keçirilib. Referendumun nəticələrinə əsasən, hər iki respublika müstəqilliyini elan etdi.

 

31 il əvvəl...

2 mart 1992-ci ildə BMT Baş Assambleyasının sessiyasında keçmiş SSRİ-nin 8 respublikası – Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Moldova quruma üzv qəbul olunub. Gürcüstanda Qamsaxurdianın devrilməsindən sonra legitim hakimiyyət olmadığı üçün Baş Assambleya bu respublika barəsində qərarı bir qədər sonra, 1992-ci il iyulun 31-də qəbul etdi. Baltikyanı respublikalar 1991-ci ildə BMT-yə qəbul edilmişdi. Rusiya, Ukrayna və Belarus isə formal olaraq 1945-ci ildən BMT-nin üzvü idi.

Hazırladı: V.Orxan