İyulun 23-də Mədəniyyət və Turizm Nazirliyində Çinin "CİTİC Limited" şirkətinin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə "CİTİC Limited" şirkətinin vitse-prezidenti Jao Jingven və "SİTİC Tourism Group Co Ltd" şirkətinin prezidenti Ji Ruo Linin başçılıq etdikləri nümayəndə heyəti iki ölkə arasında turizm sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə toxunaraq bu əlaqələrin səviyyəsini daha da yüksəltməyin vacibliyini vurğulayıb. Qarşı tərəf Çin turist qruplarının Azərbaycana səfərinin təşkili barədə ikitərəfli sazişin imzalanmasının zəruriliyini qeyd edib.
Çin nümayəndə heyətinə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin salamlarını çatdıran Azərbaycan heyəti qonaqlara iki ölkə arasında turizm sektorunda mövcud vəziyyət barədə məlumat verib. Ölkəmizin bu sahədə əlaqələrin genişlənməsində maraqlı olduğu nəzərə çatdırılıb.
Görüş zamanı Çin və Azərbaycan turizm şirkətləri arasında ikitərəfli əlaqələrin inkişafı üzrə fikir mübadiləsi aparılıb və qarşılıqlı infoturların təşkili təklif olunub. Daha sonra qonaqlara Azərbaycanın turizm potensialı barədə ətraflı məlumat verilib.
Fəxriyyə Abdullayeva