Qonaqpərvərlik üzrə Beynəlxalq Konsaltinq Təşkilatı (HVS) MDB ölkələri üzrə I Mehmanxana İnvestisiya Konfransı (İCON-2012) təşkil edəcək. Konfrans regionda qonaqpərvərlik sektorunun və investisiya mühitinin inkişafına nail olmaq məqsədilə reallaşdırılır. Tədbirin sentyabrın 18-19-da «JW Marriott Absheron Baku» hotelində keçirilməsi nəzərdə tutulur.
   
   Qonaqpərvərlik üzrə Beynəlxalq Konsaltinq Təşkilatı uzun illərdir ki, öz tədqiqat və analizlərinə əsasən, mehmanxana sektorunun qarşılaşdığı problemlərin həllinə nail olur, MDB ölkələrinin bu sahədə yüksək nailiyyət əldə etməsinə yardım edir. 1980-ci ildən fəaliyyət göstərən təşkilatın beynəlxalq şəbəkəsində 32 ofisi mövcuddur ki, burada da 350 nəfərdən artıq peşəkar mütəxəssis çalışır. İCON beynəlxalq investor və operatorları, nüfuzlu regional ekspertlər, eyni zamanda MDB ölkələrində qonaqpərvərlik sahəsində tanınmış şirkətləri birləşdirir.
   Qeyd edək ki, mehmanxana sektorunun dünyada tanınmış ən nüfuzlu nümayəndələri “İCON-2012”də təmsil olunacaq. Bunlar «CEO Kempinski Hotels & Resorts» prezidentinin şəxsi məsləhətçisi Gianni van Daalen, «Cushman & Wakefield»in qonaqpərvərlik şöbəsinin müdiri David Jenkins, «HVS Global Hospitality Services - Moscow»un direktoru Tatyana Beller, Qazaxıstan Turizm Assosiasiyasının icraçı direktoru və bu ölkədə fəaliyyət göstərən Mehmanxana və Restoranlar Assosiasiyasının prezidenti Rəşidə Şaykenova və digər tanınmış hotellər şəbəkəsinin nümayəndələridir.
   Mütəxəssislərin fikrincə, İCON konfransı HVS tərəfindən təklif edilən etibarlı platforma, gələcək tendensiya və təcrübələr yolunda mühüm addım olacaq.

   Fəxriyyə Abdullayeva