Azərbaycan

 

8 mart 1911 – Xalq artisti Ağadadaş Gülməmməd oğlu Qurbanov (1911 – 25.6.1965) anadan olub. Gənc Tamaşaçılar, Akademik Milli Dram teatrlarında çıxış edib. “Koroğlu”, “Bir qalanın sirri”, “Bizim küçə”, “Arşın mal alan” (1965, Soltan bəy) və s. filmlərdə çəkilib.

8 mart 1923 – Ədəbiyyatşünas, teatrşünas Ədilə Əlihüseyn qızı Əliyeva (1923-1984) Bakıda anadan olub.

8 mart 1935 – Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə Dövlət Teatr Muzeyinə (1934-cü ildə yaradılıb) görkəmli dramaturq Cəfər Cabbarlının adı verilib.

8 mart 1940 – Kinooperator Ramiz Əlirza oğlu Babayev (1940 – 11.1.1994) Bakının Əmircan qəsəbəsində doğulub. 1957-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib.

8 mart 1947 – Şair, publisist Ağamalı Sadiq Əfəndi (Ağamalı Əhməd oğlu Əfəndiyev; 1947-1995) Qazax rayonunun Qaymaqlı kəndində doğulub.

8 mart 2006 – Xalq artisti, tanınmış teatr və kino aktyoru Əliabbas Gülabbas oğlu Qədirov (15.2.1946 – 2006) vəfat edib. Akademik Milli Dram Teatrının direktoru olub.

 

9 mart 1893 (bəzi mənbələrdə 12 dekabr) – Görkəmli aktyor, rejissor, Xalq artisti Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə (1893 – 16.11.1938) Şamaxıda anadan olub. Azərbaycan teatr tarixində müstəsna xidmətlər göstərib, dram və opera tamaşalarına quruluş verib. 1938-ci ildə repressiya qurbanı olub.

9 mart 1915 – Xalq rəssamı Kamil Əli Abbas oğlu Xanlarov (1915-1996) anadan olub. Füsunkar təbiət lövhələrini kətana köçürüb: “Zaqatala dağları”, “Şuşa”, “Araz sahilində”, “Ordubadda qış” və s. Filmlərdə (“Kəndlilər”, “Fətəli xan”) geyim rəssamı işləyib.

9 mart 1929 – Əməkdar artist, diktor Gültəkin Əjdər qızı Cabbarlı (1929 – 15.10.1996) anadan olub. Azərbaycanda peşəkar diktorluq məktəbinin yaranmasında xüsusi xidmətləri olub.

9 mart 1952 – Əməkdar incəsənət xadimi, aktyor, rejissor Əhməd Haşım oğlu Qəmərli (Məlikov; 1880-1952) vəfat edib. Bakı Azad Tənqid-Təbliğ Teatrında çalışıb, filmlərdə çəkilib. Kiçik pyeslər yazıb.

 

10 mart 1878 – Böyük yazıçı, dramaturq, mütəfəkkir Mirzə Fətəli Axundzadə (30.6.1812 – 1878) Tiflisdə vəfat edib. 1850-ci illərdə yazdığı 6 komediya ilə dramaturgiyamızın, 1857-ci ildə qələmə aldığı “Aldanmış kəvakib” povesti ilə realist nəsrimizin təməlini qoyub.

10 mart 1915 – İlk azərbaycanlı balerina, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Qəmər Hacağa qızı Almaszadə (1915 – 7.4.2006) anadan olub. Professional səhnəni tərk etdikdən sonra Dövlət Opera və Balet Teatrının baş baletmeysteri olub (1953-1972), Bakı Xoreoqrafiya Məktəbinin direktoru işləyib.

10 mart 1940 – Xalq artisti, xanəndə Canəli Xanəli oğlu Əkbərov (1940 – 22.10.2021) Lənkəran rayonunun Tükəvilə kəndində doğulub. Opera tamaşalarında baş rollarda (Məcnun, Kərəm, Aşıq Qərib, Şah İsmayıl və s.) çıxış edib.

10 mart 2004 – Xalq artisti Nəsibə Cahangir qızı Zeynalova (20.4.1916 – 2004) vəfat edib. Musiqili Komediya Teatrında çalışıb, filmlərdə (“Ögey ana”, “Ulduz”, “Qayınana” və s.) maraqlı obrazlar yaradıb.

10 mart 2021 – Xalq rəssamı Mirnadir Mirəli oğlu Zeynalov (12.11.1942 – 2021) vəfat edib.

 

11 mart 1925 – Xalq artisti, məşhur aktyor Bəşir Səfəroğlu (Bəşir Səfər oğlu Səfərov; 1925 – 24.3.1969) Bakıda anadan olub. Musiqili Komediya Teatrında tamaşaçı rəğbəti qazanan obrazlar yaradıb. “Əhməd haradadır?”, “Ulduz” və s. filmlərdə çəkilib.

11 mart 1942 – Tanınmış aktrisa Lütfiyyə Şamil qızı Səfərova (1942-2010) Bakıda doğulub. 1963-cü ildən Musiqili Komediya Teatrında çalışıb.

11 mart 2000 – Prezident Heydər Əliyev Xalq yazıçısı Süleyman Rəhimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

11 mart 2022 – Xalq yazıçısı, dramaturq, Dövlət mükafatları laureatı Rüstəm Məmməd İbrahim oğlu İbrahimbəyov (5.2.1939 – 2022) vəfat edib. 30-dan çox filmin ssenari müəllifidir. Pyesləri teatrlarda tamaşaya qoyulub.

 

12 mart 1904 – Xalq yazıçısı Əbülhəsən (Əbülhəsən Əlibaba oğlu Ələkbərzadə; 1904-1986) İsmayıllı rayonunun Basqal kəndində doğulub. “Yoxuşlar”, “Müharibə”, “Dostluq qalası”, Dünya qopur” və s. romanların müəllifidir.

12 mart 1906 – Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm (Süleyman Əliabbas oğlu Rüstəmzadə; 1906 – 10.6.1989) Bakıda anadan olub. Kitabları: “Gün o gün olsun ki...”, “İki sahil”, “Durna” (komediyalar), “Təbrizim”, “Azərbaycana gəlsin” və s. Azərbaycan SSR Ali Sovetinin sədri olub.

12 mart 1933 – Xalq şairi Cabir Novruz (Cabir Mirzəbəy oğlu Novruzov; 1933 -12.12.2002) Xızı rayonunun Upa kəndində doğulub. Şeirlərinə populyar mahnılar (“Cavanlığım”, “Ey həyat, sən nə qəribəsən?”, “Tələbəlik illəri” və s.) bəstələnib. Milli Məclisin deputatı (1995-2000) olub.

12 mart 2020 – Əməkdar artist Adil Ağakərim oğlu Zeynalov (1960 – 12.3.2020) vəfat edib. Lənkəran Dövlət Dram Teatrında aktyor və rejissor işləyib.

 

13 mart 1899 – Xalq artisti Məmmədəli Hacı Heydər oğlu Vəlixanlı (Heydərzadə; 1899 – 12.4.1969) Bakının Fatmayı kəndində doğulub. 1920-ci ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb, Musiqili Komediya Teatrında tamaşalarda oynayıb. “Görüş” filmində (1955) çəkilib.

13 mart 1918 – Əməkdar mədəniyyət işçisi Xavər Əhməd qızı Vəkilova (Mirzəbəyova; 1918 – 16.1.2006) Dərbənd şəhərində doğulub. Xalq şairi Səməd Vurğunun ömür-gün yoldaşı olub. Səməd Vurğunun Ev-Muzeyinin direktoru (1975-2006) işləyib.

13 mart 1927 – Görkəmli aktyor, Xalq artisti Nodar Şaşıqoğlu (Nodar İzzətoviç Şaşıqoğlu; 1927 – 12.4.2013) Batumi şəhərində anadan olub. Moskva və Sankt-Peterburq teatrlarında, Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb. “Uzaq sahillərdə”, “Əsl dost”, “Telefonçu qız” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

13 mart 1928 – Tanınmış skripka ifaçısı, Əməkdar artist Azad Həmzə oğlu Əliyev (1928 – 17.8.1994) anadan olub.

13 mart 1994 – Görkəmli aktyor, Əməkdar artist Həsən Abbasqulu oğlu Əbluc (22.4.1942 – 1994) vəfat edib. Teatr və televiziya tamaşalarında, kinoda yaddaqalan obrazlar yaradıb.

13 mart 1996 – Prezident Heydər Əliyev böyük şairimiz Məhəmmədhüseyn Şəhriyarın 90 illik yubileyi haqqında sərəncam imzalayıb.

 

Dünya

 

8 mart 1851 – Böyük türk maarifçisi, mütəfəkkir, naşir İsmayıl Qaspıralı (Qasprinski; 1851 - 24.9.1914) Krımın Qaspıra şəhərində doğulub.

 

9 mart 1814 – Ukrayna şairi, yazıçı, rəssam Taras Qriqoryeviç Şevçenko (1814 - 10.3.1861) anadan olub.

9 mart 1934 – Moldova aktyoru, SSRİ Xalq artisti Mixay Volontir (1934 – 15.9.2015) anadan olub. Azərbaycanda “Tütək səsi” filmində çəkilib.

 

10 mart 1772 – Alman filosofu, filoloq, dilçi və yazıçı Fridrix Şlegel (Friedrich Schlegel; 1772-1829) anadan olub.

 

11 mart 1544 – İtalyan şairi Torkvato Tasso (Torquato Tasso; 1544-1595) anadan olub.

11 mart 1818 – Fransız əsilli rus baletmeysteri, tanınmış pedaqoq Marius İvanoviç Petipa (1818-1910) anadan olub.

 

12 mart 1728 – Alman rəssamı, klassisizmin tanınmış nümayəndəsi Anton Rafael Menqs (Anton Raphael Mengs; 1728-1779) anadan olub.

12 mart 1937 – Gürcü opera müğənnisi (tenor), SSRİ Xalq artisti Zurab Lavrentyeviç Sotkilava (1937-2017) anadan olub.

 

13 mart 1900 – Yunan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1963) laureatı Giorgos Seferis (1900-1971) anadan olub.

13 mart 1910 – Türk yazıçısı Kamal Tahir Dəmir (1910 – 21.4.1973) anadan olub. “Əsir şəhərin insanları”, “Yorğun savaşçı”, “Qurd qanunu” və s. romanların müəllifidir.

Hazırladı: V.Orxan