Xəbər verdiyimiz kimi, Tatarıstanın Kazan şəhərində keçirilən Fyodor Şalyapin adına 41-ci Beynəlxalq Opera Festivalında (30 yanvar – 28 fevral) Azərbaycan sənətçiləri də iştirak ediblər.
Məşhur rus opera müğənnisinin 150 illiyinə həsr olunan budəfəki festivalda Əməkdar artist Azər Zadə italyan bəstəkarı C.Puççininin “Madam Batterflyay” operasında (8 fevral) Pinkerton partiyasını ifa edib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev isə C.Verdinin “Nabukko” operasının tamaşasını (11 fevral) idarə edib.
Müxtəlif ölkələrdən tanınmış müğənni və dirijorları bir araya gətirən festivalın yekun qala-konsertində Bolşoy Teatrın (Moskva) və Mariinski Teatrının (Sankt-Peterburq) solistləri çıxış ediblər. Bolşoy Teatrın solistləri, Azərbaycanın Xalq artistləri Elçin Əzizov və Dinara Əliyeva da səhnəyə çıxıblar.
Bolşoy Teatrın simfonik orkestri və Tatarıstan Dövlət Opera və Balet Teatrı xorunun iştirak etdiyi konserti üç dirijor – Azərbaycandan Əyyub Quliyev, İtaliyadan Marko Boemi və Rusiyanın Əməkdar artisti Anton Qrişanin idarə ediblər.
Şalyapinin həyat və yaradıcılığının müxtəlif dövrləri ilə bağlı rejissor Mixail Pancavidze və rəssam Harri Humel tərəfindən zövqlə tərtib edilmiş bədii-musiqili proqram da təqdim edilib.
Konsertin birinci bölümündə rus bəstəkarları Raxmaninov, Darqomıjski, Rimski-Korsakov, Borodin, Çaykovski və Musorqskinin əsərləri Azərbaycan, Gürcüstan, Belarus və Rusiyanın opera müğənniləri – Bolşoy və Mariinski teatrlarında, Kazan Opera və Balet Teatrının solistləri tərəfindən böyük məharətlə ifa edilib.
Azərbaycanlı dirijor Əyyub Quliyevin iştirakı ilə Bolşoy Teatrın simfonik orkestri və Tatarıstan Opera və Balet Teatrının balet solistləri və xorunun ifasında A.Borodinin “Qıpçaq rəqsləri”dən parça xüsusi alqışlarla qarşılanıb.