Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda qırğız xalqının qədim eposuna həsr olunmuş “Manas” günü” təşkil edilib. Tədbir çərçivəsində alim, şair Adil Cəmilin Fond tərəfindən Azərbaycan və qırğız dillərində nəşr olunan “Manas” eposu və türk dastançılıq ənənəsi” kitabının təqdimatı da keçirilib.

Fondun prezidenti Günay Əfəndiyeva çıxış edərək türk xalqlarının dastanlarının dünyanın ən zəngin folklor nümunələri arasında yer aldığını bildirib. O, “Manas” eposunu qırğız xalqının mənəviyyatı kimi dəyərləndirib. Qeyd edib ki, “Manas” qəhrəmanlıq dastanı olmaqla bərabər qırğız xalqının daxili aləmini, düşüncəsini, milli kimliyini əks etdirir. Digər tərəfdən, “Manas” nəsillərdən-nəsillərə ötürülən miras və türk xalqlarının ortaq dəyəridir.

Günay Əfəndiyeva 1995-ci ildə Bişkekdə dastanın 1000 illiyinə həsr olunmuş tədbirdə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin dediyi “Manas” kimi ölməz dastanlarımız bütün bəşəriyyətin əbədi sərvətidir. Nə dərəcədə “Manas” qırğız xalqınındır, o dərəcədə də Azərbaycan xalqınındır. “Manas” bütün türk xalqlarına məxsusdur” sözlərini xatırladıb.

Fondun prezidenti “Manas”ın dərindən öyrənilməsi yönündə tanınmış alim Adil Cəmilin yazdığı kitabın əhəmiyyətini də vurğulayıb.

Tədbirdə çıxış edən Qırğız Respublikası Prezidentinin xüsusi nümayəndəsi Taalatbek Masadıkov bildirib ki, “Manas” dünya epos sənətinin parlaq zirvələrindən biridir. Fond tərəfindən çap edilən kitabın təkcə qırğız xalqının deyil, bütün türk dünyasının mədəniyyətinin, folklor irsinin öyrənilməsinə mühüm töhfədir. T.Masadıkov kitabın nəşrində dəstəyə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna, eləcə də mövzuya maraq göstərdiyinə və dərindən araşdırdığına görə müəllifə təşəkkür edib.

Qırğızıstanın Azərbaycandakı səfiri Kairat Osmanaliyev “Manas”ın elmi tədqiqinin və digər xalqların dastanları ilə müqayisəli təhlilinin hər zaman aktual olduğunu qeyd edib. Diplomat eposun BMT tərəfindən dünyanın mədəniyyət xəzinəsi elan edildiyini vurğulayıb. Bildirib ki, minillik tarixi ehtiva edən bu tarixi mənbədə qırğız xalqı ilə müxtəlif türk xalqları arasındakı dostluq bağları da geniş təsvir olunub.

Tədbirdə daha sonra Milli Məclisin deputatı akademik Nizami Cəfərov, Qırğızıstanın TÜRKSOY-dakı nümayəndəsi Kanat Mambetaliyev, AMEA-nın Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasında nümayəndəsi Həsən Həsənov çıxış ediblər.

Tədbirin bədii hissəsində Heydər Əliyev adına Hərbi İnstitutun kursantı Emirtemir Tolonov “Manas” dastanından parçalar səsləndirib. Azərbaycanlı tarzən Sahib Paşazadə və qırğız müğənni Saule Osmonaliyeva tərəfindən Qırğızıstanın milli musiqiləri və mahnıları ifa olunub.