Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığını təcəssüm etdirən “Könüllər mülkünün sultanı – şeyx Nizami Gəncəvi” tarixi dramı Özbəkistanda, Səmərqənd Musiqili Dram Teatrında tamaşaya qoyulub.
Səhnə əsərinə İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, Əməkdar artisti Sərvər Əliyev quruluş verib. Səhnə tərtibatçısı Bəhram Safoyev, rejissor assistenti Anabibi Mardiyevadır. Musiqi tərtibatında Qara Qarayevin və Müslüm Maqomayevin əsərlərindən istifadə olunub.
Şeyx Nizami Gəncəvinin obrazını Özbəkistanın Əməkdar artisti Baxtiyar Rahimov canlandırır. Ümumilikdə səhnə 35 nəfərlik heyət iştirak edir.
Səmərqənd Vilayət Musiqili Dram Teatrının səhnəsində təmir işləri getdiyindən tamaşaya martın 8-də Kattakurqan Şəhər Dram Teatrının səhnəsində daxili baxış keçirilib. Tamaşanın premyerasının martın 11-12-də keçiriləcəyi gözlənilir.