Teatrla yaşayan, teatrı sevən və teatrda sevilənlərin bayramıdır...
10 mart Milli Teatr Günüdür. 1873-cü il martın 10-da Bakıda maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü, dramaturq Nəcəf bəy Vəzirov, aktyor Əsgər ağa Gorani və Realnı məktəbin şagirdlərinin iştirakı ilə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası səhnələşdirilib. Bununla qədim tarixə malik xalq teatrı, meydan tamaşaları ənənələri özülündə peşəkar səhnə sənətinin təməli qoyulub. Mədəniyyət tariximizdə açılan yeni səhifə ümumilikdə ictimai həyatımız üçün müstəsna əhəmiyyətli hadisə idi.
Prezident İlham Əliyev 3 fevral 2023-cü il tarixində Azərbaycan teatrının 150 illiyinin qeyd olunması haqqında sərəncam imzalayıb. Əlamətdar yubiley münasibətilə müxtəlif tədbirlər keçirilir, milli səhnə sənətimizin bir əsr yarımlıq yoluna nəzər salınır.
Sərəncamda deyildiyi kimi, Azərbaycan teatrı XIX əsrin taleyüklü ictimai-siyasi hadisələri fonunda köklü dəyişikliklər baş verərkən böyük maarifçi Mirzə Fətəli Axundzadənin ədəbiyyatımıza dram janrını gətirdiyi və xalq teatrının peşəkar milli teatra çevrildiyi bir vaxtda təşəkkül tapıb. Həmin dövrdə ziyalılarımızın Bakı, Şuşa, Şəki, Lənkəran, Naxçıvan, Tiflis və İrəvanda təşkil etdikləri tamaşalar bu şəhərlərin mədəni həyatında mühüm rol oynayıb.
2023-cü il bu baxımdan daha bir neçə ildönümü ilə də əlamətdardır.
Bu il Naxçıvanda peşəkar teatrın təşəkkül tapmasının 140 illiyidir. 11 mart 1883-cü ildə Naxçıvanda (Hacı Nəcəf Zeynalovun evində) yazıçı, maarifçi Eynəli bəy Sultanovun rəhbərliyi ilə M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasının tamaşası oynanılıb.
Bu il Sumqayıt və Mingəçevir teatrlarının 55 yaşı tamam olur. 12 mart 1968-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Sumqayıt Dövlət Gənclər Teatrı yaradılıb. Teatrın ilk tamaşası (“Müsyö Jordan və dərviş Məstəli şah”) 1969-cu ilin 14 martında nümayiş olunub. 1970-ci ildə Sumqayıt Dövlət Dram Teatrı adlandırılıb. Eyni vaxtda M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrı yaradılıb. Sənət ocağı 1969-cu il martın 28-də Cəfər Cabbarlının “Almaz” əsərinin tamaşaya qoyulması ilə fəaliyyətə başlayıb.
Bu il həmçinin Lənkəran Dövlət Dram Teatrının 24 illik aradan (1949-1972) sonra fəaliyyətini bərpa etməsinin 50-ci ildönümüdür.
Lakin ayrı-ayrılıqda teatr kollektivlərinin yaşından, tarixindən daha ötəsi, bu il bütövlükdə Azərbaycan teatrının böyük yubileyi, bu gün isə 10 mart – Milli Teatr Günüdür.
Teatra həyatını həsr edən, teatrla yaşayan, teatrı sevən, teatrda sevilən hər kəsin sənət bayramı mübarək! Yaşasın teatr!...