14 mart 1919 – Satirik şair Əliqulu Qəmküsar (Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov; 1880, Naxçıvan – 1919) Tiflisdə qətlə yetirilib. “Molla Nəsrəddin” jurnalının tanınmış müəlliflərindən olub.

14 mart 1936 – Yazıçı-dramaturq Nahid Rəhim oğlu Hacızadə (1936-2018) Gədəbəy rayonunun Düzrəsullu kəndində doğulub.

14 mart 1938 – Ədəbiyyatşünas, professor Samət Qüdrət oğlu Əlizadə (1938-2002) Xızı qəsəbəsində anadan olub.

14 mart 1992 – Şair, tərcüməçi Teymur Elçin (Teymur Süleyman oğlu Əliyev; 28.3.1924 – 1992) vəfat edib. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir, rus ədəbiyyatından tərcümələr edib.

 

15 mart 1878 – Maarif xadimi, şair Şeyx Məhəmməd Hacı Abdulla oğlu Rasizadə (1878 - 24.12.1939) Naxçıvanda anadan olub. Hüseyn Cavidin böyük qardaşıdır. Firdovsinin “Şahnamə”sindən parçaları dilimizə çevirib.

15 mart 1893 – Əməkdar incəsənət xadimi, aşıq Şəmşir (Şəmşir Qurban oğlu Qocayev; 1893-1980) Kəlbəcər rayonunun Dəmirçidam kəndində anadan olub.

15 mart 1897 – Xalq artisti Ağasadıq Ağaəli oğlu Gəraybəyli (1897 – 5.12.1988) Şamaxıda anadan olub. Azərbaycan Dövlət Akademik Dram Teatrının aktyoru olub. “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

15 mart 1911 – Əməkdar artist Əlihüseyn Əbdülrəhim oğlu Qafarlı (1911 – 5.10.1961) Bakıda doğulub. Gəncə Dram, Musiqili Komediya teatrlarında çalışıb.

15 mart 1911 – Xalq artisti Əyyub Məmmədəli oğlu Haqverdiyev (1911 – 12.6.1996) Naxçıvanda doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olub.

15 mart 1914 – Xalq artisti Məmməd Allahverdi oğlu Quliyev (1914 – 11.9.2001) Naxçıvanda doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olub.

15 mart 1919 – Xalq artisti, məşhur xanəndə Hacıbaba Hüseynəli oğlu Hüseynov (1919 – 24.10.1993) Bakıda anadan olub. Muğamatdan dərs deyib, xanəndələr yetişdirib. Çoxsaylı təsniflərin müəllifidir, istedadlı qəzəlxan kimi tanınıb.

15 mart 1923 – Əməkdar incəsənət xadimi, tanınmış rəssam Nəcəfqulu Əbdülrəhim oğlu İsmayılov (1923-1990) anadan olub. Qrafika ustası kimi tanınıb, görkəmli şəxsiyyətlərin portretlərini, kitablara illüstrasiyalar çəkib.

15 mart 1923 – Xalq artisti, aktyor Əkbər Hacı oğlu Qardaşbəyov (1923-2001) Naxçıvanda anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.

15 mart 1932 – Əməkdar rəssam Sima Abbas qızı Ağayeva (1932-2021) anadan olub.

15 mart 1941 – Şair, tərcüməçi, publisist İsa Mustafa oğlu İsmayılzadə (1941 – 14.7.1997) Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olub.

15 mart 1941 – Şair, yazıçı, tərcüməçi Ələkbər Salahzadə (Ələkbər Baba oğlu Məmmədsalahlı; 1941 – 1.9.2013) Quba rayonunun Cimi kəndində anadan olub.

15 mart 1949 – Xalq artisti, vokal ifaçısı Eldar Balağa oğlu Axundov (1949 – 17.9.2014) Lənkəranda doğulub.

 

16 mart 1882 – Xalq artisti, vokalçı Vasili Alekseyeviç Nikolski (1882-1967) anadan olub. Opera və Balet Teatrının solisti olub, Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.

16 mart 1906 – Əməkdar incəsənət xadimi, kamança ifaçısı, bəstəkar Qılman Balaməmməd oğlu Salahov (1906 – 12.10.1974) Bakıda doğulub. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəhbəri olub.

16 mart 1914 – Əməkdar incəsənət xadimi, rejissor Niyaz Səttar oğlu Şərifov (1914 – 15.5.1982) Bakıda anadan olub. Musiqili Komediya Teatrında çalışıb.

16 mart 1916 – Əməkdar incəsənət xadimi, bəstəkar Zakir Cavad oğlu Bağırov (1916 – 8.1.1996) Şuşada anadan olub. “Aygün” operası, “Kəndimizin mahnısı”, “Qayınana” operettaları, mahnı və romansların müəllifidir, tamaşalara musiqi yazıb.

16 mart 1940 – Cazmen, pianoçu, bəstəkar, caz-muğamın yaradıcısı, Əməkdar artist Vaqif Əziz oğlu Mustafazadə (1940 – 16.12. 1979) Bakıda doğulub. “Qafqaz” caz üçlüyü, “Sevil” vokal ansamblı və “Muğam” instrumental ansamblına rəhbərlik edib. Beynəlxalq müsabiqə və festivalların (Tallin, Tbilisi, Monte-Karlo) qalibi və laureatı olub.

16 mart 2020 – Xalq artisti Rafael Məlik oğlu Dadaşov (4.1.1946 – 2020) vəfat edib. Akademik Milli Dram Teatrının səhnəsində, filmlərdə (“Bəxt üzüyü”, “Mənim ağ şəhərim”), televiziya tamaşalarında yaddaqalan rollar oynayıb.

 

17 mart 1905 – Şair, nasir, tərcüməçi Mikayıl Manaf oğlu Rzaquluzadə (1905 – 10.11.1984) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir. Rus və dünya ədəbiyyatından bədii tərcümələr edib.

17 mart 1923 – Əməkdar artist Mirvari Balahacı qızı Novruzova (1923 – 20.3.1994) Bakıda doğulub. Akademik Milli Dram Teatrının aktrisası olub, filmlərdə, televiziya tamaşalarında çəkilib.

17 mart 1932 – Fəlsəfə elmləri doktoru, Əməkdar elm xadimi Zümrüd Əliqulu qızı Quluzadə (1932 – 26.9.2021) anadan olub. Nizami, Nəsimi və Füzulinin fəlsəfi görüşlərinə dair tədqiqatların müəllifidir.

 

18 mart 1916 – Şair, tərcüməçi Böyükağa Məmməd oğlu Qasımzadə (1916 - 29.8.1957) anadan olub. Rus ədəbiyyatından, M.Füzulinin “Yeddi cam” əsərini farscadan tərcümə edib.

18 mart 1922 – Dramaturq Qeybulla İbadulla oğlu Rəsulov (1922 – 11.9.1988) Qax rayonunun İlisu kəndində doğulub. Pyesləri: “Günəşlə oyananlar”, “Şəhərli oğlan”, “Bir “Volqa” məhəbbət” və s.

18 mart 1979 – Məşhur xanəndə, Xalq artisti Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşirov; 20.8.1901 – 1979) vəfat edib. “Şuşanın dağları”, “Ay gözəl” və s. mahnı və təsnifləri bəstələyib.

 

19 mart 1901 – Xalq artisti Ələkbər Seyfulla oğlu Seyfi (1901 – 15.12.1977) Tiflisdə anadan olub. 1929-cu ildə Bakı Türk İşçi Teatrına dəvət alıb. Filmlərdə (“Uşaqlığın son gecəsi”, “Mən ki gözəl deyildim”) çəkilib.

19 mart 1907 – Əməkdar artist Sadıq Saleh Xəlil oğlu Bağırov (1907-1977) Bakıda anadan olub. Dövlət Akademik Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib.

19 mart 1925 – Dövlət xadimi, yazıçı-publisist, maarifçi Nəriman Kərbəlayı Nəcəf oğlu Nərimanov (14.4.1870 – 1925) vəfat edib. Azərbaycanın sovetləşməsindən sonra respublika hökumətinin – Xalq Komissarları Şurasının sədri olub.

19 mart 1928 – Tanınmış aktyor Əfrasiyab Məmmədov (1928 – 18.11.1990) Gəncədə doğulub. Akademik Dram Teatrında çalışıb, Dövlət Kukla Teatrında rejissor işləyib. “Qızmar günəş altında”, “Koroğlu”, “Dədə Qorqud” və s. filmlərdə çəkilib.

19 mart 1994 – Xalq artisti, bəstəkar, cazmen Rafiq Babayev (31.3.1936 – 1994) Bakı metrosunda (“20 Yanvar” stansiyası) baş verən terror hadisəsində həlak olub.

 

20 mart 1879 – Xalq artisti, tanınmış opera müğənnisi, pedaqoq Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev; 1879 – 16.2.1945) anadan olub. İlk milli operamız olan “Leyli və Məcnun”da Məcnun rolunun birinci və uzun illər əvəzsiz ifaçısı olub.

20 mart 1906 – Əməkdar incəsənət xadimi, rejissor Ağəli Əliabbas oğlu Dadaşov (1906 – 7.12.1973) Bakıda doğulub. Akademik Dram, Gənc Tamaşaçılar, Gəncə, Naxçıvan teatrlarında, Azərbaycan Televiziyasında çalışıb. Dövlət İncəsənət İnstitutunda dərs deyib. 

20 mart 1912 – Azərbaycanın və Rusiyanın Xalq artisti, rejissor Ənvər Məcid oğlu Behbudov (1912-1998) anadan olub. Rusiyanın teatrlarında çalışıb. 60-70-ci illərdə Azərbaycanda Opera və Balet, Rus Dram teatrlarının baş rejissoru olub.

20 mart 1928 – Xalq rəssamı, heykəltəraş Kamal Camal oğlu Ələkbərov (1928 – 21.5.2009) Füzuli rayonunda anadan olub. “Azərbaycanfilm” kinostudiyasında Cəfər Cabbarlının heykəli, görkəmli şəxsiyyətlərin qəbirüstü abidələrinin müəllifidir.

20 mart 1945 – Azərbaycan dekorativ-tətbiqi sənətinin tanınmış nümayəndəsi, Əməkdar rəssam Zahid İsa oğlu Hüseynov (1945 – 27.7.2012) anadan olub. Azərbaycan Rəssamlıq Akademiyasının professoru olub.

Hazırladı: V.Orxan