Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

195 il əvvəl...

 

20 mart 1828-ci ildə çar I Nikolay Türkmənçay müqaviləsini (10 fevral 1828-ci il) təsdiq edib və Rusiyaya birləşdirilmiş İrəvan və Naxçıvan xanlıqları ərazisində “Erməni vilayəti”nin yaradılması barədə fərman verib. “Erməni vilayəti” 1840-cı ildə İrəvan qəzası adı ilə Tiflis-İmereti quberniyasının tərkibinə daxil edildi. 1849-cu ildə İrəvan quberniyası (1917-ci ilədək) təşkil edildi.

 

142 il əvvəl...

 

13 mart 1881-ci ildə Rusiya “Narodnaya volya”nın (“Xalqçılar”) inqilabçı-terror təşkilatının üzvləri çar II Aleksandrı qətlə yetiriblər. 1855-ci ildə taxta çıxan II Aleksandra qarşı 10 dəfə sui-qəsd təşkil edilmişdi. Halbuki o, mütərəqqi çar kimi tarixə düşmüş, taxta çıxandan sonra dekabristlərə amnistiya vermiş, təhkimçilik hüququnu ləğv etmiş (1861), dövlət idarəçiliyində islahatlar aparmışdı.

 

108 il əvvəl...

 

18 mart 1915-ci ildə Birinci Dünya müharibəsində Osmanlı ordusu ilə Antanta ittifaqının (Britaniya, Fransa, Rusiya) ingilis-fransız qoşunları arasında baş verən Çanaqqala savaşının (Gelibolu yarımadası) əsas mərhələsi (dəniz savaşı) türklərin zəfəri ilə başa çatıb. Bir ay ərzində Çanaqqala limanını müdafiə edən Osmanlı qoşunları ingilis-fransız qüvvələrini geri oturdub. Çanaqqalada quru döyüşləri 1916-cı ilin yanvarınadək sürdü.

 

102 il əvvəl...

 

16 mart 1921-ci ildə Rusiya ilə Türkiyə arasında dostluq və qardaşlıq haqqında Moskva müqaviləsi bağlanıb. Sənəddə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənir və Türkiyə bölgənin qarantı kimi çıxış edirdi. Moskva müqaviləsinin müddəaları əsasında 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan) imzalandı.

 

55 il əvvəl...

 

16 mart 1968-ci ildə ABŞ qoşunlarının Cənubi Vyetnamda apardığı müharibə zamanı Sonqmi kəndi əhalisi ilə birlikdə yandırılıb. Rəsmi statistikaya görə, kəndin 567 nəfər qoca, qadın və uşaq sakini qətlə yetirilmişdi.

 

31 il əvvəl...

 

13 mart 1992-ci ildə Türkiyənin Ərzincan vilayətində 6,8 bal gücündə zəlzələ baş verib. 8 minə yaxın binanın tamamən və qismən dağıldığı təbii fəlakət nəticəsində 653 nəfər ölmüşdü.

 

29 il əvvəl...

 

19 mart 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında terror aktı törədilib. Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb.

 

28 il əvvəl...

 

15-17 mart 1995-ci ildə Bakıda Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) qiyamı baş verib. Qiyamçılara XTPD-nin rəhbəri, daxili işlər nazirinin müavini Rövşən Cavadov başçılıq edirdi. Prezident Heydər Əliyev məsələni dinc yolla sahmanlamaq üçün bir sıra addımlar atdı, amma nəticə hasil olmadı. Martın 17-də qiyam zəruri güc tətbiq edilməsi ilə yatırıldı.

 

20 il əvvəl...

 

20 mart 2003-cü ildə ABŞ və Böyük Britaniya qoşunları Səddam Hüseyni devirmək üçün İraqa qarşı müharibəyə başlayıblar. Üç həftə sonra, aprelin 9-da Səddam rejimi devrildi. İraqda 200 mindən çox insanın həyatına son qoyan  müharibə isə illərlə davam etdi. ABŞ qoşunları İraqı 2021-ci ildə tərk etdi.

Hazırladı: V.Orxan