Tatarıstanın paytaxtı Kazanda keçirilən ənənəvi “Novruz” teatr festivalı bu il yayda gerçəkləşəcək. 5-11 iyun tarixlərinə nəzərdə tutulan XVI “Novruz” Beynəlxalq Teatr Festivalında iştirak edəcək tamaşaların seçimi artıq başa çatıb.

Teatr bayramında Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya, Adıgey, Dağıstan, Çeçenistan, Kabardin-Balkar, Çuvaşiya, Başqırdıstan, Saxa-Yakutiya, Altay, Tıva və Tatarıstan respublikalarını təmsil edən teatr kollektivləri iştirak edəcəklər. Moskvanın “Dram sənəti məktəbi” və “Et cetera” teatrları isə festivala məxsusi qonaq qismində qatılacaq. Tamaşalar Kazanın yeddi səhnəsində oynanılacaq.

Festivalın təsisçisi Tatarıstan Respublikası Mədəniyyət Nazirliyi, təşkilatçısı isə Q.Kamal adına Tatarıstan Dövlət Akademik Teatrıdır. 

Rusiya Federasiyası milli regionları arasında teatr əlaqələrinin inkişafı və möhkəmlənməsi məqsədilə keçirilən festival bu dəfə Şimali Qafqaz xalqlarının teatrlarına həsr olunub.

Gülcahan