Bölgələrdə monitorinqlərin nəticələri açıqlandı
Mədəniyyət və Turizm, İqtisadi İnkişaf nazirlikləri nümayəndələrinin daxil olduğu Monitorinq Qrupu tərəfindən Azərbaycanın bir neçə bölgəsində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə iyun ayının 11-dən başlanan və 3 həftə davam edən monitorinqlərin nəticələri bəlli olub.
Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən qəzetimizə daxil olan məlumata görə, Monitorinq Qrupu respublikanın qərb (Gəncə, Naftalan, Mingəçevir şəhərləri və Gədəbəy rayonu), şimal-qərb (Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı), şimal (Xaçmaz, Qusar, Quba) və cənub (Lənkəran, Lerik, Masallı) bölgələrində fəaliyyət göstərən 137 turizm xidməti obyektinə baxış keçirib. Monitorinq Qrupunun üzvləri tərəfindən obyektlərdə otaqların (kotteclərin) və çarpayıların sayı, xidmət haqqının maksimum və minimum hədləri, təklif olunmuş paketə daxil olan xidmətlərin çeşidi, hazırkı menecerlərin bu sahədəki bacarıqları, turizm şirkətləri ilə korporativ əməkdaşlıq imkanları və turizm məhsullarının satışı haqqında sorğular keçirilib, xidmət sahələrinin mövsümə hazırlığı və sanitariya vəziyyəti yoxlanılıb.
* * *
Qərb regionu üzrə obyektlərə baxış zamanı komissiya Gəncə şəhərindəki bir çox yerləşdirmə obyektlərinin mövsümə hazırlıq səviyyəsini qənaətbəxş hesab edib. Bu obyektlərdə ötən illərlə müqayisədə xidmət səviyyəsində müsbət irəliləyişlər müşahidə olunub. Burada obyektlərdə bir nəfərə yataq yerinin qiyməti səhər yeməyi daxil olmaqla, 40-120 manat arasında dəyişir. Gədəbəy rayonunda 4 lisenziyalı mehmanxana tipli obyektə baxış keçirilib. Bu obyektlərdəki mövcud şərait orta səviyyəli hesab edilib. Naftalan şəhərində iki sağlamlıq və istirahət mərkəzində - “Çinar Hotel & Spa Naftalan” və “Qaşaltı”da hər hansı nöqsan müəyyən edilməyib. Komissiyanın gəldiyi nəticəyə görə, Mingəçevir şəhərində fəaliyyət göstərən “Riverside” mehmanxanası və “Kür” Olimpiya-İdman Kompleksi də müasir tələblərə tam cavab verir.
* * *
Şimal-qərb regionu üzrə monitorinqin nəticələrini də qənaətbəxş hesab etmək olar. Belə ki, Balakən rayonunda 162 yerlik 3 mehmanxana və mehmanxana tipli yerləşdirmə obyekti, Zaqatalada 302 yerlik 6, Qax rayonunda isə 575 yerlik 12 mehmanxana və mehmanxana tipli yerləşdirmə obyekti var. Bunların 15-i müvafiq lisenziya əsasında fəaliyyət göstərir. Bu obyektlərə baxış zamanı məlum olub ki, onlarda təqdim olunan otaqların və digər xidmət sahələrinin hazırlıq səviyyəsi qənaətbəxşdir. Turistlərin istirahəti üçün açıq hovuz, masaj, sauna, tennis və futbol meydançaları, dağ gəzintisi və s. xidmətlər göstərilir. Adıçəkilən obyektlərdə səhər yeməyi daxil olmaqla, 1 nəfər üçün qiymət 15-80 manat arasında dəyişir.
Şəki şəhərində 944 yerlik 18 mehmanxana və mehmanxana tipli yerləşdirmə obyekti var ki, bunlardan 11-i müvafiq lisenziya əsasında fəaliyyət göstərir. Baxış zamanı əksər obyektlərdə təqdim olunan otaqların və digər xidmət sahələrinin hazırlıq səviyyəsi qənaətbəxş hesab edilib. Şəkidə yerləşən obyektlərdə də qiymətlər səhər yeməyi daxil olmaqla, 1 nəfər üçün 15-80 manat arasında dəyişir. Bir sıra obyektlərdə qeyd-qəbul (reception) bölməsinin olmaması, xidmət çeşidinin azlığı, turizm şirkətləri ilə sıx əməkdaşlıq edilməməsi və informasiya xarakterli məlumatların olmaması irad kimi bildirilib.
Qəbələ rayonunda 1577 yerlik 16 mehmanxana və mehmanxana tipli yerləşdirmə obyekti var. Bunlardan 9 obyekt müvafiq lisenziya əsasında fəaliyyət göstərir. Bu obyektlərə baxış keçirilən zaman müəyyən olub ki, sözügedən mehmanxanalar göstərilən xidmətlərin səviyyəsinin yüksək olması ilə regionun digər mehmanxanalarından əsaslı surətdə fərqlənir və burada turistlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Qəbələdə yerləşən obyektlərdə qiymətlər səhər yeməyi daxil olmaqla, 1 nəfər üçün 20-80 manat arasında dəyişir.
İsmayıllı və Şamaxı rayonlarının hər birində müvafiq olaraq 827 yerlik 19 (9-u lisenziya ilə) və 522 yerlik 16 mehmanxana və mehmanxana tipli obyekt (12-si lisenziyalı) fəaliyyət göstərir. Bu rayonlarda əksər obyektlərdə təqdim olunan otaqların və digər xidmət sahələrinin hazırlıq səviyyəsi qənaətbəxş hesab olunub. Burada 1 nəfər üçün qiymətlər, səhər yeməyi daxil olmaqla, 20-60 manat arasında dəyişir.
Şimal-qərb bölgəsində Balakən rayonu üzrə “Azpetrol” moteli, Qax rayonu üzrə “El Resort”, “Alma Bağı” və “Kürmük” istirahət mərkəzləri, Şəki şəhəri üzrə “Azpetrol” mehmanxanası, “Çay Bağı” və “Şam Bağı” istirahət mərkəzləri, İsmayıllı rayonu üzrə “Green House”, “Çıraq”, “Kələmərc” və Şamaxı rayonu üzrə “Magic Life” istirahət mərkəzlərinin lisenziyasız fəaliyyət göstərdiyi müəyyən edilib və qısa zamanda lisenziya almalarına dair müvafiq aktlar tərtib olunub.
* * *
Şimal bölgəsi üzrə isə Xaçmaz, Qusar və Quba rayonlarında fəaliyyət göstərən obyektlərdə monitorinq aparılıb. Xaçmazın Nabran zonasında Monitorinq Qrupu tərəfindən 34-ə yaxın mehmanxana və mehmanxana tipli obyektə, Qusar rayonunda isə 6 obyektə baxış keçirilib. Nabranda yerli və xarici turistlərin daha çox axın etdiyi istirahət mərkəzləri mövsümə hazır sayılıb. Bu obyektlərdə ötən illərlə müqayisədə həm qiymətlərdə müəyyən ucuzlaşma müşahidə olunur, həm də xidmət səviyyəsində müsbət irəliləyişlər var. Bu istirahət mərkəzlərinin hər birində turistlərə gündə 3 dəfə yemək və yaşayış xidmətləri təklif olunur. Qiymətlər isə 25-50 manat arasında dəyişir. “Qusar Olimpiya Kompleksi” mövcud standartlara tam cavab verir. Burada səhər yeməyi daxil olmaqla, 2 nəfərlik 1 nömrənin qiyməti 80 manata təklif olunur.
Quba rayonunda ümumilikdə yay mövsümünə hazırlıq səviyyəsi kafi hesab edilib. Rayon üzrə turizm xidməti obyektlərində xidmətin dəyəri adambaşına 15 manatdan 50 manata qədər dəyişir. Bu qiymətlərə səhər yeməyi daxildir. Rayonda 14 mehmanxana və mehmanxana tipli obyektdə monitorinq aparılıb.
* * *
Nəhayət, cənub bölgəsi üzrə Lənkəran şəhərində, Masallı və Lerik rayonlarında turizm xidməti obyektlərinə baxış keçirilib. Lənkəran şəhərində monitorinq aparılmış 9 mehmanxana və mehmanxana tipli obyektin (qiymətlər 1 nəfər üçün 10-40 manat arasında dəyişir) bəzilərinin mövsümə hazırlıq səviyyəsi qənaətbəxş hesab olunsa da, bir neçə istirahət mərkəzində nöqsanlar aşkar edilib.
Lerik rayonunda 10, Masallıda isə 26 mehmanxana tipli obyektdə monitorinq aparılıb. Lerikdə fəaliyyət göstərən “Relax” müasir standartlara tam uyğundur. Burada səhər yeməyi daxil olmaqla, 2 nəfərlik 1 nömrənin qiyməti 80 manatdır. “Xəyal”, “Həyat” istirahət mərkəzlərinin rəhbərliyinə isə çatışmazlıqlarla bağlı iradlar bildirilib.
Masallı rayonunda ümumilikdə yay mövsümünə hazırlıq səviyyəsi kafi hesab edilib. Buradakı turizm xidməti obyektlərində göstərilən xidmətin dəyəri adambaşına 10-50 manat arasında dəyişir. Bu qiymətlərə səhər yeməyi də daxildir. Rayonda lisenziyasız fəaliyyət göstərən istirahət mərkəzlərinə qısa zamanda lisenziya almaq tövsiyə olunub.
* * *
Aparılan monitorinqlər zamanı bütün bölgələr üzrə yerləşdirmə obyektlərində bir nəfər üçün yataq yeri qiymətinin ötən illə müqayisədə 10-20% arasında ucuzlaşması, mehmanxana və mehmanxana tipli obyektlərdə turistlərə göstərilən əlavə xidmətlərin sayının 20-25% artması, bölgələrdə turizm xidmətlərinin çeşidinin əvvəlki illərə nisbətən 10-15% artması və əhalinin bütün təbəqələrinin ödəniş qabiliyyətinə uyğun yataq yerlərinin təklif olunması müşahidə olunub. Bununla yanaşı, Xəzər dənizi sahilinin Xaçmaz rayonu ərazisində yerləşən çimərlik hissəsinin qeyri-qənaətbəxş olduğu, sanitar-gigiyenik normalara əməl olunmadığı və aidiyyəti qurumlar tərəfindən təmizlik işlərinin aparılmadığı da məlum olub. Bu da regiona gələn turistlərin haqlı narazılıqlarına səbəb olur və bölgədə turizmin inkişafına mane olan amillərdən hesab edilir.
Ümumilikdə götürdükdə isə Monitorinq Qrupu bölgələrdə turizm xidməti sahəsində müsbət irəliləyişlərin olması qənaətinə gəlib. Belə ki, müəyyən faiz dərəcələrində qiymətlərin ucuzlaşması, hər il yeni əyləncə növlərinin yaradılması, bölgələrdə bir çox istirahət mərkəzinin artıq turizm şirkətləri ilə əməkdaşlıq etməsi diqqəti cəlb edir.
Monitorinq Qrupunun rəyinə görə, qərb regionunda Gəncə, cənub regionunda Lənkəran beynəlxalq hava limanlarından səmərəli istifadə etməklə Rusiya turistlərinin bölgəyə səfərlərinin təşkil olunması üçün geniş imkanlar var. Hazırda Gəncədə, Lənkəranda və Qəbələdə fəaliyyət göstərən beynəlxalq hava limanlarından Rusiyanın böyük şəhərlərinə (Moskva, Sankt-Peterburq, Yekaterinburq və Surqut) birbaşa aviareyslərlə sərnişin daşımaları həyata keçirilir. Bu regionlarda yerləşən istirahət mərkəzlərinin rəhbərlərinə Rusiyadan turistlərin cəlb olunması üçün cəlbedici turların yaradılması istiqamətində işlərin aparılması tövsiyə olunub.
* * *
Monitorinq Qrupu nəticələri nəzərə alaraq, bir sıra təkliflər də irəli sürür. Qrup üzvlərinin qənaətinə görə, «Şahdağ» Qış-Yay Turizm Kompleksinin nümunəsində mövcud təcrübəni nəzərə alaraq hər bir bölgə üzrə turizmin müxtəlif növlərini inkişaf etdirmək və ölkədə turizm mövsümü günlərinin sayını artırmaq mümkündür. Bunun üçün dövlətlə özəl sektorun tərəfdaşlığı çərçivəsində Xəzər dənizinin sahil ərazilərində və turizm üçün əlverişli olan digər ərazilərdə müasir standartlara cavab verən turizm komplekslərinin yaradılması məqsədilə torpaq sahələrinin ayrılması, irihəcmli turizm layihələrinin hazırlanması və investisiyanın cəlb edilməsini, irihəcmli investisiyalara vergi güzəştlərinin tətbiq edilməsini təmin etmək lazımdır. Həmçinin regionlarda fəaliyyət göstərən orta səviyyəli mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin xidmət səviyyəsinin yaxşılaşdırılması məqsədilə Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə turizmdə çalışan orta və kiçik sahibkarlığa təyinatlı güzəştli kreditlərin həcmi artırılmalı, bölgələrdə mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin tikintisinə yerli rayon icra hakimiyyətləri tərəfindən razılıq verilən zaman Mədəniyyət və Turizm Nazirliyinin rəyi nəzərə alınmalıdır. Bölgələrdə mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində çalışan personalın peşə hazırlığı səviyyəsini yaxşılaşdırmaq üçün Bakıda, Qusarda və digər rayonlarda peşə hazırlığı üzrə təhsil müəssisələrinin yaradılması işi sürətləndirilməlidir.
Fəxriyyə Abdullayeva