Füzuli və Kürdəmir məktəblilərinin konserti

 

Martın 16-da Kürdəmir Regional Mədəniyyət İdarəsi və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Günəşə qovuşmaq istəyirəm mən!” adlı konsert keçirilib.

Adını Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Elegiya” şeirinin misrasından götürən konsertdən öncə filarmoniyanın foyesində uşaqların vətən və yurd sevgisini əks etdirən əl işlərinə baxış keçirilib.

Konsert Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə başlayıb. Hazırda regional idarənin tabeliyində fəaliyyət göstərən Füzuli rayonu uşaq musiqi, incəsənət məktəblərinin və Kürdəmir rayon Uşaq incəsənət məktəbinin şagirdlərindən ibarət ansamblın, xor kollektivlərinin çıxışları, şagirdlərin ifasında səslənən bəstəkar və xalq mahnıları, rəqslər, xarici ölkələrin musiqi nümunələri alqışlarla qarşılanıb.

Ulu öndər Heydər Əliyevin əbədiyaşar müstəqil Azərbaycan sevgisinin, mədəniyyətimizə qayğısının, uşaqlara məhəbbətinin təcəssümü olan konsert proqramının iştirakçıları Azərbaycan musiqisinin xoş gələcəyinin müjdəçiləri olaraq öz ifaçılıq bacarıqlarını nümayış etdiriblər. Vaxtilə erməni işğalı nəticəsində məcburi köçkünə çevrilmiş ailələrdə doğulmuş iştirakçılar növbəti belə konserti doğma yurdlarında keçiriləcəkləri inamı ilə dövlətimizin başçısına minnətdarlıq və sevgilərini musiqi ilə ifadə ediblər.

Tədbirdə Mədəniyyət Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin təmsilçiləri, sənət adamları, ictimaiyyət nümayəndələri iştirak ediblər.