“Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunda “Qədim Novruz töhfələri” adlı sərgi açılıb. Qoruğun “NUR Art House” xalça qalereyası və “Azərbaycan Xalçaçıları” İctimai Birliyi ilə birgə təşkil etdiyi tədbirdə Ağsu rayon Mərkəzi kitabxanasının, Mədəniyyət Mərkəzinin əməkdaşları, Ülgüc və Gəgəli kəndlərinin ictimaiyyət nümayəndələri, rayon məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Umud Cavid, İsmayıllı Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Cavanşir Şeydazadə, Gənclər və İdman idarəsinin rəis müavini Rəşad Osmanov, Ağsu Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sevda Dəmirova, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Ağsu rayonu üzrə abidə mühafizəçisi Allahverdi Qənbərov çıxış edərək sərginin əhəmiyyətini vurğulayıblar.

“Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Şölə Bayramova bildirib ki, sərginin əsas məqsədi milli sənət növlərinə aid yaradıcılıq nümunələrini tanıtmaq, gənc nəslin bu sənətlərə marağını təşviq etməkdir.

Qoruğun Ekspozisiya və kütləvi ekskursiya şöbəsinin müdiri, “Azərbaycan Xalçaçıları” İctimai Birliyinin üzvü Səma Alməmmədli, qoruğun bələdçisi Xoşqədəm Əkbərova sərgi barədə məlumat veriblər. Diqqətə çatdırılıb ki, sərgidə birlik üzvlərindən Eldar Hacıyev, Natiq Nəcəfzadə və digərlərinin xalça, bədii tikmə, ağacoyma kimi dekorativ-tətbiqi sənət, eləcə də təsviri sənət nümunələri nümayiş olunur.

Tədbirdə xanəndə Orxan Habiloğlunun rəhbərliyi ilə “ Ana laylası” ansamblı konsert proqramı ilə çıxış edib. Məktəblilərin ifasında mahnı və rəqslər də maraqla qarşılanıb. Tədbirdə yumurta döyüşdürülüb, haxıştalar və Novruza aid şeirlər səsləndirilib.

Azərbaycan milli mətbəxinin təamları, folklor və qədim sənətkarlıq nümunələrinin də təqdim olunduğu sərgi 18 aprel tarixinə qədər ziyarətçilər üçün açıq olacaq.