Xəbər verdiyimiz kimi, bu yaxınlarda Şamaxı şəhərində orta əsrlər Şirvanşahlar dövlətinə məxsus sarayın qalıqları aşkarlanıb. Şəhərdəki 1 saylı orta məktəbin ərazisində yeni tədris binası inşa edilərkən qazıntı işləri zamanı tarixi abidənin divarları üzə çıxıb.
Ərazidə aparılan arxeoloji tədqiqat işləri zamanı müəyyən edilib ki, həmin tikili Şirvan şahlarının XI-XII əsrlərdə inşa etdirdiyi saraydır. Bu günədək 900 kvadratmetr ərazidə aparılan arxeoloji qazıntı işləri zamanı məişət və təsərrüfat qabları, sikkələr, su xətləri aşkar edilib.
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı Arxeoloji Ekspedisiyasının rəhbəri Şirzad Əhmədov belə bir tarixi abidənin tapılmasını ölkəmizdə arxeoloji turizmin inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirir. Onun sözlərinə görə, bu məkan maraqlı turizm obyekti ola bilər: “Azərbaycan xalqı dünya mədəniyyətinə böyük töhfələr verib. Bu töhfə maddi-mədəniyyət baxımından öz əksini arxeoloji abidələrdə də saxlayır. İnkişaf etmiş ölkələrdə arxeoloji turizm çoxdan diqqət mərkəzindədir. Sevindirici haldır ki, son vaxtlar Azərbaycanda da bu istiqamətdə işlər görülür. Sadəcə, turistləri cəlb etmək və onların rahatlığı üçün müəyyən işləri görmək lazımdır”.
Arxeoloqun sözlərinə görə, 1192-ci ildə Şamaxıda baş verən güclü zəlzələ zamanı Beyləqanda səfərdə olan Şirvanşah I Axsitanın ailə üzvləri sarayın dağılması nəticəsində məhv olublar: «Bunlar hamısı tarixi faktlardır. Fikrimcə, bu məlumatlar turistlər üçün də maraqlı olar. Ərazidə bərpa və konservasiya işləri aparmaq və onu turizm nümayiş obyektinə çevirmək mümkündür».
Qeyd edək ki, Şamaxıda Şirvanşahlar dövründə inşa edilən məscidlər, körpülər, hamamlar, karvansaralar, «Gündəyməz» müdafiə istehkamı, «Gülüstan», «Quşçu», «Başıbağlı» qalaları, digər tarixi abidə və maddi-mədəniyyət nümunələri var.
Fəxriyyə