Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

222 il əvvəl...

 

24 mart 1801-ci ildə Rusiya imperiyasında növbəti saray çevrilişi olub. Oğlu Aleksandrın razılığı ilə çar I Pavel qətlə yetirilib. Bundan sonra Rusiya taxt-tacında I Aleksandrın 24 illik çarlığı başlayıb.

 

80 il əvvəl...

 

23 mart 1943-cü ildə alman faşistləri Belarusun Xatın kəndini əsasən, qoca-qadın və uşaqlardan ibarət əhalisi ilə birlikdə yandırıblar. Kənddə 149 nəfər, o cümlədən 75 uşaq qətlə yetirilmişdi.

 

78 il əvvəl...

 

27 mart 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası fəaliyyətə başlayıb. Akademiya SSRİ Xalq Komissarları Sovetinin 23 yanvar 1945-ci il tarixli qərarı ilə SSRİ EA-nın Azərbaycan Filialının bazasında təşkil olunmuşdu. SSRİ-nin müsəlman respublikaları arasında ilk EA Azərbaycanda yaranmışdı.

 

76 il əvvəl...

 

23 mart 1947-ci ildə Britaniyanın Hindistan üzərində müstəmləkəsi dağılandan sonra Pakistan da müstəqilliyini elan edib. 1956-cı ildən Pakistan İslam Respublikası adlanır. Hindistanla Pakistanın ayrılması münaqişəsiz ötüşmədi, 1965 və 1971-ci illərdə iki ölkə arasında müharibə baş verdi. Münaqişəli Kəşmir məsələsi indiyədək həll edilməyib.

 

52 il əvvəl...

 

26 mart 1971-ci ildə Banqladeş Pakistandan ayrılıb. Britaniyanın müstəmləkəsi olan Banqladeş 1947-ci ildə Pakistan müstəqillik qazanarkən bu dövlətin tərkibində əyalət (Şərqi Benqaliya) idi. 1971-ci ildə referendum nəticəsində Pakistandan ayrılaraq müstəqil dövlət oldu. Ayrılma qarşılıqlı razılaşma əsasında baş verdi.

 

44 il əvvəl...

 

26 mart 1979-cu ildə Vaşinqtonda (Kemp-Devid iqamətgahı) ABŞ-nin vasitəçiliyi ilə ilyarım sürən İsrail-Misir danışıqları sülh müqaviləsi ilə yekunlaşıb. Sənədi İsrailin Baş naziri Menahem Beqin və Misir Prezidenti Ənvər Sədat imzalamışdı. Müqaviləyə (“torpaq əvəzinə sülh”) əsasən, İsrail işğal etdiyi Sinay yarımadasından çəkildi, Misir də onun suverenliyini qeyd-şərtsiz tanıdı.

 

34 il əvvəl...

 

26 mart 1989-cu ildə SSRİ-də alternativlik şəraitində ilk seçki keçirilib. SSRİ Xalq Deputatları Qurultayının 2250 deputat (ərazi, milli-ərazi seçki dairələri və ictimai təşkilatlar üzrə 750 nəfər kvota) yeri uğrunda 10 min namizəd mübarizə aparıb.

 

33 il əvvəl...

 

24 mart 1990-cı ildə Azərbaycanın Qazax rayonunun Ermənistanla həmsərhəd kəndləri erməni silahlı dəstələrinin hücumuna məruz qalıb. Basqın nəticəsində rayonun Bağanis Ayrım kəndində ermənilər tərəfindən törədilmiş qırğın zamanı yeddi dinc sakin qətlə yetirilib. Həmin günlərdə rayonun Yuxarı Əskipara, Aşağı Əskipara, Məzəm kəndlərində onlarla sakin öldürülüb və yaralanıb.

 

31 il əvvəl...

 

24 mart 1992-ci ildə ATƏM (1995-ci ildən ATƏT) Şurasının Helsinkidə keçirilən toplantısında Qarabağ münaqişəsinin nizamlanması üzrə Minskdə konfrans keçirmək barədə qərar qəbul edilib. Sonrakı müddətdə Minsk konfransı çağırılmadı, vasitəçilik təsisatı kimi formalaşan Minsk qrupu isə heç nəyə nail olmadı.

Hazırladı: V.Orxan