Mstislav Rostropoviçin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş musiqi axşamı
Martın 27-də dünya şöhrətli musiqiçi, violonçel ifaçısı, dirijor, bəstəkar, həmvətənimiz Mstislav Rostropoviçin (1927-2007) anadan olmasının 96-cı ildönümü tamam oldu. Maestronun zəngin yaradıcılığı dünya musiqi mədəniyyətində silinməz izlər qoyub.
M.Rostropoviç 1927-ci il martın 27-də Bakıda violonçelçi L.Rostropoviç və piano ifaçısı S.Fedotovanın ailəsində dünyaya göz açıb. Evdəki sənət ab-havası onu kiçik yaşlarından musiqiyə bağlayıb. Rostropoviçlər ailəsi 1931-ci ildə Bakıdan Moskvaya köçüb. Amma gələcəyin böyük musiqiçisi doğulduğu şəhəri, Azərbaycanı unutmayıb.
1971-72-ci illərdə Azərbaycanın rəhbəri Heydər Əliyevin dəvəti ilə M.Rostropoviç qastrol səfərləri ilə Bakıya gəlib. Maestro Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və dirijorlar – Rusiyanın Əməkdar artisti pianoçu Aleksandr Dedyuxin və Azərbaycanın Xalq artisti Niyazi ilə birgə konsertlər verib.
İllər sonra, 1997-ci ildə Prezident Heydər Əliyevin dəvəti ilə M.Rostropoviç yenidən Bakıya gəlir. Maestronun 70 illik yubileyi təntənəli şəkildə qeyd olunur. Prezident Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildə musiqiçinin ailəsi ilə Bakıda yaşadığı ünvanda Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyi yaradılır, muzeyin yerləşdiyi küçəyə də Rostropoviçlərin adı verilir.
M.Rostropoviç bundan sonra, demək olar ki, hər il Bakıya gəlirdi. O, 1998-ci ildə “Şöhrət”, 2002-ci ildə “İstiqlal” ordenləri ilə, 2007-ci ildə isə Azərbaycanın ən yüksək mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Rostropoviçlərin ev-muzeyində maestronun doğum günü hər il xüsusi tədbirlərlə qeyd olunur. Martın 29-da muzeydə Mstislav Rostropoviçin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Adagio” adlı klassik musiqi axşamı keçirilib.
Konsertdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbi şagirdlərinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib. Muzeyin əməkdaşları maestronun həyat və yaradıcılığından söz açıblar. M.Rostropoviçə həsr edilmiş “Günəbaxan” sənədli film nümayiş olunub.
Sonda şagirdlərə muzey tərəfindən təşəkkürnamələr təqdim edilib.