Azərbaycan

 

31 mart 1861 – Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, bənzərsiz muğam ifaçısı, Xalq artisti Cabbar Qaryağdıoğlu (1861 – 20.4.1944) Şuşada doğulub. 1906-1912-ci illərdə Kiyev, Moskva və Varşavada ilk azərbaycanlı xanəndə olaraq ifası qrammofon valına yazılıb.

31 mart 1936 – Xalq artisti, bəstəkar Rafiq Fərzi oğlu Babayev (1936 – 19.3.1994) anadan olub. “Cəngi” folklor-caz kollektivinin yaradıcısı olub. Filmlərə (“Anlamaq istəyirəm”, “Cin mikrorayonda”) musiqi bəstələyib.

31 mart 1948 – Əməkdar rəssam İsmayıl Əsəd oğlu Məmmədov (1948 – 12.12.2016) anadan olub. Akademik Milli Dram, Musiqili Komediya teatrlarında quruluşçu rəssam işləyib.

 

1 aprel 1905 – Əməkdar incəsənət xadimi Əsgər Cəfər oğlu İsmayılov (1905 – 13.11.1983) Tiflisdə doğulub. “Azərbaycanfilm” kinostudiyasında bədii (“Qara daşlar”, “Kölgələr sürünür”) və sənədli (“Bakıdan Göygölədək”, 1947, ilk Azərbaycan rəngli filmi)  filmlərin operatoru olub.

1 aprel 1916 – Tanınmış şair Ənvər Əliverdi oğlu Əlibəyli (1916 – 7.5.1968) anadan olub. “Sənin adınla”, “İlk məhəbbət”, “Elə xoşbəxtəm ki!” və s. kitabların müəllifidir. Şeirlərinə mahnılar bəstələnib. Radio və Televiziya Verilişləri Komitəsinin sədri (1964-1968) işləyib.

1 aprel 1921 – Əməkdar mədəniyyət işçisi Əminə Cəfər qızı Cəfərova (1921-2005) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında səs texniki, rəng tənzimləyicisi işləyib. 

1 aprel 1924 – Xalq artisti, müğənni Abdulla Murtuz oğlu Babayev (1924-2015) Naxçıvan MR Babək rayonunun Tumbul kəndində anadan olub.

1 aprel 1929 – Məşhur xanəndə Ələsgər Baba oğlu Abdullayev (Şəkili Ələsgər; 1866–1929) vəfat edib.

1 aprel 1949 – Dilçi alim, Əməkdar elm xadimi Nizami Manaf oğlu Xudiyev (1949 – 25.5.2021) Naxçıvan MR Şahbuz rayonunda anadan olub. “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin sədri, Milli Məclisin deputatı olub.

1 aprel 1954 – Əməkdar incəsənət xadimi, opera müğənnisi Əhməd Bəşir oğlu Ağdamski (Bədəlbəyli; 5.1.1884 – 1954) vəfat edib.

1 aprel 1980 – Görkəmli aktyor, Xalq artisti İsmayıl Yusif oğlu Dağıstanlı (Hacıyev; 6.1.1907 – 1980) vəfat edib.

1 aprel 1981 – Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev; 19.5.1910 – 1981) vəfat edib. Respublika Yazıçılar İttifaqının sədri (1938-1939), kinematoqrafiya naziri (1945-1948) olub.

1 aprel 2014 – Xalq yazıçısı  İsa Mustafa oğlu Hüseynov (Muğanna; 12.6.1928 – 2014) vəfat edib. “Tütək səsi”, “Nəsimi” və s. filmlərin ssenari müəllifidir.

1 aprel 2019 – Prezident İlham Əliyev görkəmli bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Soltan Hacıbəyovun 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

1 aprel 2022 – Xalq artisti, rejissor Zülfüqar Qulu oğlu Abbasov (3.5.1940 – 2022) vəfat edib. Qazax Dram Teatrında işləyib, Mingəçevir Dram Teatrının baş rejissoru və direktoru olub.

 

2 aprel 1931 – Xalq rəssamı Altay Əmir oğlu Hacıyev (1931 – 12.2.2019) anadan olub. Qrafika nümunələrinin, portretlər silsiləsinin (“Tomris”, “Məhsəti Gəncəvi”, “Sara Xatın”, “Xurşidbanu Natəvan”, “Aşıq Pəri” və s.) və s. əsərlərin müəllifidir.

 

2 aprel 1932 – Ədəbiyyatşünas, yazıçı, tərcüməçi Xeyrulla Salman oğlu Əliyev (1932–2021) Cəlilabad rayonunun Göytəpə qəsəbəsində doğulub. Milli Məclisin (1991-1995) üzvü, Mədəniyyət və dini əqidə məsələləri komissiyasının sədr müavini olub.

 

3 aprel 1908 – Azərbaycanın ilk akademik-filosofu Heydər Nəcəf oğlu Hüseynov (1908-1950) İrəvanda doğulub. Fəlsəfi və ədəbi fikir tariximizə dair tədqiqatların müəllifidir. İki dəfə Dövlət (Stalin) mükafatına layiq görülüb.

3 aprel 1922 – Tanınmış tarixçi və arxeoloq, dünyanın ən qədim insan məskənlərindən olan Azıx paleolit düşərgəsinin ilk tədqiqatçısı Məmmədəli Murad oğlu Hüseynov (1922-1994) Qazax rayonunun Molla Cəfərli kəndində anadan olub.

3 aprel 2000 – Prezident Heydər Əliyev tanınmış yazıçı və dramaturq Sabit Rəhmanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

3 aprel 2012 – Prezident İlham Əliyev Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şairə Xurşidbanu Natəvanın 180 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

3 aprel 2014 – Prezident İlham Əliyev milli teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Barat Şəkinskayanın 100 illiyi haqqında sərəncam imzalayıb.

 

4 aprel 1898 – Mədəni-maarif xadimi Məryəm Teymur qızı Bayraməlibəyova-Məlik-Yeqanova (1898-1987) Lənkəranda anadan olub. 30-40-cı illərdə repressiyaya məruz qalıb, sürgündə yaşayıb.

4 aprel 1913 – Xalq artisti Əli Yusif oğlu Zeynalov (1913 – 4.1.1988) Salyanda doğulub. İrəvan Dövlət Azərbaycan Dram Teatrında, Akademik Milli Dram Teatrında çalışıb. “Kölgələr sürünür”, “Bir qalanın sirri”, “Həyat bizi sınayır” və s. filmlərdə çəkilib, bir sıra filmlərdə aparıcı rolları səsləndirib.

4 aprel 1931 – Teatrşünas, professor, AMEA-nın müxbir üzvü İnqilab Saleh oğlu Kərimov (1931 – 22.7.2011) Göyçayda anadan olub.

4 aprel 1935 – Xalq artisti Muxtar Qəmbər oğlu Maniyev (1935 – 22.12.2016) Bakıda doğulub. Akademik Dram Teatrının aktyoru olub. 50-dən çox filmdə (“İnsan məskən salır”, “Bizim Cəbiş müəllim”, “Nəsimi”, “Nizami”, “Ölsəm... bağışla” və s.) maraqlı obrazlar yaradıb.

 

Dünya

 

31 mart 1732 – Avstriya bəstəkarı Frans Yozef Haydn (Franz Joseph Haydn; 1732-1809) anadan olub.

31 mart 1871 – Görkəmli teatr rejissoru Aleksandr Aleksandroviç Tuqanov (1871-1960) Moskvada anadan olub. 1924-cü ildən Azərbaycan Dövlət Akademik Dram Teatrında, 1937-ci ildən Gənc Tamaşaçılar Teatrında baş rejissor işləyib. Dövlət Teatr İnstitutunda dərs deyib. Azərbaycanın Xalq artisti adına layiq görülüb.

31 mart 1914 – Meksika şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1990) laureatı Oktavio Pas (Octavio Paz; 1914-1998) anadan olub.

 

1 aprel 1809 – Rus yazıçı-dramaturqu Nikolay Vasilyeviç Qoqol (Yanovski; 1809 - 4.3.1852) anadan olub. “Ölü canlar” romanı, “Müfəttiş”, “Evlənmə” pyesləri və s. əsərlərin müəllifidir.

1 aprel 1873 – Rus bəstəkarı, pianoçu Sergey Vasilyeviç Raxmaninov (1873-1943) anadan olub. 1917-ci ildə Amerikaya mühacirət edib.

 

2 aprel 1805 – Danimarkalı yazıçı, dünya şöhrətli nağılbaz Hans Kristian (Christian) Andersen (1805-1875) anadan olub. Andersenin xatirəsinə ehtiram olaraq 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurasının (İBBY) təşəbbüsü ilə 2 aprel “Beynəlxalq Uşaq Kitabı Günü” elan olunub.

2 aprel 1840 – Fransız yazıçısı, naturalizm ədəbi cərəyanının nəzəriyyəçisi Emil Zolya (Emile Zola; 1840 – 29.9.1902) anadan olub. İyirmi romandan ibarət “Ruqonlar və Makkarlar” epopeyasının müəllifidir.

 

3 aprel 1783 – Amerika yazıçısı, tarixçi Vaşinqton İrvinq (Washington İrving; 1783-1859) anadan olub.

3 aprel 1918 – Ukrayna yazıçısı Oles (Aleksandr) Qonçar (1918-1995) anadan olub.

3 aprel 1924 – Amerika aktyoru Marlon Brando (1924-2004) anadan olub. Filmləri: “Limanda” (“Oskar”, 1954), “Xaç atası” (“Oskar”, 1972), “Parisdə sonuncu tanqo” və s.

 

4 aprel 1818 – İngilis yazıçısı, macəra romanlarının (“Başsız atlı”) müəllifi Mayn Rid (Thomas Mayne Reid; 1818-1883) anadan olub.

4 aprel 1932 – Rus kinorejissoru və ssenaristi Andrey Tarkovski (1932-1986) anadan olub. “İvanın uşaqlığı”, “Andrey Rublyov”, “Stalker” və s. filmlərin müəllifidir.

Hazırladı: V.Orxan