Xəbər verdiyimiz kimi, bu il Sumqayıt Dövlət Dram Teatrının 55 illik yubileyidir. 12 mart 1968-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Sumqayıt Dövlət Gənclər Teatrı yaradılıb. Teatrın ilk tamaşası (“Müsyö Jordan və dərviş Məstəli şah”) 1969-cu ilin 14 martında nümayiş olunub. 1970-ci ildə Sumqayıt Dövlət Dram Teatrı adlandırılıb.
Sumqayıt Dövlət Dram Teatrının 55 illik yubileyi ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva teatrın bir qrup əməkdaşını qəbul edib.
Millət vəkili teatr sənətinin xalqın mədəni həyatında, cəmiyyətin inkişafında, xüsusilə gənc nəslin formalaşmasında teatrların rolu barədə söz açıb, 55 ildə zəngin sənət yolu keçən Sumqayıt Dövlət Dram Teatrının peşəkar milli teatr tariximizdə məxsusi yeri olduğunu deyib. Komitə sədri qardaş türkdilli ölkələrin teatr əməkdaşlığının da əhəmiyyətini qeyd edərək gələcəkdə beynəlxalq əməkdaşlıqda Sumqayıt teatrının kollektivini də görmək istədiyini bildirib, kollektivə uğurlar arzulayıb.
Teatrın direktor səlahiyyətlərini icra edən Əməkdar artist Vidadi Məmmədov, baş rejissor Xalq artisti Firudin Məhərrəmov, Əməkdar artist Fənarə Musayeva, truppa müdiri Əməkdar mədəniyyət işçisi Zöhrəli Əliyev görüşə və diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Sonda Qənirə Paşayeva kollektiv üzvlərinə xatirə hədiyyələri təqdim edib.