Azərbaycan tarixinin ən qanlı səhifələrindən olan 1918-ci ilin mart qırğınlarından 105 il ötür. Yerlərdə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bir sıra tədbirlər keçirilib.
Tovuz rayonundakı Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində “31 Mart – tariximizin faciəli səhifəsi” mövzusunda tədbir keçirilib. Çıxışlar zamanı 105 il əvvəl erməni silahlı dəstələrinin xalqımıza qarşı törətdiyi soyqırımı haqqında məlumat verilib, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu faciələrin anılmasının əhəmiyyəti vurğulanıb.
***
Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Tarixin sınağı” mövzusunda dərs keçirilib. İntiqam Əsgərli adına Masallı şəhər 3 saylı tam orta məktəbin müəllim və şagirdlərinin iştirak etdiyi dərsdə ermənilərin xalqımıza qarşı qanlı cinayətlərindən söz açılıb. Sonda şagirdlərin mövzu ilə bağlı fikirləri dinlənilib və “31 Mart soyqırımı” adlı fotosənədlərdən ibarət sərgiyə baxış olub.
***
Gəncə şəhər MKS-nin 9 saylı filialı “Tariximizin faciəli səhifəsi” adlı tədbir təşkil edib. Çıxış edənlər tarixin müxtəlif mərhələlərində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi qətliamlardan danışıblar. Qeyd olunub ki, Prezident Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla bu soyqırımı aktına siyasi-hüquqi qiymət verilib.
Nurəddin