Olaylar, faktlar (5-7 aprel)...

 

209 il əvvəl...

 

6 aprel 1814-cü ildə Rusiya, Prussiya, Avstriya və Britaniya müttəfiq qoşunlarının Parisə daxil olması ilə Napoleon Bonapart taxt-tacdan əl çəkib. Müttəfiqlər Napoleonun imperator titulunu (formal olaraq) saxlamaqla, habelə illik maddi təminat və mühafizə ayırmaqla onu Elba adasına (Aralıq dənizində) sürgün etdilər.

 

127 il əvvəl...

 

6 aprel 1896-cı ildə Yunanıstanın paytaxtı Afinada ilk Yay Olimpiya Oyunları başlanıb. Baron Pyer de Kubertenin təşəbbüsü ilə başlanan Olimpiya hərəkatı müasir dünyanın ən əlamətdar hadisələrindən biridir.

 

103 il əvvəl...

 

7 aprel 1920-ci ildə Türkiyə Cümhuriyyətinin rəsmi informasiya-yayım qurumu – Anadolu Agentliyi yaradılıb. Cümhuriyyətin özündən üç yaş böyük olan agentlik Qurtuluş savaşı haqqında xəbərləri yaymaq məqsədilə Mustafa Kamal Atatürkün təlimatı əsasında Ankarada  yazıçı Halide Edip Adıvar və jurnalist Yunus Nadi tərəfindən qurulmuşdu. Hazırda 13 dildə xəbərlər yayan Anadolu Agentliyinin 100-dək ölkədə təmsilçiliyi var.

7 aprel 1920-ci ildə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Təbrizdə üsyan başlanıb. Bu, 1905-1911-ci illər inqilabından sonra İranda yaşayan azərbaycanlıların ikinci milli azadlıq hərəkatı idi. Təbrizdə kütləvi çıxışlar 1919-cu ilin avqustunda Britaniya-İran sazişinə etiraz idi. Həmin sazişə əsasən, Cənubi Azərbaycandakı ingilis hərbi qüvvələrinə geniş hökmranlıq verilmişdi. Üsyanın nəticəsi olaraq həmin ilin iyununda Təbrizdə milli hökumət quruldu. Lakin onun ömrü az oldu və sentyabrda Xiyabaninin qətlə yetirilməsi ilə süqut etdi.

 

78 il əvvəl...

 

5 aprel 1945-ci ildə Yalta konfransının (SSRİ, Böyük Britaniya, ABŞ) öhdəliyinə əsasən, SSRİ Yaponiya ilə neytrallıq haqqında müqaviləni (1941-ci il aprelin 13-də imzalanmışdı) qüvvədən salaraq ona müharibə elan edib. Alman faşizminin süqut etdiyi bir vaxtda Uzaq Şərqdə təhdid doğuran Yaponiyanın öhdəsindən gəlmək SSRİ-nin üzərinə qoyulmuşdu.

 

77 il əvvəl...

 

7 aprel 1946-cı ildə Dünya Səhiyyə Təşkilatı fəaliyyətə başlayıb. BMT-nin üzvü olan 26 dövlət təşkilatın nizamnaməsini ratifikasiya edib və sənəd qüvvəyə minib. 7 aprel Dünya Səhiyyə Günü kimi qeyd olunur.

 

12 il əvvəl...

 

7-9 aprel 2011-ci ildə Bakıda ilk dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən “Bakı Prosesi” çərçivəsində təşkil edilən tədbirə BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Avropa Şurası, İCESCO və digər təşkilatlar dəstək verib. Forumda 100-dək ölkə təmsil olunub. Prezidentin 27 may 2011-ci il tarixli fərmanı ilə iki ildən bir keçirilən Forumun təşkilinin əlaqələndirici orqanı Mədəniyyət Nazirliyi müəyyən edilib.

Hazırladı: V.Orxan