6 ayda Azərbaycana 1 milyondan çox qonaq gəlib
   
   Ölkəmizdə turizm sektoru yüksək templə inkişaf etməkdədir. Bu həm geniş turizm infrastrukturunun formalaşması, həm də sahənin inkişafını əks etdirən göstəricilərlə xarakterizə olunur.
   
   Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2012-ci ilin I yarımili ərzində Azərbaycana gələn əcnəbi vətəndaşların sayı ilə bağlı müqayisəli təhlillər aparılıb. Əldə edilən nəticələrə görə, bu ilin yanvar-iyun ayları ərzində ölkəmizə gələn əcnəbi vətəndaşların sayı ötən ilin müvafiq dövrünə nisbətən 72.264 nəfər və ya 7,1 faiz çoxdur. Ötən ilin I yarımili ərzində Azərbaycana 1.016.559, bu ilin ilk yarısında isə 1.088.823 nəfər gəlib.
   2011-ci ilin müvafiq dövrünə nisbətən 2012-ci ilin 6 ayında ən çox artım Gürcüstandan (55.462 nəfər və ya 21,9 faiz), Rusiyadan (33.671 nəfər və ya 9,8 faiz), Türkiyədən (17.864 nəfər və ya 15,6 faiz), Almaniyadan (3.570 nəfər və ya 67,7 faiz, Özbəkistandan (2.690 nəfər və ya 41,1 faiz, Böyük Britaniyadan (2.196 nəfər və ya 18,9 faiz) və Ukraynadan (1.858 nəfər və ya 10,8 faiz) gələn qonaqların sayında müşahidə olunub.
   MDB ölkələri və Gürcüstan üzrə ümumi artım 89.972 nəfər və ya 13,9 faiz, Avropa ölkələri üzrə 30.808 nəfər və ya 20,6 faiz, Asiya ölkələri üzrə 986 nəfər və ya 11 faiz, Afrika ölkələri üzrə artım 229 nəfər və ya 25,3 faiz, Amerika və Avstraliya üzrə isə artım 1.102 nəfər və ya 14 faiz təşkil edib.
   Eyni zamanda əcnəbi vətəndaşların Azərbaycana gəlmə göstəricisinə görə, Ərəb körfəzi və Yaxın Şərq ölkələri üzrə 51.112 nəfər və ya 34 faiz azalma müşahidə olunub. Bunun əsas səbəbi Yaxın Şərqdə müşahidə olunan qeyri-sabit vəziyyətdir.
   Həmçinin 2011-ci ilin müvafiq dövrü (1.685.564 nəfər) ilə müqayisədə 2012-ci ilin ilk yarısında (1.776.439 nəfər) xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayında 90.875 nəfər və ya 5,4% artım müşahidə olunub.

   Fəxriyyə Abdullayeva