Bu il yanvar-iyun ayları ərzində Azərbaycanda 5 hüquqi və fiziki şəxsə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə verilmiş xüsusi razılıq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ləğv edilib.
   
   Nazirliyin Turizm şöbəsindən verilən xəbərə görə, həmin müddətdə turizm fəaliyyəti ilə bağlı 22 hüquqi və fiziki şəxsə verilmiş lisenziyalar ləğv edilib. Onlardan 4-nün fəaliyyəti sonradan bərpa edilib. Bu ilin yanvar-iyun ayları ərzində 27 hüquqi və fiziki şəxsin təqdim edilmiş sənədlərinə baxılıb və onlara turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilib. Hazırda ölkə ərazisində 194 turizm şirkəti fəaliyyət göstərir.
   Həmin müddət ərzində 24 hüquqi və fiziki şəxsə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. Hazırda Azərbaycanda 335 hüquqi və fiziki şəxs Mədəniyyət və Turizm Nazirliyindən mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) alaraq fəaliyyət göstərir.

  Fəxriyyə Abdullayeva