Aprelin 5-də Azərbaycan Hərb Tarixi Muzeyində “Aprel döyüşləri – Zəfərə gedən yolun başlanğıcı” adlı musiqili gecə təşkil edilib.

Muzey rəisi polkovnik Əzizağa Qənizadə, tədqiqatçı-baş elmi işçi Vahid İsmayılov və digər  çıxış edənlər 2016-cı ilin Aprel döyüşlərinin hərb tariximizdəki yerindən söz açıblar.

Qeyd olunub ki, dördgünlük döyüşlərdə (2-5 aprel) Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, həmçinin Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunaraq, erməni işğalçılarının keçilməz səngərləri haqqında uydurulan mif alt-üst edildi. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini göstərdi, Azərbaycan vətəndaşının hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi.

Bədii hissədə Həzi Aslanov adına Ordu İdeoloji iş və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında hərbi-vətənpərvərlik mahnıları səsləndirilib. Sonra Aprel döyüşlərinə həsr edilmiş sənədli film nümayiş olunub.