Olaylar, faktlar (8-11 aprel)
388 il əvvəl...
11 aprel 1635-ci ildə növbəti Səfəvi-Osmanlı müharibəsi (1623-1639) gedişində türk qoşunları İrəvan qalasını geri alıblar. Qala 1604-cü ildə Səfəvi-Osmanlı müharibəsi (1603-1612) zamanı I şah Abbas tərəfindən tutulmuş və İrəvanın idarəçiliyi Əmirgün xan Qacara verilmişdi. Sonrakı iki əsrdə İrəvan bölgəsi (xanlığı) daha bir neçə dəfə Səfəvilərlə Osmanlılar arasında əldən-ələ keçdi. 1827-ci ildə İrəvan xanlığı çar Rusiyası tərəfindən işğal edildi.
103 il əvvəl...
11 aprel 1920-ci ildə İstanbuldakı işğalçı qüvvələrin təzyiqi ilə Osmanlı dövlətinin parlamenti – Meclis-i Mebusan fəaliyyətini dayandırıb. 1918-ci ilin 30 oktyabrında Osmanlının I Dünya müharibəsinin qalib tərəfi olan Antanta (Britaniya, Fransa, ABŞ) ilə imzaladığı Mudros sülh sazişinə əsasən, paytaxt İstanbul müttəfiq güclərin nəzarətinə keçmişdi. İki palatadan ibarət Meclis-i Mebusan 23 dekabr 1876-cı il tarixli Anayasa (Kânûn-ı Esâsî) əsasında 1877-ci ildə fəaliyyətə başlamışdı. Məclisə son seçkilər 1919-cu ildə keçirilmişdi.
83 il əvvəl...
9 aprel 1940-cı ildə Almaniya Norveç və Danimarkaya hücum edib. Danimarkanın işğalı bir neçə saat çəkdi. Norveçlə müharibə isə iyunun 8-dək davam etdi. Avropanın şimalında strateji region olan Norveçin işğalından sonra Hitler həm Britaniya, həm də SSRİ-yə hücum üçün əlverişli imkan qazandı.
78 il əvvəl...
11 aprel 1945-ci ildə faşistlərin Buxenvald konslagerində məhbusların qiyamı başlayıb. Hitlerin sonuncu ölüm düşərgəsi ləğv olunub. 1937-ci ildə təşkil olunan Buxenvald konslagerinə səkkiz ildə 240 minə yaxın məhbus salınmış, onlardan 10 mini (o cümlədən 8,5 mini sovet hərbi əsiri) məhv edilmişdi.
34 il əvvəl...
9 aprel 1989-cu ildə Gürcüstanın paytaxtı Tbilisidə əhalinin antisovet şüarlı kütləvi aksiyası hərbi qüvvələr tərəfindən yatırılıb. Hərbçilərlə toqquşmada 16 nümayişçi həlak olmuşdu. Tbilisi hadisələri 1986-cı ilin dekabrında Almatı şəhərində baş vermiş olaylardan sonra zorla yatırılan ikinci antisovet çıxışı idi. Onun ardınca Bakı, Vilnüs, Riqa hadisələri baş verdi.
31 il əvvəl...
8 aprel 1992-ci ildə Ermənistan silahlı dəstələri Azərbaycanın Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərək kütləvi qırğın törədiblər. 130 evdən ibarət kənd yandırılıb, kəndin 39 sakini (o cümlədən 8 qoca, 2 uşaq, 9 qadın) qətlə yetirilib.
26 il əvvəl...
10 aprel 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında məşvərətçi orqan – Təhlükəsizlik Şurası yaradılıb.
23 il əvvəl...
9 aprel 2000-ci ildə Bakıda böyük türk eposu “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyi türkdilli ölkələrin dövlət başçılarının, UNESCO-nun baş direktoru K.Matsuuranın iştirakı ilə qeyd olunub. Yubiley münasibətilə Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) təntənəli mərasim, “Gülüstan” sarayında rəsmi qəbul keçirilib.
Hazırladı: V.Orxan