Zəngin turizm potensialına malik olan Naxçıvan Muxtar Respublikasında kənd turizminin inkişafı üçün də geniş imkanlar var. Şahbuz rayonunun ucqar dağ kəndi olan Ağbulaq da geniş turizm potensialına malik olan yaşayış məntəqələrindən biridir. Kəndin təmiz havası, saf suyu, əlverişli iqlim şəraiti burada turizmin inkişafı üçün böyük imkanlar açıb. Məhz bu cür təbii gözəlliklər nəzərə alınaraq ötən ildən etibarən kənddə turizm və istirahət kompleksinin yaradılmasına başlanılıb.
   Avqustun 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov turizm və istirahət kompleksinin tikintisinin gedişi ilə tanış olub.
   Məlumat verilib ki, kompleksin ərazisində iki yaşayış və texniki-məişət binası, yeməkxana tikilib. Burada yaradılacaq hotel tipli ayrı-ayrı otaqlarda qonaqlara yüksək xidmət göstəriləcək.
   Binaların həyətində idman meydançası tikiləcək, açıq istirahət köşkləri və uşaq-əyləncə meydançaları yaradılacaq, yaşıllıqlar salınacaq, müasir işıqlandırma sistemləri quraşdırılacaq. Kompleks ilin bütün fəsillərində müasir ailəvi istirahət mərkəzi kimi fəaliyyət göstərəcək.   

   Fəxriyyə Abdullayeva