2012-ci ilin birinci yarımilində Azərbaycanın turizm imkanlarının xarici ölkələrdə təbliğ edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İtaliyanın «Classis Association», «Italian Multimedia Group Sri» şirkətləri, Cənubi Koreyanın «Educational Broadcasting System» dövlət televiziya kanalı, Rusiyanın «Kommersant FM» radiosu, habelə «Yapon turistlərin cəlb olunmasına dair GUAM-ın vahid turizm məhsulu» layihəsi çərçivəsində Yaponiyanın kütləvi informasiya vasitələri nümayəndələrinin ölkəmizə press-turları təşkil edilib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən aldığımız məlumatda bildirilir.
   Bundan başqa, ölkəyə giriş məntəqələrində - Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, Bakı Beynəlxalq Avtovağzal Kompleksində, Bakı Dəmir Yolu Vağzalı və Dəniz Limanında turizm informasiya mərkəzləri yaradılıb.
   * * *
   Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi Turizm və Mədəniyyət İdarəsinin «Asfaar» jurnalında Azərbaycana səyahət etmək istəyən turistlər üçün ölkəmiz haqqında ümumi məlumatı əks etdirən məqalə dərc edilib.
   Məqalədə Bakının gözəl turizm məkanı olduğu vurğulanıb, burada qədim binalarla yanaşı, ən müasir memarlıq üslubunda inşa edilmiş binalar, beşulduzlu hotellər, qüllələrlə yanaşı, geniş küçələrin, metro, cazibədar, geniş və yaşıl parkların olduğu qeyd edilib. Jurnalda həmçinin Azərbaycanın gözəl gəzməli və tarixi yerləri - Bakının rəmzi sayılan Qız qalası haqqında da məlumat verilib, Azərbaycanın xalçaçılıq üzrə Şərqin ən məşhur mərkəzlərindən biri olduğu vurğulanır. Məqalədə Azərbaycanın zəngin mətbəxi haqqında da məlumat verilir.

   Fəxriyyə Abdullayeva