Ötən ay (14-15 mart) Azərbaycan Dillər Universitetində Koreyaşünaslıq üzrə 3-cü beynəlxalq konfrans keçirildi. Türkiyənin Erciyes Universitetinin (Kayseri şəhəri) professoru Göksel Türközü təmsil etdiyi ali təhsil ocağında

Koreya Araşdırmaları Mərkəzinin heyəti ilə konfransa qatılmışdı.

Konfransdan sonra professordan qəzetimiz üçün qısa müsahibə aldıq.


– Göksel bəy, təmsil etdiyiniz mərkəz və konfrans haqında məlumat verərdiniz.

– İcazə verin, əvvəlcə fevral ayında ölkəmizdə baş verən dağıdıcı zəlzələlərin fəsadlarının aradan qaldırılması ilə bağlı hər cür dəstək göstərən qardaş ölkəmiz Azərbaycana dərin təşəkkürümü bildirim. Bütün azərbaycanlı qardaşlarımı sevgi ilə qucaqlayıram.

Koreya Araşdırmaları Mərkəzinin Azərbaycan Dillər Universiteti ilə birgə təşkil etdiyi beynəlxalq konfransı hazırda reallaşdırdığımız Erciyes Universitetində “Xaricdə Koreyaşünaslıq” əsas universitet layihəsi çərçivəsində keçiririk. Erciyes Universiteti Avrasiya Koreya Araşdırmaları Tətbiq və Araşdırma Mərkəzi 15 aprel 2020-ci ildə yaradılıb. Bu günə kimi 2 beynəlxalq konfrans, 4 aspirant kollokviumu, 6 xüsusi seminar, mədəniyyət günü tədbirləri, festival, kompozisiya və illüstrasiyalı şeir müsabiqələri keçirilib. Bundan əlavə, bu layihə çərçivəsində həm Türkiyə, həm də digər türk respublikalarından olan magistr və doktorantlara təhsil təqaüdü verilir. Bu fəaliyyətlərlə yanaşı, türk respublikalarında koreya dili üzrə təhsil alan tələbələri üçün bu dilin qrammatikası, Koreya ədəbiyyatı, tarixi ilə bağlı internet üzərindən kurslar təşkil olunub, adıçəkilən məsələlərlə bağlı kitablar nəşr edilib. Mərkəzimiz tərəfindən bu kitablar Koreya dili təhsili verən universitetlərə göndərilir.

14-15 mart tarixlərində gerçəkləşən konfransda Azərbaycan, Türkiyə, Koreya, türk respublikalarından ümumilikdə 60 tədqiqatçı iştirak edib. Koreya və ingilis dillərində müxtəlif sahələrdə Koreyaşünaslıq üzrə 40-dan çox təqdimat edildi. Konfransın açılışında Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Koreyanın Azərbaycandakı səfiri Li Eun Yonq çıxış etdilər. Konfransda Azərbaycan, Türkiyə, Koreya, Rusiya, Özbəkistan, Qazaxıstan və Qırğızıstan olmaqla 7 ölkədən 13 iştirakçının məruzələri dinlənildi.


– Yəqin ki, bu, Azərbaycana ilk səfərinizdir?

– Xeyr, Bakıya ilk dəfə 2014-cü ildə gəlmişəm. Həmin vaxt Bakı Dövlət Universitetində, Azərbaycan Dillər Universitetində və Xəzər Universitetində Koreya dilini öyrənən azərbaycanlı tələbələr üçün seminar aparmışam.


– Çalışdığınız universitetlə Azərbaycan Dillər Universiteti arasında əlaqələr haqqında nə deyərdiniz?
– Erciyes Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıqla bağlı protokol mövcuddur. Əlaqələrimizin hazırkı səviyyəsi yaxşıdır. Bununla belə, münasibətlərin daha da inkişaf etdirilməsinə ehtiyac var.


– Konfransın əsas məqsədi nədir?
– Konfransın məqsədi Türkiyə və türk respublikalarında Koreya dili üzrə çalışan alim və mütəxəssisləri bir araya gətirmək, məlumat mübadiləsini təmin etmək və Mərkəzi Asiyada Koreya dili üzrə araşdırmaları inkişaf etdirməkdir.


– Bəs bu gün Koreya dili dünyada hansı mövqedədir?
– Bu gün dünyada “Koreya cərəyanı” deyilən bir anlayış var. Koreya musiqisi, dramları və filmləri diqqəti cəlb edir. Buna “Hallyu” deyirlər – “İngilis-Koreya dalğası”. Bu tendensiya sayəsində Koreya dilini öyrənmək istəyən gənclərin sayı günü-gündən artır. Türkiyədə də bu sahəyə maraq çox yüksəkdir. “Xaricdə Koreyaşünaslıq” layihəsi ilə biz həm Türkiyədə, həm də türk respublikalarında Koreya ilə bağlı araşdırmaları genişləndirməyə çalışırıq. Eyni zamanda Erciyes Universitetində Koreya dilində magistr təhsili alan azərbaycanlı tələbələrə təqaüd də təklif edirik.


– Müsahibəyə görə təşəkkür edirəm.

Lalə Azəri