Mütəxəssis Avropa ölkələrinin təcrübəsindən yararlanmağı məsləhət görür
   
   Kənd turizmi Avropanın bütün ölkələrində mövcuddur. Lakin turizmin bu növünün inkişaf səviyyəsi hər ölkədə müxtəlifdir. Məsələn, Şərqi Avropa ölkələrində kənd turizmi nisbətən az inkişaf edib.

   
   Kənd turizmi üzrə araşdırmaların müəllifi, Azərbaycan Turizm İnstitutunun müəllimi Qəhrəman Yusupovun sözlərinə görə, turizmin bu növü Mərkəzi və Qərbi Avropada daha geniş yayılıb. Mütəxəssis qeyd edir ki, turizmdə bu istiqamət ötən əsrin 60-cı illərindən sonra intensiv inkişaf etməyə başlayıb. İlk olaraq, turizm firmaları yeni turizm xidməti kimi kənd evlərində və ya kənd ərazisində kiçik hotellərdə istirahət təklif etməyə başlayıblar. Hazırda isə il ərzində Avropada kənd evlərində və kiçik kənd hotellərində 40 milyonadək adam istirahət edir.
   Azərbaycanda da kənd turizminin perspektivləri genişdir. Q.Yusupovun fikrincə, şəhər əhalisinin, eləcə də ölkəmizə gələn əcnəbi qonaqların kənd yerlərində istirahətə marağı böyükdür. Lakin onlar sakit kənd həyatının dadını çıxarmaqla yanaşı, müvafiq səviyyədə xidmətin olmasını da istəyirlər: «Bizim kənd evlərində isə əksər hallarda bu cür şərait olmur. Doğrudur, turistlərin istəyinə uyğun şəraitin yaradılması, onlara müvafiq xidmətin göstərilməsi müəyyən maddi xərc tələb edir. Lakin bu xərclər artıqlaması ilə ev sahibinə qayıda bilər. Kənd evinin sahibi turistlərə rahatlığı olan ev təqdim etməklə bərabər, onlara bələdçilik, tərcüməçilik, nəqliyyat xidməti göstərə, ev heyvanları və quşları bəsləmək üçün qısamüddətli imkan yaratmaqla əlavə xidmət haqqı əldə edə bilər».
   Mütəxəssis bildirir ki, kənd turizminin inkişafında istənilən nəticəni əldə etmək üçün kənd əhalisinin bu yöndə maarifləndirilməsi vacibdir. Bu işdə Avropa ölkələrinin təcrübəsindən yararlanmaq olar: “Avropada bu mövzuda geniş təcrübə mübadiləsi aparılır, konfranslar, seminarlar keçirilir. Avropa Ferma və Kənd Turizmi Federasiyası tərəfindən kənd evlərində turistlərə xidmət göstərilməsi yolları tövsiyə olunur».
   Həmsöhbətimizin dediyinə görə, ötən il Almaniya Xalq Universitetləri Birliyi tərəfindən maliyyələşdirilən layihələr çərçivəsində ölkəmizin cənub regionunun əhalisi arasında kənd turizmi mövzusunda təlimlər keçirilib. Təlimlərdə Masallı, Lənkəran, Yardımlı, Lerik, Astara rayonlarından sakinlər iştirak ediblər. Onlara turistlərin qarşılanması, istirahət ehtiyaclarının təmin edilməsi, göstərilən xidmətin səviyyəsi və digər mövzularda məlumatlar verilib.
   Q.Yusupov onu da bildirdi ki, ötən illərlə müqayisədə kənd turizmi sahəsində xidmətin səviyyəsində yüksəlmə müşahidə olunur: «Bir ay əvvəl Nabran ərazisində kənd evlərinin birində qalırdım. Burada çox gözəl şərait var idi. Maraq üçün qonşu evlərə də nəzər yetirdim. Az və ya çox dərəcədə irəliləyiş vardı. Təbii ki, problemlər də var. Məsələn, turistlərin müxtəlif yerlərə ekskursiyalarının təşkili, lazım olan inventarın kirayə götürülməsi, yerli əhalinin, xüsusilə gənclərin xarici dilləri bilməsi. Güman edirəm ki, zamanla bunlar da həllini tapacaq”.
   Mütəxəssis kənd turizminin inkişafı üçün regionlarda mütəmadi maarifləndirmə tədbirlərinin keçirilməsini məsləhət görür: “Kənd turizmi yalnız biznes növü deyil, eyni zamanda ictimai diplomatiya vasitəsidir. Müasir insanlar hotellərdə qapalı şəkildə qalmaq istəmirlər, onlar yerli sakinlərlə münasibət qurmaq, yerli məişətlə və adət-ənənələrlə tanış olmaq istəyirlər. Bu səbəbdən ev sahibləri xarici turistlər üçün ölkənin xoş simasını təbliğ etməli, digər regionlardan gələnlərlə isə sıx daxili əlaqələr yaratmalıdırlar”.
   

Fəxriyyə Abdullayeva